» » 44 günlük Vətən müharibəsi ölkəmizin qarşısında yeni perspektivlər açdı


44 günlük Vətən müharibəsi ölkəmizin qarşısında yeni perspektivlər açdı

14-04-2021, 14:14
Çap et
44 günlük Vətən müharibəsi ölkəmizin qarşısında yeni perspektivlər açdı Azərbaycan yenidən dövlət müstəqilliyini 1991-ci ilin oktyabr ayında bərpa etdi. Bu, Azərbaycan tarixinin yeni bir mərhələsi idi. Lakin, o illərdə hakimiyyətdə olan insanların səriştəsizliyi, laqeydliyi, siyasi bilik və bacarıqlarının zəif olması ucbatından yenicə müstəqil olmuş dövlətimiz yeni bir hərc-məcliyin, anarxiya və xaosun içərisinə düşdü. Tarixdən də bildiyimiz kimi, dövrün siyasi prosesləri elə bir həddə gətirib çıxardı ki, müstəqlliyimizi itimək təhlükəsi ilə üzləşdik və 1993-cü ilin iyununda isə ölkədə qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə Azərbaycan Xalqı öz xilaskarına üz tutdu və dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev xalqın təkidləri ilə yenidən hakimiyyətə qayıtdı. Və Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində qısa zaman ərzində demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın tanıdılması, eyni zamanda beynəlxalq layihələrə qoşulmaqla ölkəmizin nüfuzunun artırılması sahəsində böyük uğurlar əldə olundu. Həmin dövrdə Ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində fəal xarici siyasət həyata keçirdi.
Onu da qeyd edim ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər olunmuşdur.
Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Məhz belə bir şəraitdə Ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını aldı. 15 mart 1995-ci il tarixində Ulu öndər Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdir. Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbidir.
Azərbaycanın bütövlüyünün qorunması Ulu öndər Heydər Əliyevin tarixi missiyasıdır. Azərbaycan xalqının Ümummilli ıideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
Bu gün Ali Baş Komandan İlham Əliyev Ulu öndərin davamçısı kimi öz işinin öhtəsindən uğurla gəlir. 26 il əvvəl Xalq-Dövlət – Ordu həmrəyliyi nəticəsində anarxiya, xaos və qardaş qırğının qarşısı alındı. Dövlətçiliyimizin təməlləri daha da möhkəmləndirildi. 26 il sonra isə bu həmrəylik, bu sarsılmaz birlik “Vətən Müharibəsi” zamanı gücünü bir daha sübut etdi. Azərbaycan Xalqı, Prezident, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşdi. Xalq-Dövlət-Ordu birliyinin nəticəsində Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, 1995-ci il mart hadisələrindən danışarkən, böyük, güclü, BÜTÖV AZƏRBAYCANIN tarixinə nəzər yetirmiş oluruq. Bəli bu gün Azərbaycan torpaqlarını düşmən işğalından azad etmiş, gücünü bütün dünyaya sübut etmiş və bunu 44 günlük qısa bir müddət ərzində etmişdir. Bütün bunlarla yanaşı, tariximizi unutmamalı, yaddaşımızı hər zaman oyaq saxlamalıyıq. Həmin dövrdə baş vermiş hadisələri, onların səbəb və nəticələrini yaxşı təhlil etməli və tarixdən dərs götürməliyik.
Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması, erməni vandallığının qurbanı olması, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilməsi təkcə bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu dağıntılar Birinci Qarabağ müharibəsi dövründə baş verməyib, ermənilər illər ərzində məqsədli şəkildə tarixi irsimizi silməyə çalışıblar. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı mədəni, tarixi, dini irsimizi dağıdıb, məhv etmək istəyən düşmənin vandal siyasətinin mahiyyətini dünyaya nümayiş etdirir, qətiyyətlə mövqeyini bildirir.
2016-cı ilin Aprel qələbəsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlayan “Böyük Qayıdış” proqramı artıq növbəti mərhələsini həyata keçirir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir, yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.
Ölkə başçısı dəfələrlə Qarabağa ailəsi ilə birlikdə səfər edib. Səfəri zaman Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlinin qoyulması bir daha göstərir ki, qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Təməlini Füzuli-Şuşa yolundan götürən Füzuli-Hadrut avtomobil yolu müasir standartlara uyğun 4 hərəkət zolağı, avtomobil körpüləri ilə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi tezliklə icra ediləcək. Horadizdən Zəngilana yol çəkiləcək. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını, Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə qədəm qoymasından xəbər verir.
“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.
Yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində ölkə Prezidentinin bəyan etdiyi bu sözlər artıq reallığa çevrilir. Vətən müharibəsindən, Azərbaycanın haqq savaşından dörd ay keçməsinə baxmayaraq, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızda böyük quruculuq işləri başlanılıb.
Artıq, Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü, milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlartımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır.
Şübhəsiz ki, dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar formalaşıb. Eyni zamanda, güc faktoru öz aktuallığını qoruyub saxlayır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Onları biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər”.
Beləliklə, göründüyü kimi, Prezident seçkilərindən sonra dövlət başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi müəyyən olunub və bu vəzifə uğurla icra olundu. Bundan sonra da, irəli sürülən bütün konsepsiyalar ölkəmizin inkişafını daha yüksək dinamika ilə təmin edəcək və Azərbaycan yeni dövrdə daha böyük tarixi qələbələrə öz imzasını atacaqdır.

Dr. Almaz Abdullayeva
Reytinq: