DataLife Engine > iqtisadiyyat > “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə

“Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə


Dünən, 13:40. Разместил: heqiqet Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və beynəlxalq səviyyədə təqdim olunması məqsədilə həyata keçirilən “Yaddaşın kodları – Qarabağdan Göyçəyə” layihəsi innovativ yanaşması ilə diqqət çəkir. Layihə çərçivəsində Qarabağ və Qərbi Azərbaycanda yerləşən, zamanla dağıdılmış və ya zədələnmiş maddi və qeyri-maddi mədəni irs nümunələri müasir texnologiyalar vasitəsilə yenidən canlandırılır.
Süni intellekt və rəqəmsal vizuallaşdırma imkanlarından istifadə olunmaqla hazırlanan bu layihə istifadəçilərə yalnız məlumat əldə etmək deyil, eyni zamanda tarixi abidələri vizual şəkildə görmək və interaktiv formada öyrənmək imkanı yaradır. Bu yanaşma mədəni irsin təqdimatında yeni bir mərhələ kimi qiymətləndirilir.
Layihə çərçivəsində hazırlanmış rəqəmsal kitab və “Memory Codes” mobil tətbiqi vasitəsilə istifadəçilər tarixi faktlarla daha yaxından tanış ola, onları müasir texnoloji mühitdə kəşf edə bilirlər. Bu isə mədəni irsin qorunması ilə yanaşı, onun daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

“Müasir Qadın və Cəmiyyət” İctimai Birliyinin sədri, İnnovasiya Mərkəzinin direktoru Fidan Kazımova layihə ilə bağlı bildirib ki, “Yaddaşın kodları – Qarabağdan Göyçəyə” layihəsi Azərbaycanın tarixi yaddaşının qorunması ilə yanaşı, onun beynəlxalq səviyyədə tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müasir rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə təqdim olunan məlumatlar xarici auditoriyanın Azərbaycan mədəni irsi haqqında daha dolğun və əsaslı formada məlumat əldə etməsinə imkan yaradır. Hazırlanmış kitablara oxuyucu telefon kamerasını yaxınlaşdıraraq artıq abidələrin köhnə şəkillərini deyil birbaşa vizual olaraq maket formasında görə biləcəklər.
Fidan Kazımova qeyd edib ki, layihənin əsas məqsədlərindən biri Qarabağ və Qərbi Azərbaycana aid mədəni irs nümunələrinin beynəlxalq rəqəmsal platformalarda təqdim olunması, dünya ictimaiyyətinin diqqətinə çatdırılması və gələcək nəsillər üçün etibarlı rəqəmsal yaddaş bazasının formalaşdırılmasıdır. O bildirib ki, layihənin nəticəsində mədəni irs nümunələri rəqəmsal formatda sistemləşdirilir, gənclərin tarixə marağı artırılır və Azərbaycanın mədəni dəyərləri beynəlxalq informasiya məkanında güclənir.
Onun sözlərinə görə, layihə gələcəkdə beynəlxalq təşkilatlar, xarici tədqiqatçılar və mədəniyyət platformaları ilə əməkdaşlıq imkanlarının genişlənməsinə də töhfə verəcək. “Bu təşəbbüs təkcə mədəni irsin qorunması deyil, həm də Azərbaycanın tarixi həqiqətlərinin innovativ üsullarla dünyaya çatdırılması baxımından strateji əhəmiyyət daşıyır”, – deyə Fidan Kazımova vurğulayıb.
“Yaddaşın kodları – Qarabağdan Göyçəyə” layihəsi milli yaddaşın qorunması, mədəni irsin sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, layihə Azərbaycan tarixinin və mədəni dəyərlərinin beynəlxalq ictimaiyyətə təqdim olunmasına yönəlmiş mühüm təşəbbüslərdən biri kimi çıxış edir.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Müasir Qadın və Cəmiyyət” İctimai Birliyi tərəfindən həyata keçirilir.






Вернуться назад