» » Vaşinqtonda Xocalı qətliamının ildönümü ilə əlaqədar vebinar keçirlib


Vaşinqtonda Xocalı qətliamının ildönümü ilə əlaqədar vebinar keçirlib

26-02-2021, 11:11
Çap et
Vaşinqtonda Xocalı qətliamının ildönümü ilə əlaqədar vebinar keçirlib ABŞ-da yaşayan Azərbaycan icmasının təşəbbüsü və təşkilatçılığı ilə Vaşinqtonda “Xocalı qətliamından xilas olanlar: ümidlər və möhkəmlik” (“Surviving the Khojaly Massacre: Hopes and Resilience”) mövzusunda vebinar keçirilib.
Verbinarda əvvəlcə tədbirin moderatoru, Meyn ştatında Azərbaycan Cəmiyyətinin təsisçisi və prezidenti Tərlan Əhmədov Xocalı faciəsinın tarixi barədə qısa məlumat verərək, panel iştirakçılarını təqdim edib. Sonra həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük müharibə dövründə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində həlak olmuş şəhidlərimizin və qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Elin Süleymanov çıxışında Xocalı qətliamının Azərbaycan tarixində kədərli səhifə olduğunu qeyd edib və faciəni xalqımızın tarixində qoyduğu izi barədə məlumat verib. Etnik mənsubiyyətin müharibə üçün əsas olmadığını və Azərbaycan xalqının sülh içində yaşamağa hazır olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında iş təcrübəsi zamanı qaçqın və məcburi köçkünlərin vəziyyətləri ilə yaxından tanış olduğunu qeyd edən səfir sülhün region üçün vacibliyini bildirib, Azərbaycan Prezidenti İlham Əliyevə istinad edərək, qonşularımızla sülh içində yaşamağın və regionun təhlükəsizliyi naminə düşmənçiliyə son qoyulmasının vacibliyini diqqətə çatdırıb.
Diplomat ABŞ-ın paytaxtının müxtəlif yerlərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə “Xocalı azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur” elektron lövhələrinin yerləşdirilməsi ilə bağlı təşəbbüsünə görə Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinə təşəkkürünü bildirib.
Sonra Texas ştatında yerləşən Cənubi Metodist Universitetinin professoru Durdanə Balakişiyeva çıxış edərək Xocalı faciəsinin törədilməsi, Xocalı şəhərinin coğrafi yerləşməsi və mühasirəyə alınması barədə ətraflı məlumat verib, bu hadisənin baş verməsində günahkar olan şəxslər barədə danışıb. Həmin dövrdə xarici və yerli jurnalistlərin əraziyə səfəri zamanı dəhşətli mənzərələrin şahidi olduqları, “Washington Post”, “New York Times”, “Le Monde”, “Human Rights Watch” tərəfindən məlumatların dərc olunduğunu qeyd edib. Həmçinin Azərbaycanın adambaşına düşən məcburi köçkünlərin sayının dünyada ən yüksək olduğu ölkələrdən biri olduğunu deyib.
Daha sonra Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş olunub.
Xocalı faciəsinin canlı şahidi olmuş Mürvət Məmmədov ailə üzvləri ilə birlikdə məruz qaldıqları hadisələrə, Xocalının işğalı və qətliamın baş verməsi anlarını ətraflı təsvir edib. Xocalının işğal olunmamışdan əvvəl dörd ay blokadada qaldığı, su və elektrik enerjisinin verilməsinin dayandırıldığı, şəhərin atəşə tutulduğu və xilas olmaq üçün keçdikləri əziyyətli və çətin yollar, vətəndaşlarımızın insanlığa xas olmayan işgəncələrə məruz qaldıqları barədə danışıb. 44 günlük müharibədə xalqımızın səngərdə göstərdiyi böyük şücaəti vurğulayan M.Məmmədov dinindən, milliyyətindən asılı olmayaraq, müharibələrin ağır nəticələr doğurduğunu qeyd edərək bütün xalqlara sülh arzulayıb.
Zəngilan rayonunda etnik təmizləməyə məruz qalmış Sərmayə Mustafayeva öz hekayəsini paylaşaraq işğal dövründə onun ailə üzvlərinin və Zəngilan sakinlərinin şahid olduqları mənzərələr barədə danışıb. O, beynəlxalq ictimaiyyəti, xüsusilə Ermənistanın barışığa və sülhə çağırıb.
Tarix üzrə professor, Holokost və İnsan Hüquqları Mərkəzinin üzvü Erika Nadelhaft çıxışında bu cür hadisələri xatırlamağın vacibliyini, hadisə şahidlərinin başlarına gələnlərdən təsirləndiyi və özünün də Holokost tarixini xatırladığını diqqətə çatdırıb. E.Nadelheft insanların birlikdə olmasını və sülhün vacibliyini vurğulayıb.
Tədbir pianoçu, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti və təsisçisi Nərgiz Əliyarovanın ifası ilə davam edib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Meyn Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Cəmiyyətləri Konqresi, Azərbaycan Mərkəzi, Azeri Dallas və Holokost və İnsan Hüquqları Mərkəzinin dəstəyi ilə keçirilib.
Reytinq: