» » Lütfi Zadə - fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyət


Lütfi Zadə - fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyət

19-04-2021, 10:30
Çap et
Lütfi Zadə - fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyət Lütfəli Rəhim oğlu Ələsgərzadə - riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmaçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter elmi üzrə əməkdar professoru 1921-ci il fevralın 4-də Bakıda doğulub.
O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb. Atası Rəhim Ələsgərzadə etnik azərbaycanlıdır və Ərdəbildə doğulub, anası Fanya Korenman etnik rus-yəhudidir, Odessada doğulub və İran vətəndaşı olub. Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb.
Lütfi Zadə vətənini, xalqını çox sevirdi. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə millətinə nə qədər bağlı olduğunu nümayiş etdirmişdir.
Lütfi Zadə elm və texnologiyanın inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.
Azərbaycan Prezidenti İlham Əliyev onun haqqında deyib: “Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirmişdir. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır”.
Tarixi şəxsiyyətlərdən olan dünya şöhrətli alim Lütfi Zadə öz nəzəriyyələri ilə elm tarixində mühüm dəyişikliklərə yol açıb. Hər daim azərbaycanlı olduğunu fəxrlə bildirən alim öz nəzəriyyələri ilə elm sahələrinə yeni yanaşmalar gətirərək elmin müasir mərhələdə inkişaf etdirilməsinə töhfə verib. Dünya miqyasında yazılarına ən çox istinad edilən alimlərdən biri olan Lütfi Zadə bir çox elmi məktəblər və laboratoriyaların qurulmasına səbəb olub. Azərbaycanın və dünyanın görkəmli alimlərindən biri olan Lütfi Zadə həyatını elmin inkişafına həsr edərək dünya elminə bir neçə fundamental elmi nəzəriyyə təklif edib. Bu nəzəriyyələrin içində əsas və geniş yayılmış nəzəriyyə qeyri-səlis məntiq nəzəriyyəsi olub. Həmçinin, Lütfi Zadənin "Sistemlər nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Təəssüratlar nəzəriyyəsi" kimi elmi işləri dünya elminin inkişaf etdirilməsində əvəzedilməz rol oynayıb.
Ötən əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyət gərgin olduğuna görə onların ailəsi 1931-ci ildə İrana köçmək məcburiyyətində qalmışdı. O, burada ingilis təmayüllü məktəbdə oxumuş, sonra Tehran Universitetinin Mühəndis-elektrik fakültəsinə daxil olmuşdur. 1942-ci ildə həmin universitetdə təhsilini uğurla bitirmiş və iki il sonra ABŞ-a getmişdir. 1946-cı ildə Bostonda Massaçusets Texnologiya İnstitutunda təhsilini başa vurmuş, 1949-cu ildə Nyu Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsini almışdır.
1957-ci ildə Kaliforniya Elmi Mərkəzinin sədri Norbert Viner məktub yazaraq onu Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət edir. 1959-cu ildə Lütfi Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçür. Lütfi Zadə Berkli Universitetində Elektrik mühəndisliyi fakültəsində çalışır. 1963-cü ildən həmin fakültəyə başçılıq edir və bundan sonra fakültənin adını dəyişdirərək “Elekrtik mühəndisliyi və kompüter elmləri” adlandırır. Berkli Universiteti, “Elekrtik mühəndisliyi və kompüter elmləri” kafedrası onun bir alim kimi yetişib formalaşmasında və inkişafında böyük rol oynayır. 1965-ci ildən isə dünyanın bütün aparıcı firmalarında onun nəzəriyyələri tətbiq olunur.
Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin adı dünya elminin nəhəngləri ilə bir sırada çəkilir. Onun elmi kəşfləri, ideyaları bəşəriyyətin inkişafına, insanların rifahına, rahatlığına yönəldilmişdir. Alimin elmi nəzəriyyələrindən yüzlərlə ölkənin tanınmış şirkətləri istifadə edərək sıçrayışlı sürətlə inkişaf etmiş, böyük iqtisadi səmərəyə nail olmuşlar.
Lütfi Zadə Berkli Universitetində çalışdığı dövrlərdə onun diqqətini əsasən xətti sistemlər və avtomatlar problemi cəlb edir. Burada o, professor Çarlz Desoer ilə birlikdə xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası yanaşması probleminin araşdırılması ilə məşğul olur. Beləliklə, “xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası” adlı müştərək elmi əsəri meydana gəlir. Nəticədə Lütfi Zadə dinamik idarəetmə sistemlərinin əsasını təşkil edən yeni yanaşma metodu təklif edir. Bu metodun mərkəzində Lütfi Zadənin vəziyyətlər fəzası nəzəriyyəsi dayanır. 1964-cü ildə dünya elmində yeni olan qeyri-səlis çoxluqlar nəzəriyyəsi yaranır.
Lütfi Zadə bu nəzəriyyəsini kəşf edəndən sonra onu Riçard Bellmana göstərmək qərarına gəlir. Onun Riçard Bellmanla birlikdə bir neçə elmi işi var idi və R.Bellmanın fikri Lütfi üçün önəmli idi. R.Bellmanın Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsinə fikri belə olur: “Zənnimcə, sizin bu işiniz elmdə inqilaba bərabərdir. Tədricən o, bütün elmlərə yeni baxış formalaşdırıb çox şeyi kökündən dəyişdirəcək. Hətta insan fenomeni barəsində də təsəvvür yaranacaq”.
Bellmanın bu fikirlərinə baxmayaraq Amerika mühiti Lütfi Zadənin bu elmi konsepsiyasını qəbul etmədi. Amma zaman keçdikcə həmin fikirlərin həqiqət olduğu təsdiqləndi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin bəhrəsi olan beşinci və altıncı nəsil kompüterlərin meydana çıxması spektiv söz-söhbətlərə son qoydu. 1965-ci ildə Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı alim Lütfi Zadə tərəfindən tamamilə yeni, çox qiymətli qeyri-səlis məntiq nəzəriyyəsi yaradıldı. Bununla da dünya elm tarixində, kompüter sahəsində böyük kəşflər edildi. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? Bu suala professor Lütfi Zadənin cavabı birmənalıdır: “...Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir”. Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarca, yüzlərlə çalarlardan ibarətdir. Bununla da dünyanın təsvir dili olan riyaziyyat ikiləşdi, nəticədə klassik riyaziyyat, qeyri-səlis riyaziyyat, qeyri-səlis hesab, qeyri-səlis cəbr, qeyri-səlis məntiq, qeyri-səlis topologiya və s. yarandı. Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnikasının inkişafında yeni bir dövr açdı. Həmin nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etdi. Paltaryuyan maşından tutmuş kosmik cihazlara, kibernetik tərcüməçidən tutmuş avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda bu nəzəriyyə öz tətbiqini tapdı.
Qeyri-səlis çoxluqlar nəzəriyyəsi yarandığı vaxtdan cəmi bir il keçəndən sonra birinci olaraq Yaponiya firmalarında, nəhəng sənaye şirkətlərində öz tətbiqini tapdı. Onlarca elmi-tədqiqat institutları yarandı, bu elm sahəsi Yaponiya universitetlərinin tədqiqat obyektinə çevrildi. Qeyri-səlis məntiq texnologiyası Yaponiyada tətbiq edilərək, onun böyük iqtisadi səmərəsi aşkarlandı və az müddət ərzində bütün aparıcı şirkətlər, firmalar tərəfindən dəstəkləndi. Yüksək iqtisadi səmərə gətirdiyinə görə 1989-cu ilin iyul ayında Lütfi Ə.Zadəyə Yaponiyanın elm sahəsində ən yüksək mükafatı - Honda mükafatı verildi.
Dünya elmində Zadə və Qassini kimi tanınan statistik qeyri-müəyyənlik şəraitində işləyən idarəetmə sistemlərində optimal süzgəclər məsələsinin həlli kimi bu elmi təklif mürəkkəb proqnozlaşdırma sistemlərinin qurulması üçün əsas götürülür. Zadənin bu təklifi məşhur Viner məsələsini xeyli genişləndirmişdir. Lütfi Zadənin dünya idarəetmə elminə verdiyi ən böyük töhfələrdən biri elmi ədəbiyyatda Z-çevirmə üsulu kimi tanınan (Zadə sözünün baş hərfi) diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan elmi nəzəriyyədir. Alimin elmi xidmətlərindən biri də müasir idarəetmə elminin əsasını təşkil edən vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələrinin təklif olunmasıdır. Bu gün dünyanın bütün qabaqcıl universitetlərində idarəetmə elmi bu nəzəriyyələr əsasında öyrənilir, elmi-tətqiqat təşkilatları, xüsusilə ABŞ-ın milli kosmik tətqiqat mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələşdirir və tətbiq edir. Son illərdə Lütfi Zadənin nəhəng elmi fikirlərindən biri də Soft Computing nəzəriyyəsinin yaradılmasıdır. Bu, yeni texnologiyaların əsaslarının təşkilidir. Bu nəzəriyyə qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, Xaos nəzəriyyəsi və ehtimal qərarçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirir. Soft Computing nəzəriyyəsi bu gün dünya banklarında, iqtisadi və texniki sistemlərdə, incəsənətdə geniş tətbiq olunur. Lütfi Zadənin son dövr təklif etdiyi nəzəriyyə rəqəmlə yox, sözlə işləyən kompüter nəzəriyyəsidir. Bu cür maşınlarda informasiyanın qranulyasiyası kimi rəqəmlər, kodlar deyil, sözlər, cümlələr istifadə olunur. Bu cür kompüterlərin ən adekvat modeli təxmini məntiqi qərarçıxartma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beynidir. Dünya şöhrətli alimin hələlik təklif etdiyi son nəzəriyyə təəssürat nəzəriyyəsidir. Qeyri-səlis məntiq qəbul edilmiş qeyri-müəyyən informasiyanın əsasında nəticə çıxarma üsullarını verirsə, təəssurat nəzəriyyəsi ətraf aləm haqqında tez, dolğun və dəqiq ölçmə aparmadan informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda olan oxşar süni təəssürat sistemi yaratmaq prinsipləri və üsulları verməkdir.
Lütfi Zadənin elmi ideyaları tükənib bitmir. Onun elmi nəzəriyyələri: müasir idarəetmə nəzəriyyəsinin təməlini qoymuş vəziyyətlər məkanı; diskret və rəqəmli idarəetmə sisteminin yaradılması üçün baza rolunu oynamış çevirmələr nəzəriyyəsi; insanın dünya haqqında, özü haqqında təsəvvüründə inqilabi dəyişikliklər əmələ gətirmiş qeyri-səlis məntiq və s. artıq gerçəkliyə çevrilmişdir. Bunlar müxtəlif sahələrdə yeni müasir tərzdə təqdim olunmuşlar və hələ də gələcəkdə tətbiq olunaraq sanki həlledilməz olan məsələləri həll edəcəkdir.
Onu da qeyd edək ki, Lütfi Zadənin nəzəriyyəsindən istifadə edilərək elmin bütün sahələri üçün ekspert sistemləri hazırlanır və müasir kompüterlərə tətbiq olunur. Bu zaman neyron şəbəkələr əsas götürülür, belə ki, insan beyninin obrazlarını dərk etməklə əməliyyat aparmaq prinsipi kompüterlərə də şamil edilir. Beşinci nəsil kompüterlərdə lazımi qaydada özünü yenidənqurma prinsipindən, öz-özünü proqnozlaşdırmadan və özü təşkil olunan davranışdan istifadə olunur. Bütün bunlar Lütfi Zadənin nəzəriyyəsi əsasında yaradılan texnika və texnologiyaların qeyri-müəyyən, qeyri-dəqiq obyektlərin öyrənilmsində daha çox tətbiq olunacağını göstərir.
Professor Lütfi Zadə sistem və optimal süzgəclər nəzəriyyəsi sahəsində də fundamental nəticələrə nail olmuşdur. Dünya alimləri onun əldə etdiyi elmi nəticələri müasir riyaziyyat və kibernetika sahəsində yeni bir hadisə kimi qiymətləndirmişlər.
Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüşdür. Həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, Koreya Elm və Texnoloji Akademiyasının, Bolqarıstan Elmlər Akademiyasının, Polşa Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri akademiki seçilmişdir.
İllərin ayrılığından sonra Lütfi Zadənin doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində üzən “Admiral Naximov” teploxodunda avtomatik idarəetmə problemlerinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olmuşdur.
43 ildən sonra professor Lütfi Zadə “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün 2008-ci ilin noyabr ayının 8-10-da Bakıya ikinci dəfə səfər etmişdir. Səfər zamanı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edən dünya şöhrətli alim Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir. Lütfi Ə.Zadə Bakıya səfərindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu ifadə etmişdir.
Elə insanlar var ki, onlara uzun illər yaşamaq nəsib olur. Ancaq həmin ömrün çərçivəsində gördükləri işləri yazmaq üçün bir-iki vərəq kifayət edir. Lütfi Zadənin həyatı isə elə zəngindir ki, danışanda heyrətlənməyə bilmirsən. İstər-istəməz düşünürsən ki, bir insan ömrünə bu qədər çox və əzəmətli işləri sığışdırmaq üçün Lütfi Zadə olmaq gərəkdir.
2015-2016-cı illərdə onun səhhətində yaranan problemlər insanları narahat edirdi. Ancaq ömrünün yüzünə az qalmış alimi nə yaşının çoxluğu, nə də sağlamlığını itirməsi ruhdan salmırdı. O, güclü iradəyə malik, qətiyyətli insan idi. O, hər gün elmi işlə məşgul olur, ona gələn e-mail-ləri cavablandırmağa çalışırdı. Amma nə qədər kədərli olsa da, özünü də, bizi də əbədi ayrılığına hazırlayırdı.
2017-ci il sentyabr ayının 6-da o, gözünü əbədi yumdu. Alim Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi. 2017-ci il sentyabr ayının 29-da azırbaycanlı alim professor Lütfi Zadə 1-ci Fəxri xiyabanda dəfn edilmişdir.
Lütfi Zadə dünya elmində o qədər böyük işlərə başladı ki, onları sona çatdırmağa şübhəsiz bir insan ömrü yetməzdi. O, böyük məktəb yaratdı, elmdə geniş bir yol açdı. Özü də əmin idi ki, davamçıları onun arzularını həyata keçirmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Son nəfəsində elmi fəaliyyətinə həsr olunmuş Soft Computing üzrə Ümumdünya konfransının iki ildənbir olmaqla davamlı təşkil edilməsini və yarıda qalmış bir sıra elmi layihələrinin sona çatdırılmasını xahiş etmişdi.
Əsl insan, bənzərsiz alim ömrü yaşayan Lütfi Zadənin son mənzili Azərbaycan oldu. Sevənlərinin qəlbində, onun elmi istiqaməti, nəzəriyyələri, tətbiq sahələri ilə işləyən və gələcəkdə işləyəcək alimlərin fəaliyyətində Lütfi Zadə ömrü davam edəcək.

Lütfi Zadə - fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyət
Yeganə Baxşəliyeva,
Bakı şəhəri, 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı.
Reytinq: