Xocalı soyqırımı bütöv bir xalqın faciəsidir
25-02-2026, 20:07. Разместил: heqiqet
Hücum zamanı Xocalı şəhərini tərk etməyə məcbur olan əhali pusquya salındı. Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında dinc insanlar atəşə tutuldu, qətlə yetirildi və ya əsir götürüldü. Şəhərdə qalan 2500-ə yaxın sakin – əsasən qadınlar, uşaqlar və qocalar – meşələr və dağlar vasitəsilə təhlükəsiz əraziyə çatmağa çalışsa da, onların bir qismi təqib edilərək öldürüldü, bir qismi isə donvurma nəticəsində həyatını itirdi.
Rəsmi məlumatlara görə, soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 487 nəfər ağır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Şəhər tamamilə dağıdılmış, sosial obyektlər, məktəblər, mədəniyyət ocaqları, tarixi abidələr yerlə-yeksan edilmişdir.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri – Xocalı soyqırımı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədildi. Bu hadisə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət kimi tarixə düşdü.
Xarici mətbuat orqanlarının və jurnalistlərin hadisə yerindən verdiyi məlumatlar da törədilən vəhşiliklərin miqyasını təsdiqləyirdi. Paris, London və Moskva mətbuatında dərc olunan yazılarda qadın və uşaqlara qarşı xüsusi qəddarlıq faktları qeyd olunurdu. Bu faktlar Xocalıda baş verənlərin təkzibolunmaz həqiqət olduğunu bir daha sübut edir.
“Soyqırımı” anlayışı BMT-nin 1948-ci il tarixli Konvensiyasında milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən cinayət kimi müəyyən edilmişdir. Aparılan istintaq nəticəsində Xocalıda törədilən əməllərin bu cinayətin bütün elementlərini daşıdığı müəyyən olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. 1997-ci ildən etibarən isə hər il fevralın 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Bu günə qədər 18 ölkənin parlamenti və ABŞ-ın 24 ştatı Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı da Xocalıda törədilən cinayətləri soyqırımı kimi tanımışdır. Xarici ölkələrdə Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə sərgilər, konfranslar, maarifləndirici tədbirlər keçirilir, informasiya portalı vasitəsilə faktlar yayılır. Məqsəd Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması, cinayətkarların məsuliyyətə cəlb olunması və qurbanların xatirəsinin əbədiləşdirilməsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.” 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində Xocalı şəhəri separatçılardan tam təmizləndi və 15 oktyabr 2023-cü ildə şəhərdə Azərbaycan Bayrağı ucaldıldı.
Hazırda Xocalı şəhəri və kəndlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2026-cı ilin yanvar ayına qədər 881 ailə – 3602 nəfər doğma yurduna köçürülmüşdür. İnfrastruktur layihələri həyata keçirilir, yaşayış binaları, istehsal müəssisələri, sosial obyektlər istifadəyə verilir.
2024-cü ildə Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyulmuş, 2025-ci ildə onun yaradılması haqqında sərəncam imzalanmışdır. Bu kompleks Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.
Xocalı – həm böyük bir ağrının, həm də milli iradənin, ədalətə inamın simvoludur. Şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq, tarixi həqiqətlər isə dünya ictimaiyyətinə çatdırılmağa davam edəcək.
Hər il minlərlə insan Bakıda “Ana harayı” abidəsi önündə toplaşaraq Xocalı şəhidlərinin xatirəsini yad edir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur. Bu, təkcə bir şəhərin deyil, bütöv bir xalqın faciəsidir.

Ellada Həziyeva,
Bakl şəhər Səbail rayon Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki - Humanitar liseyin müəllimi
Вернуться назад