Heqiqet.Az » » Neft-qaz sektorunda investisiya çatışmazlığı: Dünya necə kor-koranə yeni böhrana doğru gedir?


Neft-qaz sektorunda investisiya çatışmazlığı: Dünya necə kor-koranə yeni böhrana doğru gedir?

2-11-2021, 05:59
Çap et
Neft-qaz sektorunda investisiya çatışmazlığı: Dünya necə kor-koranə yeni böhrana doğru gedir? Aparıcı enerji tədqiqat təşkilatları və kütləvi informasiya vasitələri yaxın gələcəkdə qlobal neft və qaz sektorunda kapital xərclərinin əhəmiyyətli dərəcədə artmayacağı təqdirdə, daha ciddi enerji böhranı ilə bağlı xəbərdarlıq edir. Bu xəbərdarlıqların əksəriyyətinin əsas məğzi ondan ibarətdir ki, gələcəkdə məhsul təklifindəki çatışmazlığı hazırda müşahidə olunduğundan qat-qat pis olacaq.
Yeni Cənub siyasi mərkəzinin (PCNS, Rabat) və Fransa Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (IRIS, Paris) baş elmi işçisi Frensis Perren bildirib ki, bu, neftin qiyməti ilə bağlıdır:
"Son yeddi il ərzində neft şirkətləri neftin qiymətinin iki eniş dövrünü yaşayıb: birinci dövr 2014-cü ilin yayından 2016-cı ilin əvvəli, ikincisi isə təbii ki, COVID-19 pandemiyası ilə bağlı 2020-ci il. Hər iki vəziyyətdə neft kəskin şəkildə ucuzlaşıb ("Brent" markası üçün minimum -70 faiz). 2020-ci ilin əvvəlində 68 dollar/barel olan neftin qiyməti 2020-ci ilin aprel ayında 18 dollar/barelə qədər dəyər düşdü. Neftin ucuzlaşması neft və qazın kəşfiyyatı və hasilatına qoyulan investisiyaların daha az gəlirli olması deməkdir. Belə olan halda təbii ki neft şirkətləri investisiyaları azaldır, bu da bir neçə ildən sonra istehsala təsir edə bilər".
F.Perren qeyd edib ki, 2021-ci ilin oktyabrından neft qiymətləri xeyli artıb: “Oktyabrın 29-da "Brent" markalı neftin qiyməti dekabr müqavilələri üzrə 84,38 dollar/barel (bağlanış qiyməti) təşkil edib ki, bu da 2020-ci ilin əvvəlindəki səviyyəsindən xeyli yüksəkdir. Lakin neft şirkətləri bir neçə səbəbdən hələ ehtiyatlı davranırlar: neft qiymətlərinin kəskin aşağı düşdüyü son iki dövrü unutmaq çətindir; COVID-19 pandemiyası qlobal səviyyədə hələ bitməyib. Bu şirkətlərin çoxu 2020-ci ildə böyük itkilərlə üzləşib, onlar maliyyə vəziyyətlərini yaxşılaşdırmaq, borclarının bir hissəsini ödəmək və səhmdarlarını daha yüksək dividendlər və səhmlərin geri alınması ilə təmin etmək istəyirlər".
Ekspert qeyd edib ki, neft şirkətləri qlobal enerji landşaftının təkamülünü, beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə qarşı mübarizəyə hazırlığını, bərpa olunan enerji mənbələrinin artmasını, elektrik nəqliyyat vasitələrinin inkişafı və enerji balansında qalıq yanacaqların (neft, kömür və təbii qaz) payının azaldılmasına yönəlmiş bir çox tədbir və siyasətləri nəzərə alırlar:
"Amma bu siyasətin həyata keçirilməsi üçün vaxt lazımdır. Qalıq yanacağa qlobal tələbat 2021-ci ilin sonuna qədər artacaq. Dünyanın qalıq yanacaqlara ehtiyacı hələ uzun illər qalacaq, çünki bu gün bu yanacaqlar qlobal enerji istehlakının 80 faizindən çoxunu əhatə edir".
F.Perrenin sözlərinə görə, son illər kifayət qədər sərmayə qoyulmaması səbəbindən təxminən 2020-ci illərin ortalarında neft qıtlığı riski var: "Biz bu ehtimalı nəzərə almalıyıq. Bu ssenari təsdiq olunarsa, neft qiymətləri artmağa davam edəcək, çünki neft 2025-ci ildə və ondan sonra da ən mühüm enerji mənbəyi olaraq qalacaq. Eyni zamanda, bu fonda neftin qiymətinin 100 dollara, yoxsa 150 dollara çatacağını söyləmək mümkün deyil.".
Hollandiyanın VEROCY konsaltinq şirkətinin həmtəsisçisi, siyasi risklər və enerji üzrə ekspert Siril Viddershoven hesab edir ki, bütün dünyada neft və qaz hasilatına investisiyaların azalmasının davam etməsi narahatlıq doğurur. Çünki bu, nəinki gələcək neft və qaz hasilatını məhdudlaşdırır, həm də hazırda ümumi istehsal imkanlarına təsir göstərir.
S.Viddershoven qeyd edib ki, əgər dünyada karbohidrogenlərə tələbat artarsa, təkliflər böhranı daha da artacaq və bu, neft qiymətlərinin bahalaşmasına səbəb olacaq. 2021-2022-ci illər üçün mümkün qiymət diapazonları bir barel üçün 100-110 dollar arasında dəyişəcək.
Neft sənayesində əsaslı xərclər indi bir neçə il əvvəlkindən xeyli aşağıdır. Bir çox ekspertlər hesab edir ki, bu tendensiya neft şirkətlərinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid səbəbindən artıq neft və qaz hasilatına böyük məbləğdə vəsait yatırmaq niyyətində olmadığından irəli gəlir. İstehsalata investisiyaların azaldılması bu onilliyin sonunda xam neft üzrə təkliflərin çatışmazlığına gətirib çıxara bilər.
Reytinq: