Heqiqet.Az » medeniyyet » IV Bakı beynəlxalq kitab sərgi-yarmarkasının əhatə dairəsi genişlənir


IV Bakı beynəlxalq kitab sərgi-yarmarkasının əhatə dairəsi genişlənir

4-09-2015, 16:07
Çap et
IV Bakı beynəlxalq kitab sərgi-yarmarkasının əhatə dairəsi genişlənir Xəbər verdiyimiz kimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək IV Bakı beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edəcək.
Ölkəmizdə kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən bölgələrimizin mədəni zənginliyini təbliğ edən 100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçiblər.
Xarici ölkə təmsilçilərinin də sərgi-yarmarkaya marağı artmaqdadır.
IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən elmi, texniki, tibbi və ən müxtəlif sahələrinədək kitabları əldə etmək mümkün olacaq.
Qeyd edək ki, 2009-cu ildən Azərbaycan paytaxtı beynəlxalq kitab sərgi-yarmarkasına ev sahibliyi edir. İki ildən bir təşkil edilən tədbir respublikamızda nəşriyyat-poliqrafiya sahəsinin inkişafına, bu sahədə beynəlxalq əlaqələrin qurulmasına xidmət etməklə yanaşı, eyni zamanda kitab sənətimizin, mədəniyyətimizin və ümumilikdə ölkəmizin təbliğinə töhfə verir.
Reytinq: