» » Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub


Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub

15-12-2017, 16:47
Çap et
Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb.
Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb. Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr olub, neft-qaz ilə yanaşı gələcəkdə bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
P.Şahbazov ölkə iqtisadiyyatında neft-qaz sektorunun uzun illər aparıcı mövqeyə malik olduğunu qeyd edərək bildirib ki, hazırda iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını təmin edən islahatlar həyata keçirilir. Böyük Britaniyadan yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə daim töhfələrlə müşayiət olduğunu vurğulayan energetika naziri müstəqilliyin ilk illərindən Böyük Britaniyanın Azərbaycanın enerji sahəsində tərəfdaşı kimi fəaliyyətini, əsas investor kimi çıxış etməsini, BP şirkətinin nümunəsində yaradılmış uğurlu əməkdaşlıq modelini yüksək qiymətləndirib. O, "Şahdəniz-2” layihəsinin icrası və "Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılması ilə hər iki ölkənin uzunmüddətli perspektivdə maraqlarına təminat yarandığını bildirib.
Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed isə təmsil etdiyi hökumətin BP-nin iştirakı ilə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrə, eləcə də "Cənub Qaz Dəhlizi”nin başa çatdırılmasına dəstəyini ifadə edib. Davamlı enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Azərbaycanın gördüyü işlər və planlarla maraqlanıb.
Görüşdə Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığına dair digər mühüm məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Reytinq: