» » Saleh Səlim AVŞAR


Saleh Səlim AVŞAR

18-01-2022, 10:44
Çap et
Saleh Səlim AVŞAR

Saleh Səlim AVŞAR

20 YANVAR

Qan var, qanan var, qanmayan var,
Yanan var, yaralanan var,
Yurduma yan baxan VAR.
20 yanvar-
Vətənə sipər olan sayısız qəhrəman var,
Qurban var, dərd var, dərman var.
Əhd var, peyman var.
Azadlığına aşiq onlarla can var;
Uşaq var, qoca var, cavan var.
20 yanvar-
Hicran var, həyacan var,
Arxadan vuran var, həyan var,
Yaxşı var, yaman var,
Nə mərhəmət, nə aman var.
Dostdan çox düşman var.
Nadan var, anlayan var,
Gülən var, ağlayan var.
Qorxan var, qorxmayan var,
20 yanvar-
Evində yatan var,
Zəfərə oyanan var.
Tank önündə dayanan, güllələrdən qaçan var,
Əyilən var, sınan var.
Tarixini anan var, yeni tarix yazan var.
Sabaha inanan var.
20 yanvar-
Yenidən dirilən bir millət,
Yenidən yüksələn bir bayraq,
Yenidən hürriyyətini hayqıran,
Əsarət zəncirin qıran,
Nizama gələn bir Azərbaycan var.
Və bilirik ki, yaradan var, -
Ondan belə bəyan var;
Dirənənlərə qurtuluş,
Zalımlara ziyan var.
Onlara batan günəş,
Bizə ağran dan var!

Özüm seçmədim

Sən bil dedin, bildim, et dedin, etdim,
Bilərək etməyi özüm seçmədim.
Sən gəl dedin, gəldim, get dedin, getdim,
Gəlməyi, getməyi özüm seçmədim

Heyranam əzminə, belə çabana,
Layiqsən xoş sözə, hər cür çapana.
Bir sürü dərd verdin bihuş çobana,
Bu dərdi güdməyi özüm seçmədim.

Sənsizlik ağrıdır, kədərdir, gülüm,
Hər şey bihudədir, hədərdir, gülüm.
Bu, Allah əmridir, qədərdir, gülüm,
Mən səni sevməyi özüm seçmədim.

Dostsan, aşinasan, yarsan, Vətənsən,
Sevgimə ürəksən, ruhuma tənsən.
Məcnuna döndərən Avşarı sənsən,
Ağlı tərk etməyi özüm seçmədim.

Dənizə məktub

Salam dəniz,
Çoxdandı sənə bu məktubu yazmaq istəyirdim,-
Amma nə ürəyim gəlirdi, nə də əlim.
Qismət bu günə oldu...
Bilirsən, dəniz, sənə baxmaq mənim ürəyimi çox incidir,-
Nolar incimə məndən.
Sənə baxanda çirkin ürəkli insanlar canlanır gözümdə,
Bir kədər dolanır qəlbimdə, üzümdə.
Sənə qonan qağayılar da
Uçur sənə yanır göy üzündə.
Hirsim boğur məni də, dəniz,
O çirkli əllər sənə necə toxundu?
Sən necə imkan verdin buna?
Niyə coşmadın, dəniz?
Niyə dalğaların burulğana dönüb udmadı o nakəsləri,
Niyə eşidilmədi onları fəryad səsləri,
Niyə kəsilmədi nəfəsləri?
Bu, rəvadırmı sənə, dəniz?
Sən ki canımız sıxılanda,
Evdə, işdə divarlar üstümüzə yıxılanda,
Bizə qucaq açmısan.
Bizi heç kim dinləməyəndə,
Nəsə könlümüzə dəyəndə,
Sən qulaq vermisən bizə,-
Sən dinləmisən dərdlərimizi.
Biz səninlə rahatlıq tapmışıq.
Sən olumsan yolumuza işıq.
Nolar bağışla bizi,
Qoruya bilmədik səni,
Qoruya bilmirik səni.
Deyə də bilmirəm, buralardan get, dəniz,
Sənsiz yaşaya bilərikmi?
Bu ağır yükləri daşıya bilərikmi?
Biz sənə layiq ola bilməsək də,
Haqqını halal et, dəniz.
Amma bunu da bil ki, bu da son həddi artıq.
Bu da səbrin son eşiyidir.
Sən zibil yeşiyi sananların yeri elə zibil yeşiyidir

Salam verdik

Çaşdı düşmənin fələyi,
Gözündə qaldı diləyi.
Saxladıq əsən küləyi,
Murovdağa salam verdik.

Dilimizdə dua, təkbir,
Yol bir, məqsəd bir, ürək bir.
Qovduq yağıları bir-bir,
Qarabağa salam verdik.

Cənnətə şəhid ötürən,
Xarıbülbüllər bitirən.
Polad, Mübariz yetirən
Bu torpağa salam verdik.

Düşmənin belini qırdıq,
Uzanan əlini qırdıq.
Vətəni səcdəyə durduq,
Sola, sağa salam verdik.

Yağı gəzib, ax, Şuşada,
Tapdalanıb haqq Şuşada.
Dalğalanır bax Şuşada,
Al bayrağ salam verdik.

Biri isə sən

Gözümün önünü kəsib bağlayan;
Biri çiskin, duman, biri isə sən.
İki göz tanıdım daim ağlayan;
Biri dərya, ümman, biri isə sən.

Qəm olub qəlbimə bir qəfil axan,
Atəşi könlümü kül edib yaxan,
Bu cılız canımı incidən, sıxan,
Biri dəli dövran, biri isə sən.

Dünyanın barışı, savaşı bitməz,
Nə ətirli yazı, nə qışı bitməz,
Durar ürəyimdə yanaşı, bitməz,
Biri haqqa iman, biri isə sən.

Gah yordun, gah oldun dizlərimə tab,
Dərdimə ən yaxşı halımdır cavab.
Başa düşmədiyim o iki kitab;
Biri fani cahan, biri isə sən.

Daim haqqı söylər, düzü danışar,
Olsa da can üstə bu Saleh Avşar.
Aşiqi olduğum iki gözəl var;
Biri Azərbaycan, biri isə sən.

Vətən borcu

Vətəni sevməyi sizdən öyrəndik,
Bu sevgi yad idi bizlərə hələ.
Siz ödəmisiniz vətən borcunu,
Bu vətən borcludur sizlərə hələ.

Aldınız bu yurdun intiqamını,
Bitirdiniz bütün dərdi-qəmini.
Şəhidliyin o uca məqamını
Sığdırmaq çətin sözlərə hələ.

Bir yanda sevinc var, bir yanda kədər,
Heç bir əməyiniz olmadı hədər.
Cənnətdəki böyük görüşə qədər,
Fotonuz dağ çəkir gözlərə hələ.

Sənə həsrət deyiləm

Etsəm də, dərdi nübar, sənə həsrət deyiləm,
Boğsa da məni qubar, sənə həsrət deyiləm.

Daha səni incidən o kobud mən deyiləm,
Olmuşam yaman kübar, sənə həsrət deyiləm.

Səndən geriyə, gülüm, nə qırıntı qalıbsa,
Onu da götür, apar, sənə həsrət deyiləm.

Məndən xəbərsiz əgər ürəyim ümid etsə,
Heç düşünmə sök, qopar, sənə həsrət deyiləm.

Ağlı ilə bir yerdə səni də bil ki, ey gül,
Unutdu Saleh Avşar, sənə həsrət deyiləm.

Yalnızlıq

Hər gün qonaq oldum yalnızlığına,
Səni qeybət etdik baş qatmaq üçün.
Əlindən gələni əsirgəmədin,
Bu bitməz yaramı qaşıtmaq üçün.

Nə edim, görəsən, hirsim soyuya,
Gözlərim bir damcı yata, uyuya?
Atıldım Yusiftək bir kor quyuya,
Bir dəli də gəlmir daş atmaq üçün.

Ruhumdan bir ayna baxdı hər gecə,
Köz olan dərdimi yaxdı hər gecə,
Göz yaşım ovcuma axdı hər gecə,
Bu dolu qəlbimi boşaltmaq üçün.

Mən zatən yanmışdım o gün ələstdə,
Dağılsın küllərim külək ol əs də.
Tərk etdim bu canı bir son nəfəsdə,
Səni əbədiyyən yaşatmaq üçün.
Reytinq: