» » 91 yaşlı Bakı sakini uzunömürlülüyünün sirrini Modern.az-la bölüşdü – MÜSAHİBƏ


91 yaşlı Bakı sakini uzunömürlülüyünün sirrini Modern.az-la bölüşdü – MÜSAHİBƏ

18-06-2021, 10:19
Çap et
91 yaşlı Bakı sakini uzunömürlülüyünün sirrini Modern.az-la bölüşdü – MÜSAHİBƏ “Nişinin kitablarından çox faydalanmışam”
“İstəyirəm ki, İlham Əliyevin yerinə heç kim keçməsin, çünki başqası onun kimi bacarıqlı ola bilməyəcək”
Modern.az saytı Bakının ən yaşlı sakinlərindən biri, paytaxtda insanlara çəkilərini öyrənməkdə kömək edən İdris Rəhimovla müsahibəsini təqdim edirik:
- Bakıda doğulmuşam və bu şəhərdə yaşayıram. Artıq 91 yaşın içindəyəm. 100 yaşımı tamam etməyi qarşıma məqsəd qoymuşam.
Şəxsi həyatım isə çox uğursuz olub və bu barədə danışmaq istəmirəm. Mən hər gün milliyyətindən, dilindən və dinindən asılı olmayaraq yer üzündən köçən bütün insanlar üçün salavat çevirirəm.
Atam iranlı olub və Bakıya gəldikdən sonra burada evlənib və bu şəhərdə yaşamağa başlayıb. Əsgərliyimi 4 il Krımda çəkmişəm. O zaman komandirimin fotoaparatı vardı və mən onun üçün çoxlu şəkillər çəkirdim. Şəkillər onun o qədər xoşuna gəlirdi ki, bayramlarda məni evinə aparıb uşaqlarının da şəklini çəkdirərdi. Sonda xidmətimi bitirəndə isə o fotoaparatı mənə hədiyyə etdi.
- 91 yaşın sevincini kiminlə bölüşürsünüz? Tək yaşayırsız, yoxsa?..
- Tək yaşayıram. Əvvəl qardaşımla birgə qalırdıq. Yaşadığım ev atamdan mənə yadigar qalıb. Səməd Vurğun bağının yanında yaşayıram.
Qardaşım Əjdər Rəhimov Ərəb dili tərcümıçisi olub. Təəssüf ki, o, mənim sözümə baxıb sağlam qidalanmadı, idman etmədi. Məndən də 7 yaş kiçik idi. Məndən kiçik olsa da, məndən tez dünyasını dəyişdi. Vaxtilə redaktor da işləyib. Öz övladlarım yoxdur, lakin qardaşım və bacımın uşaqları var. Onlarla da yaxın əlaqələrim yoxdur. 91 yaşın sevincini küçədə qeyd edirəm və sevincimi bölüşmək üçün pulsuz çəki aksiyasına başlamışam.
Tək yaşamağın xeyirli tərəfi ilə yanaşı, bəzi zərərli tərəfləri də var. Məsələn, evimdəki qazan, çaydan xarab olub. Yaddaşım korlanıb. Bəzən qazanı qazın üstünə qoyub yatıram, yadımdan çıxır.
- Neçə ildir Bakı küçələrində tərəzi işlədirsiniz? Bu iş sizə gəlir gətirir?
- 15 ildən çoxdur ki, tərəzi ilə insanların çəkisini ölçməklə məşğulam. İş zamanı müxtəlif tərəzilərdən istifadə etmişəm. Hazırda gördüyünüz bu tərəzi də mənim ən yaxın “yoldaşımdır”. Bu iş mənə müəyyən qədər gəlir gətirib və mən qazancımın əsas hissəsini xeyriyyə məqsədi ilə xərcləyirəm. Uzun illərdir məhz bu ünvanda - Dilarə Əliyeva 235 A ünvanında işləyirəm.
- Bəs insanların tərəziyə münasibəti necədir? Qadınlar, yoxsa kişilər daha çox çəkisini öyrənmək istəyir?
- Bu tərəzi işindən çox böyük zövq alıram. Balaca uşaqlar analarının əlindən qopub qaçaraq tərəziyə çıxırlar. Analar isə bəzən pulları olmadığı üçün utanır ya da uşağı danlamağa başlayırlar. Mən isə onlardan pul almıram.
Əvvəllər qadınlar, əsasən də cavan qızlar tərəzidən istifadə edirdilər. İndi isə kişilər də tez-tez çəkiləri ilə maraqlanırlar. Bəziləri deyir ki, burdan çıxıb idmana gedəcəyəm.
- Pensiya alırsınız? Ümumiyyətlə, tərəzi işindən başqa gəlir mənbəyiniz var?
- 90 yaşım iyunun 6-da tamam oldu. Artıq 91 yaşımdayam. Pensiyam 300 manata yaxın idi, amma son 4-5 aydır ki, 52 manat kəsilib və mən bununla bağlı kimə müraciət edəcəyimi bilmirəm. Amma dəqiq bilirəm ki, pensiyamın belə əsassız kəsilməsindən cənab Prezidentimizin xəbəri yoxdur. Kimlər isə halal pensiyama əl uzadıb haramçılıq edir. Amma belə ehtiyaclı vaxtımda pensiyamı kəsməli deyildilər.
- Bizə həyat tərziniz və qida rasionunuzla bağlı məlumat verə bilərsiniz? Sizcə uzunömürlülüyünüzün sirri nədədir?
- Qohum-əqraba evində heç nə yemirəm. Yeməyimi evdə özüm hazırlayıb yeyirəm. Evimin balkonu üzü dənizə baxır. Səhər saat 5-də yuxudan durub dənizə baxdıqdan sonra idman etməyə başlayıram. O vaxtı bayırda çox adam olmur. Yerdə çoxlu “jim edirəm” və ondan sonra isə soyuq su ilə yaxalanıram. Sonra “Badamlı”ya bir qaşıq bal qarışdırıb içirəm. Bakıda satılan qara çaylarını isə içmirəm. Çünkü bilirəm ki, onlar kimyəvi tərkiblidri və çox ziyanlıdır. Zəncəfil, limon və balı qarışdırıb içirəm. Yeməyimə isə çoxlu küncüt qatıram. Dişim olmadığı üçün daha çox yumşaq qidalara üstünlük verirəm. Qatıqdan çox istifadə edirəm. Küncütdən isə ona görə çox istifadə edirəm ki, onu yeməyə qatıb yeyən kimi məni yuxu tutur. Axşam yerimdə tək uzananda bütün ölən yaxın qohumlarımın xatirəsi gözlərimdə canlanır. Ona görə də axşamlar küncütdən daha çox istifadə edirəm ki, yatıb bütün kədərimi unudum. Əgər istəsəniz, sizin üçün çantamı açıb və hazırda qidalandığım qidaları da sizə göstərə bilərəm. Yapon alimi Nişi deyir ki, evdə çox yatma. Əgər çox yatsan, infakt səni çox tez tutar. Nişinin kitablarını çox oxumuşam və bu mənim üçün çox faydalı olub. Uzunömürlülüyün sirri məncə sağlam qidalanma və idmandadır.
- Biz də sizin 90 yaşınızınızı təbrik edirik. Sizə can sağlığı və işinizdə uğurlar arzu edirik. Sonda hansıa arzunuzu dilə gətirə bilkərsiniz...
- Bizim Prezidentə böyük qiymət verirəm. Cənab Əliyev televizorda dedi ki, “işğalçı erməniləri iti qovan kimi qovduq torpaqlarımızdan”. Mən bunu öz qulaqlarımla eşitdim. Mən yaşadığım dövr ərzində çox prezidentlər görmüşəm, amma heç birinin vaxtında Bakı indiki kimi gözəl olmayıb. Bilirəm, indi o, çox məşğuldur, amma Prezidentdən xahiş edirəm ki, pensiyamın bərpa olunmasına yardım göstərsin. Çünki pensiyam və tərəzi işindən qazandığım pullardan aylıq yaşam xərclərimi çıxmaq şərtiylə qalan hamısını kasıblara paylayıram.
Mən sizə düz deyirəm və heç vaxt doğru bilmədiyimi deməmişəm. Hazırkı prezidentimiz Əliyevin cənab Putinlə çox yaxşı münasibətləri var və o, həlledici məqamlarda öz şəxsi nüfuzundan bu xalq üçün istifadə edir. Ona can sağlığı arzu edirəm. İstəyirəm ki, İlham Əliyevin yerinə heç kim keçməsin, çünki bilirəm ki başqası onun kimi beynəlxalq siyasətdə bacarıqlı ola bilməyəcək. Xalqımıza xoş və firavan günlər arzu edirəm. Mən bu azad vətənimdə anasının əlindən tutub yeriyən körpə balaları görəndə çox sevinirəm, çünki onlar böyüyüb bu dövləti, bu milləti qoruyacaqlar.
Reytinq: