» » “Yeyib-dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür” - Tahir Kərimli dolanışıqdan ŞİKAYƏTLƏNDİ


“Yeyib-dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür” - Tahir Kərimli dolanışıqdan ŞİKAYƏTLƏNDİ

6-05-2021, 12:27
Çap et
“Yeyib-dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür” - Tahir Kərimli dolanışıqdan ŞİKAYƏTLƏNDİ “Deputatlıq əmək haqqımdan başqa heç tumsatan yerim də yoxdu. Gəlib evimə baxsınlar ki, mən hansı şəraitdə, hansı evdə yaşayıram...
Problemlərimizi səsləndirməyə qorxuruq ki, insanlar bizi yenə söyər...
Elə vəzifəli şəxslər var ki, deputatın bir ildə qazandığını onlar bir həftədə qazanır. Heç onları görən yoxdur. Yeyib dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür, onun üstünə düşür...”
Bu sözləri Milli Məclisin 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilmiş üzvü Tahir Kərimli deputatların maaşından, onların pandemiya vəziyyətindəki dolanışığından danışarkən deyib.
O, insanların indiki dövrdə açıq şəkildə pul istədiyini qeyd edib:
“Əvvəla onu deyim ki, çox ciddi və yaralı məsələyə toxunmusunuz. Bəlkə də bəzi deputatların o qədər də çətinliyi olmur. Amma əksər deputatlar pul baxımından çox əziyyət çəkirlər. Məsələn, siz mənə telefonumun sönülü olduğunu deyirsiniz. Telefonumun sönülü olmasının səbəbləri çoxdur. Təsəvvür edin ki, gecəyarı saat 4-də zəng edirlər ki, “məni polis tutub, köməklik et”. Və ya 3-də zəng edir ki, “məni xəstəxana qəbul etmir, danış, götürsünlər”. Hətta elə vaxt olub ki, Ağsuda qəbul zamanı valideyin övladını gətirib masamın üzərinə qoyub ki, “mən saxlaya bilmirəm, sən bax”.
Əvvəllər belə deyildi. Deputata övladının təhsil haqqını ödəmək, işə düzəlmək üçün müraciət edirdilər. Amma indi açıq şəkildə hər kəs pul istəyir. Başa düşürük ki, pandemiya şəraitidi, dövran çətinləşib, amma bu qədər də deputatın üzərinə düşmək olmaz.
Bəzən elə olur ki, qazi, şəhid ailələrini ürəyimiz istədiyi kimi ziyarət edə bilmirik. Ziyarət etməyəndə də dərhal narazılıq yaranır ki, başqasına getdi, bizə gəlmədi.
Bu yaxınlarda Ağsuya gedib 13 şəhid məzarını ziyarət etmişəm, şəhid ailəsinə baş çəkmişəm. Digər ailələr də açıq şəkildə məni təhqir edib ki, “bizə niyə gəlməyib...”. Hələ bəziləri deyir ki, “heç nə lazım deyil, təki siz gəlin”. Başa düşmürlər ki, biz əliboş şəhid, qazi ailəsini necə ziyarət edək? Xəcalət çəkirik, imkanımız da yoxdu.
İnanın ki, küçədə gəzəndə yaxınlaşırlar, qohum-qardaş evinə gedirsən gəlirlər, qərərgaha gedirsən ora da gəlirlər. Telefon müraciətlərindən, insanların əlindən mümkün deyil ki, bir dəqiqə özünə vaxt ayırasan. Biz yol tapa bilmirik. Bilmirik ki, bu məsələni necə həll edək. Heç kim də inanmır, hamı da deyir ki, deputat haramxordu.
Mən öz adımdan deyim ki, deputatlıq əmək haqqımdan başqa heç tumsatan yerim də yoxdu. Gəlib evimə baxsınlar ki, mən hansı şəraitdə, hansı evdə yaşayıram”.
Vəziyyətin gərginliyindən şikayətlənən deputat ehtiyacı olan ailələrlə, seçicilərlə görüşmək üçün xüsusi fondun yaradılmasını məqsədəuyğun sayır:
“Baxın, külək əsir və qapımın, pəncərəmin arasından evimə dolur. Ehtiyac o qədər çoxdur ki, 30 ildir ki, pəncərəmi dəyişə bilmirəm. Axı əmək haqqını insan tək özü yeyə bilmir.
Bu günlərdə sosial şəbəkələrdə xətrini istədiyim bir oğlan mənim haqqımda yazıb ki, “deputatı müdafiə etdiyim üçün peşman olmuşam, mən bu gün aptekdən dərman ala bilmirəm və bunun da səbəbkarı deputatdır”. Axı burda mənim nə günahım, təqsirim var?
Ağsuda 82 min, İsmayıllıda 15 min nəfər əhali var. Bu 100 min nəfərə əmək haqqımı necə çatdırım?
Mənim hətta şəxsi maşınım da yoxdur. Tədbirlərə, Milli Məclisə partiyanın maşını ilə gedib-gəlirəm. Belə məsələləri səsləndirməyə də insanlardan qorxuruq. Məsələ qaldırmışdım ki, parlamentin işçilərinə ev verilsin, şərait yaradılsın. Bu sözümü götürüb yazmışdılar ki, Tahir Kərimli özü üçün ev, maşın istəyir. Bizi o qədər söyürlər ki, artıq bir kəlmə belə deməyə qorxuruq.
İnsanlar başa düşməlidir ki, pandemiya varsa, deputat üçün də var. Deputat hər şəraitdə qazinin, şəhidin, ehtiyacı olan ailənin evinə getməlidi. Bunun üçün də xüsusi fond olmalıdır. Bu fonddan da ehtiyacı olan ailələrə ziyarət zamanı, seçicilərlə görüş vaxtı istifadə edilməlidir”.
T.Kərimli qeyd edib ki, yeyib-dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür, onun üstünə düşür:
“Bizə deputat fəaliyyətinə görə əmək haqqının yarısı qədər əlavə pul verilir. Məsələn, deputat 1730 manat alırsa, onun yarısı qədər də dövlət yardım edir. Amma mən komitə sədrinin müavini olduğum üçün 1830 manat alıram. Bu maaş heç cür kifayət deyil. Bizim vəziyyətimizin yaxşı olması camaat üçün də yaxşı olar. Bizim fondumuz olsa, ondan istifadə edə bilsəydik xəstəyə, ehtiyacı olana yardım edərdik. Amma hər şey deputatın üzərinə düşür. Elə vəzifəli şəxslər var ki, deputatın bir ildə qazandığını onlar bir həftədə qazanır. Heç onları görən yoxdur. Yeyib-dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür, onun üstünə düşür.
Milli Məclisin 1 illik fəaliyyəti üçün təxminən 50 milyon manat vəsait ayrılıb. Düşünürəm ki, bu bir az da artırılmalıdır. Ən azından fond yaradılsın ki, həmin fonddakı vəsait ancaq ehtiyacı olanlara xərclənsin. Yenə də çox ittihamlı olmaqdan qorxuram. Bunları mən acizlikdən demirəm, sadəcə, bəzi insanlar deputatın yağ-bal içində yaşadıqlarını düşünür. Elə olmadığını göstərmək üçün danışıram”.
Reytinq: