DataLife Engine > medeniyyet > Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür

Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür


Dünən, 11:52. Разместил: heqiqet Bu gün görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi, Xalq artisti Mehdi Məmmədovun anadan olmasından 108 il ötür.

Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müstəsna xidmətləri olan Mehdi Məmmədov milli teatrın tarixində intellektual mədəni elitanın ən parlaq nümayəndələrindən biri idi.

Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilib.

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz “Dəli yığıncağı”dır.

Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksəkintellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədov dönə-dönə qeyd edib ki, bədii əsərlə daxili aləmi arasında tam yaxınlıq duymayana qədər məşqlərə başlamırmış. Cidd-cəhdlə diqqət ayırdığı daha bir cəhət isə gələcək tamaşanın forması idi. Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) etika və estetikadan dərs deyib.

Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədov bu barədə deyib: “İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur. Ancaq mən heç vaxt qarşıma filosof kimi görünmək məqsədi qoymamışam. Fəlsəfəyə meyil özümdən asılı deyil”.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.
Вернуться назад