Heqiqet.Az » siyaset » 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi


20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi

19-01-2023, 21:37
Çap et
20 Yanvar faciəsindən 33 il keçsə də, xalqımız o faciənin ağırlığını unutmur, eyni hüznlə, ehtiramla hər il şəhidlərin xatirəsini yad edirlər. 33 il öncə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Təəssüf ki, faciənin qarşısını almaq mümükün olmadı, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.
Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhalinin xəbərdar edilməməsi şəhidlərimizin sayını çox etdi, faciənin miqyasını böyütdü. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edildi.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirildi.
Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir, amma ermənilərdən ibarət ordu bunu etmədi.
Fövqəladə vəziyyət elan edildikdən sonra yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü.
Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Üzərindən 33 il keçməsinə baxmayaraq, bütün beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətləndirmə verilməyib. Bu cinayətə görə keçmiş Sovet İttifaqı rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu, 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar bundan sonra da layiqincə cavablandırılacaqdır. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edirik
20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 33 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi
Yeganə Baxşəliyeva,
Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı
Reytinq: