Heqiqet.Az » iqtisadiyyat » Avropaya qaz tədarükünün artırılması üçün Azərbaycanda kəşfiyyat və hasilat sahəsinə əlavə investisiya qoyulmalıdır


Avropaya qaz tədarükünün artırılması üçün Azərbaycanda kəşfiyyat və hasilat sahəsinə əlavə investisiya qoyulmalıdır

26-01-2023, 06:41
Çap et
Avropaya qaz tədarükünün ikiqat artırılması üçün Azərbaycanda Upstream (kəşfiyyat və hasilat) sahəsinə əlavə investisiya qoyulmalıdır.
Bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O, on ölkənin Azərbaycandan əlavə həcmdə qaz istədiyini qeyd edib.
"Ötən ilin iyul ayında Avropa İttifaqı və Azərbaycan strateji enerji tərəfdaşlığına dair saziş imzalayıb. Sazişin mühüm hissəsini 2027-ci ilədək Avropaya Azərbaycan təbii qazının tədarükünün ikiqat artırılması təşkil edir. Birincisi, bunun üçün Azərbaycanda kəşfiyyat və hasilata daha çox investisiya qoyulmalıdır. Azərbaycan "Azəri-Çıraq-Günəşli" blokundakı "dərin qaz"a, həmçinin "Abşeron" yatağının və digər yataqların işlənmə layihəsinə Aİ-ə ixracın 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər ikiqat artırılmasının mənbələri kimi baxır", - Brayza deyib.
Keçmiş səfir həmçinin, bundan əlavə Azərbaycanın bərpa olunan enerji istehsalını kəskin artırdığını və bunun sayəsində daha çox təbii qazın Azərbaycanın elektrik stansiyalarında yanmaq əvəzinə Avropaya ixrac oluna biləcəyini qeyd edib.
"Türkmənistan istər Xəzər dənizindəki "Dostluq" yatağının işlənməsində, istərsə də Xəzər dənizindəki "Blok-1" yatağından hasil olunan böyük həcmdə türkmən qazının ixracında nəhayət Azərbaycanla əməkdaşlıq etsə, Türkmənistadan da müəyyən həcmdə qaz əldə oluna bilər", - o əlavə edib.
Qeyd edək ki, Avropaya Azərbaycan qazının tədarükü 2020-ci il 31 dekabr tarixindən Cənub Qaz Dəhlizi ilə başladılıb. 2023-cü ildə Azərbaycanın Avropaya ən azı 11,6 milyard kubmetr həcmdə qaz ixrac edəcəyi gözlənilir. Bu il Azərbaycanın ümumi təbii qaz ixracı təqribən 24 milyard kubmetr təşkil edəcək.
Reytinq: