» » Ac baxışların tox sevmək tərzi


Ac baxışların tox sevmək tərzi

3-05-2021, 11:28
Çap et
Ac baxışların tox sevmək tərzi Hər xalqın öz poeziyası, öz poetik yaradıcılığı var. Əsrlərdir, bütün xalqlar insan həyatında dönüş yaradan adi, qeyri-adi proseslərin təfərrüatlarını öz poeziya zirvələrində xarakterizə edirlər. Azərbaycan xalqının da ədəbi təfəkküründə poeziya əsas prioritetlərdən sayılır. Nə xoş ki, qələm adamlarımız (hətta) adi mükalimələri belə (az qala) poetik məcraya salır, iki fərqli səmti eyni ovqatda tutur, solğun duyğulara vurduqları ilmələrlə könül dünyamıza sığal çəkirlər...
Səmimi deyək ki, illər əvvəl tanıdığımız, şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyimiz Surə Ziyadqızı da öz kövrək və səmimi hisləri ilə ovqatımıza rəng qatmağı bacarır. Biz onun ilk şeirlərini oxuyanda anlamışdıq ki, o, poeziyaya özünəməxsus yolla gəlib...

İlk olaraq deyək ki, Surə xanımın yaradıcılığı mövzu etibarilə müxtəlifdir. Onun (əsasən) lirik şeirləri (özlərinin) ictimai-ədəbi çaları ilə daha çox diqqət çəkir. Bəlkə də həyatsevər şair zamanı insan həyatında qabarıq meyllər yaradan səbəb kimi xarakterizə etdiyi üçün biz bu prosesin fərqli təzahürlərini poetik səmtlərdə axtarırıq...
Səmimi deyək ki, son illər məzmunlu, poetik, qismən də fəlsəfi salxarı olan şeir (və xüsusən də) mahnı mətnləri demək olar ki, çox az yazılır. Bu, ya onunla əlaqədardır ki, mühit poeziyaya sadəcə önəm vermək gücünü itirib, ya da şeir hər kəsin altına girə biləcəyi yük deyil. Surə xanım üçün şeir müqəddəs, poeziya müqəddəslik simvoludur. Elə buna görə də onun sistemli yanaşdığı mövzular oxucu (dinləyici) marağına səbəb ola bilir. Həyata poeziya məkanı kimi önəm verən Surə Ziyadqızının 2020-ci il tarixdə «MM-S» mətbəəsində işıq üzü görmüş «Baxışınla sevirəm de» kitabında da bu salxarı aydın görmək mümkündür. Kitabda fərqli mövzular əks olunub. Müəllif hər mövzuya ovqat verib, oxucunu toxunduğu hisslərin əhatəsinə çəkməyi bacarıb.

...Sən eşqimin zəlzələsi,
Baxışınla sevirəm de...

***
...Ömrümüzə vurdu naxış
Sevgimizin yaz yağışı.

***
...Bu sevgiyə dözdü ürək,
Yar baxışı sözdü, ürək.
Mənim eşqirm közdü, ürək,
Bir dəli sevdada qalım...

Bu nümunələrdə süjet xətləri həyatdan, taledən qaynaq götürür. Müəllif qaynar ilhamı ilə hisslərini cilalayıb, poetik cəhdlərini xoşovqat missiya kimi diqqətə çəkib. Bu duyğularda cəmiyyət reallığı da var, ictimai çək-çevir də. Həmçinin, sevgi, talesizlik və ağrı-acı kimi faktlar da onun bu və bu kimi nümunələrində aşkar ehtiva edir. «Mənim eşqirm közdü, ürək, Bir dəli sevdada qalım...» konteksti bu dediklərimizə sübutdur.
Lirik mövzulara müasir yanaşma, həyat və mistika kimi anlayışlara qabarıq münasibət də Surə xanımın ən çox önəm verdiyi cəhətlərdir. Əslində, həyat, yaşam kodeksləri şairlərin çoxunda təzahür edir. Surə xanımın da gəldiyi qənaət bu məntiqdə açılır. Ola bilsin, bəlkə də çətin həyat yaşayıb deyə onun bu tipdə yazdıqları daha inandırıcı və daha təsirlidir:

Həsrət qalır bucağında,
Ürək yanır ocağında.
Eşq səpilir qucağında,
Eşqim sənin gözündədir...

***
Eşqin gözləri aynadır,
Sirr adlı ürək qaynadır.
Dağı yerindən oynadır
Eşq ürəklərə girəndə...

Bu nümunələrdə biz Surə xanımın (daha çox) öz həyat aynasında var-gəl edən hislərə şahidik...
Ümumiyyətlə, Surə xanım öz «lirik mən»ini mətin, cəsur obraz kimi təqdim edir və bu an biz onun bitkin vətəndaşlıq yanğısında bir yenilməzlik sezirik. Yaxud da sosial çətinliklər qarşısında canlı sədd kimi dayanmış bu obrazın (əslində, Surə xanımın özünün) izhar etdiyi poetik fikirlərdə mərdcəsinə sinə gərdiyi mütləqdir. Nə xoş ki, müəllif bunu bir vüqar əhatəsi kimi xaraketrizə edir.
«Baxışınla sevirəm de» kitabında cəm olmuş şeirlər (gerçək mənada) sosial-ictimai məğzlərə nikbin baxış sıçradan zəfər nəğmələridir. Müəllif hər şeirini sanki bir həyat dastanına bənzədib. Bu mənada onun hisslərində həyat yanğıları, tale ağrı-acıları, hətta sevgi-kədər notları yaxıcıdır.

Eşq evimin qapısını açmısan,
Günəş olub sən könlümə saçmısan,
Səni sevən bir ürəyə qaçmısan,
Həsrəti asacam dar ağacından...

***
Sevməyi öyrətdin, sevməyi elə,
Günahım nə idi, nə idi yenə?
Qadın ürəyilə oynama belə,
Sevirsən, bacarsan nazımla oyna...

***
...Eşqini qəlbimə sıxdım, qanadı,
Nə məni arzula, nə məni gözlə...

İlk baxışdan kövrək təbəssümdə görünən bu misralar əslində, içində acı bir həyat, rəngsiz bir tale vulkanı çırpınan poetik hislərdir. Surə xanım (bu hislər vasitəsilə) eşqin ləngərində təlatümə gələn vadiləri insan ömrünə sığa bilən sərhədlərlə əhatələyib, sanki sevgi və ürək yanğılarına su səpməyin fəlsəfəsini tapıb. «...Eşqini qəlbimə sıxdım, qanadı, Nə məni arzula, nə məni gözlə...» ədəbi teoremi ilə o, bu fəlsəfənin düsturunu bizə təqdim edir. Açığı, «Səni sevən bir ürəyə qaçmısan, Həsrəti asacam dar ağacından...» fikrində də biz bu aşkar isbatı görmək iqtidarındayıq...
Bilirik ki, örnək həyata, bacarığa, nümunəvi əxlaq və davranışa sahib ola bilməyin də özünün məlum çətinlikləri var. O insan ki, zəhmətin müqabilində əldə etdiyi əməksevərliyi istedadı ilə qoşalaşdırır, onun örnəklik qazanma şansı daha çox olur. Tarixdə belə tale yiyələri olub və bu gün də mövcuddur. Açığı, Surə xanım da bəxtinə örnək həyata, bacarığa sahiblik yazılmış qələm sahiblərindən, çətin və şərəfli tale yiyələrindən biridir. Bəlkə də bu səbəbdən onun yeni kitabında bu səciyyə məzmun və məna birgəliyi kimi diqqət çəkir, zəhmət və əməyin peşə xarakterləri bu sistemdə parlaq təzahür edir. Eləcə də «Baxışınla sevirəm de» kitabı (həm də) Surə xanımın bütün sərhədlərdən məğrur və məmnun görünən həyat tablosudur. Çünki bu kitabda səmimi hislər (daha çox) həyat inikası kimi əks olunur.

Gəl dənizi qaldıraq,
Eşq qayasın saldıraq,
Ləpələri aldıraq,
Ağıllı dəli olaq...

Zənnimizcə, «ağıllı dəli olaq» fikrinə çox nadir hallarda rast gəlirik. Surə xanım bu ədəbi ideomanı elə tərzdə poetik axıntıya məruz qoyub ki, təsirlənməmək mümkün olmur. İkincisi, bu fəlsəfi rakursun üst prosesində daha ləngərli, həm də çoxxassəli məsamələr labüddür. Oxucu bu hissin təsiri altında gah düşünür, gah qorxur, gah da yorğun baxışlarını uzaq səmtlərdəki boşluqlara dikir, bir növ, «ağıllı dəli olmaq» istəyir. Əgər belə bir tərpənməyə səbəb yarada bilibsə, deməli, Surə xanımın şair mühitində xalis söz ehtiyatları hələ çoxdur və (inşallah) gələcək kitablarında biz onlarla tanış olacağıq.
«Baxışınla sevirəm de» kitabı Surə Ziyadqızının eşq dənizində arada sakit görünən, hərdən də dəli çırpıntılara məruz qalan parıltılı bir qəlb pıçıltısıdır. Biz buradakı şeirlərin ahəngi ilə həyatın, taleyin və insan ömrünün ölçü və bucaqlarını rahat təyin edirik. Heç şübhəsiz, bu kitab çoxlarına ac baxışları ilə tox sevə bilməyin yollarını da göstərir...
Uğurunuza sevinirik, Surə xanım!

Hikmət Məlikzadə,
Prezident mükafatçısı, ədəbiyyatşünas
Reytinq: