Azərbaycan və İtaliya arasında parlamentlərarası əməkdaşlıq müzakirə olunub
Dünən, 17:07. Разместил: heqiqet
Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən vitse-spiker Ziyafət Əsgərov Azərbaycan ilə İtaliya arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoqun parlamentlərarası münasibətlərin inkişafı üçün də əlverişli zəmin yaratdığını vurğulayıb. O, bildirib ki, iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafında dövlət və hökumət başçıları səviyyəsində səfərlər, eləcə də yüksək səviyyəli siyasi təmaslar mühüm rol oynayır.
Görüşdə Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşlarından birinin İtaliya olduğu qeyd edilib, enerji, iqtisadiyyat və investisiya sahələrində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişaf perspektivləri, eləcə də Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən mədəni-humanitar layihələr barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı viste-spiker Milli Məclisin qanunvericilik fəaliyyəti, beynəlxalq parlament təşkilatlarında təmsilçiliyi və parlament diplomatiyasının prioritet istiqamətləri haqqında da ətraflı məlumat verib.
Öz növbəsində, İtaliya Deputatlar Palatasının Konstitusiya, şura sədrliyi və daxili işlər məsələləri komitəsinin sədri Nazario Paqano Azərbaycana səfərdən məmnunluğunu ifadə edərək, parlamentlərarası əməkdaşlığın dövlətlər arasında siyasi dialoqun və qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
O, vurğulayıb ki, Azərbaycan ilə İtaliya arasında ticarət-iqtisadi əlaqələr dinamik inkişaf edir. İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, neft-qaz və enerji sektorlarında həyata keçirilən birgə layihələr ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biridir və gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.
Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, İtaliyanın Azərbaycandakı səfiri Luka Di Confrançesko çıxış edərək əməkdaşlığımızın inkişafı barədə fikirlərini bölüşüblər. Söhbət zamanı humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyi bildirilib.
Eyni zamanda, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Вернуться назад