» » Ombudsman Səbinə Əliyeva Qarabağ Müşahidə Qrupunun apardığı faktaraşdırıcı missiyadan danışıb (MÜSAHİBƏ)


Ombudsman Səbinə Əliyeva Qarabağ Müşahidə Qrupunun apardığı faktaraşdırıcı missiyadan danışıb (MÜSAHİBƏ)

6-07-2021, 10:23
Çap et
Ombudsman Səbinə Əliyeva Qarabağ Müşahidə Qrupunun apardığı faktaraşdırıcı missiyadan danışıb (MÜSAHİBƏ) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “Trend” xəbər agentliyinə müsahibə verib.
- Hörmətli Səbinə xanım! Bu günlərdə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədrinin rəhbərliyi altında nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və Vətən müharibəsi dövründə Ermənistanın hərbi hücumuna məruz qalmış yaşayış məntəqələrində faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizə səfər edib. Bu missiyanın əsas məqsədi nədən ibarətdir?
- Əvvəla sizi salamlayır və belə bir mühüm məsələyə yer ayırdığınız üçün təşəkkür edirəm.
Azərbaycan Ombudsman təsisatı beynəlxalq və regional insan hüquqları qurumları, xarici ölkələrin milli insan hüquqları institutları ilə səmərəli əməkdaşlıq əlaqələri yaratmış və inkişaf etdirməkdədir. Bu əməkdaşlıq Vətən müharibəsi dövründə də işğalçı dövlətin siyasi və hərbi rəhbərliyinin cinayət əməllərinin dünya ictimaniyyətinə çatdırılmasında böyük əhəmiyyət daşıyıb. 30 illik işğala son qoyulması məqsədilə Müzəffər Ali Baş Komandan, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad olundu və öz doğma yurdlarından didərgin düşmüş bir milyona yaxın insanın yenidən öz torpaqlarına qovuşmaq imkanı yarandı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın daim qayğısı ilə əhatə olunan məcburi köçkün soydaşlarımız səbirsizliklə öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, torpaqlarımız azad olunsa da, vaxtilə həmin ərazilərə basdırılmış tank və piyada əleyhinə minalar orada həyatın yenidən bərpasında çətinliklər yaradır. Biz bununla bağlı dəfələrlə aidiyyəti beynəlxalq qurumlar qarşısında məsələ qaldırmışıq və Ermənistana həmin minaların xəritələrini verməsi üçün təzyiqlər edilməsi istiqamətində çağırışlar etmişik. Ancaq təəssüflər olsun ki, hələ ki bu qurumlar tərəfindən məsələ ilə bağlı qənaətbəxş reaksiya verilməyib. Buna baxmayaraq biz Ermənistan siyasi və hərbi rəhbərliyinin sülh və insanlıq əleyhinə olan bu cinayətlərinin ifşa olunması istiqamətində fəaliyyətimizi davam etdiririk. Bununla bağlı əməkdaşlıq etdiyimiz beynəlxalq qurum və təşkilatların, o cümlədən xarici ölkələrin milli insan hüquqları institularının nümayəndə heyətlərini yerində araşdırma həyata keçirmək məqsədilə ölkəmizə dəvət edirik. Türkiyə Milli İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) da məhz bu məqsədlə ölkəmizə dəvət olunub.
- Faktaraşdırıcı missiya həyata keçirilməsində Türkiyə Milli İnsan Hüquqları və Bərabərlik Qurumunun seçilməsinin səbəbi nə ilə bağlıdır?
- Onu qeyd etməliyəm ki, hal-hazırda Ombudsmanın təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə ilk dəfədir ki, xarici bir ölkənin milli insan hüquqları institutu bitərəf qurum qismində fakaraşdırıcı missiya həyata keçirir. Bu missiyanın da əsas məqsədi araşdırmanın bitərəf və obyektiv olmasıdır. Vətən müharibəsinin başladığı ilk günlərdən TİHEK sədri cənab Süleyman Arslan mənimlə telefon əlaqəsi quraraq cəbhədəki ümumi vəziyyətlə maraqlanıb və onun təşəbbüsü ilə həmin qurumun nəzdində Qarabağ Müşahidə Qrupu yaradılıb. Həmin qrupda TİHEK-in idarə heyətinin üzvləri ilə yanaşı, eyni zamanda Türkiyənin tanınmış universitetlərinin beynəlxalq humanitar hüquq və müharibə cinayətləri sahəsində ixtisaslaşmış hüquqşünas alimləri də yer alıblar. Müharibə və müharibədən sonrakı dövrdə bir neçə dəfə Qarabağ Müşahidə Qrupunun onlayn iclaslarında Azərbaycan Ombudsman təsisatı olaraq iştirak etmişik və qrup üzvləri ilə müzakirələr aparılıb. Qrupun əsas məqsədi Vətən müharibəsi dövründə Ermənistan siyasi və hərbi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətləri ifşa edən faktoloji materialları toplamaq və onların əsasında xüsusi hesabat hazırlamaqdır.
- İşçi qrupunun faktaraşdırıcı missiyası hansı ərazilərdə aparılıb?
- İşçi qrupunun faktaraşdırıcı missiyası işğaldan azad olunan Ağdam şəhərində, eyni zamanda müharibə zamanı Ermənistanın hərbi hücumlarına məruz qalmış Tərtər rayonu ərazisində aparılıb.
- Qarabağ Müşahidə Qrupunun üzvlərinin Azərbaycan səfəri qeyd olunan hesabatın hazırlanması baxımından qənaətbəxş hesab oluna bilərmi?
- Hesab edirik ki, səfər çərçivəsində qrup üzvləri Ombudsman Aparatında təşkil olunan tədbirdə verilən məlumatlarda, işğaldan azad olunan Ağdam şəhərində və eyni zamanda müharibə zamanı Ermənistanın hərbi hücumlarına məruz qalmış Tərtər rayonu ərazisində aparılan araşdırmalarda suallarına cavab tapa biliblər. Səfər çərçivəsində ilkin olaraq qrup üzvləri üçün Ombudsman təsisatının əməkdaşları ilə birlikdə Aparatda tədbir keçirildi. Həmin tədbirdə Azərbaycan Ombudsmanının mandatı, müharibə dövründə həyata keçirilən fəaliyyətlə bağlı geniş təqdimat edildi. Bu, azad olunan ərazilərə səfər öncəsi işçi qrupunun üzvlərində vəziyyətlə bağlı daha geniş təsəvvür yaratmaq, bəzi texniki məqamları da nəzərə alaraq səfər zamanı məhdud vaxtdan daha səmərəli istifadə edərək daha vacib elementlərə diqqət yetirmələrinə yardımçı oldu. Təbii ki, burada məqsəd qrup üzvlərinin heç bir kənar təsirə məruz qalmadan tamamilə obyektiv bir araşdırma aparmalarını təmin etmək olub.
- Qarabağ Müşahidə Qrupunun hesabatı yekunlaşdıqdan sonra onun hansı beynəlxalq qurumlara göndərilməsi nəzərdə tutulur?
- Burada təbii ki, qərarı həmin qrupun üzvləri verəcəklər. Ancaq bizə verilən məlumata əsasən deyə bilərəm ki, hesabatın başda BMT, Avropa Şurası, Avropa İttifaqı olmaqla bütün aidiyyəti beynəlxalq qurumlara göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı qeyd olunmalıdır ki, Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumu da Azərbaycan Ombudsman təsisatı kimi Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansına müstəqil milli insan hüquqları institutu qismində üzvdür. Bu institutlar müstəqil qurumlar qismində hazırladıqları hesabatları BMT-nin aidiyyəti insan hüquqları mexanizmlərinə, o cümlədən üzvü olduqları beynəlxalq alyanslara, təşkilatlara təqdim edə bilərlər ki, həmin hesabatlar da müstəqil və qərəzsiz şəkildə hazırlanmış hesabatlar olaraq qəbul edilir.
- Bu hesabat qeyd olunan beynəlxalq qurum və alyanslara göndərildikdən sonra burada Azərbaycanın gözləntiləri nə ola bilər?
- Bir daha qeyd etmək istərdim ki, sözü gedən hesabat müstəqil və obyektiv prinsiplər əsasında hazırlanır. Bu da onu deməyə əsas verir ki, aidiyyəti beynəlxalq qurumlar bu hesabatı belə də qəbul etməli və onun əsasında müvafiq reaksiya verməlidirlər. Məqsəd münaqişə, müharibə və müharibədən sonrakı dövrdə Ermənistan siyasi və hərbi rəhbərliyinin törətdiyi cinayətlərin, beynəlxalq humanitar hüququn və beynəlxalq hüququn prinsiplərinin pozuntularını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və cavabdehləri ədalət mühakiməsi qarşısına çıxarmaqdır. Biz ümid edirik ki, bu və bundan öncə tərəfimizdən təqdim edilmiş hesabatlara beynəlxalq ictimaiyyət lazımi qiyməti vərecək və bir daha belə cinayətlərin baş verməməsi üçün müvafiq addımları atacaqdır.
Reytinq: