Heqiqet.Az » siyaset » Qanlı Yanvar faciəsi xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi


Qanlı Yanvar faciəsi xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi

19-01-2023, 23:56
Çap et
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Bu hadisələr Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. 20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. 1990-cı ilin 19-20 Yanvar tarixlərində Azərbaycan xalqının nümayiş etdirdiyi qətiyyət onu sübut etdi ki, xalqımız yenilməz və məğrurdur. Bir daha sübut olundu ki, heç bir qüvvə xalqımızın milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar faciəsinin baş verməsindən ötən 33 il hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. Həm ölkə daxilində, həm də bu və ya digər ölkələrdə soydaşlarımızın faciənin ildönümləri ilə bağlı keçirdiyi tədbirlərdə bir daha bu reallıq diqqətə çadırılır ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
Qanlı Yanvar faciəsi xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı faciələr, təhlükələr yaddaşlarda olmaqla yanaşı, tariximizin qara səhifəsi kimi daim vərəqlənməkdədir. Azərbaycan o zaman ölkəyə rəhbərlik edən ünsürlərin səriştəsizliyi, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından ən ağır günlərini yaşadı. Bir tərəfdən ölkədə ictimai-siyasi durumun gərginliyi, digər tərəfdən torpaqlarımızın işğalı xalqın səbir kasasını doldurdu. Xalq dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. Hər bir çətin məqamda xalqının yanında olan, bütün həyatını Azərbaycanın uğurlu gələcəyinə həsr edən ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ökəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu. Müstəqilliyini itirmək təhlükəsini yaşayan Azərbaycan bütün təhlükələrdən xilas oldu, yeni inkişaf dövrü başladı.
20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu: “Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən AXC-Müsavat cütlüyünün iç üzü açıqlandı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən bu cütlük hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə” söyləyən Ümummilli Lider cəsarətli addım atdı və xalqına dəstək oldu.
Qanlı Yanvar faciəsindən tarixi 44 günlük Qələbəyədək yolun təhlili bu reallığı əminliklə söyləməyə əsas verir ki, şəhidlərimizin ruhu şaddır. Bu gün Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır. Azərbaycan müstəqil siyasəti ilə biri-birindən möhtəşəm uğurlara imza atır. Qarabağ, Şərqi Zəngəzur azaddır. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız bu torpaqlarda dalğalanır.

Babayeva Gülnarə Vəli qızı,
ADPU-nun Analitik və üzvü kimya kafedrasının dosenti.
19 yanvar 2023-cü il
Reytinq: