Heqiqet.Az » siyaset » Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yol


Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yol

17-11-2023, 21:04
Çap et

17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter almış, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoymuşdur.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı.
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu
Xalqın təkidi ilə hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.
Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı isə bu təhlükəyə son qoydu.
Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tarxi də bunu dəfələrlə sübut edib. Bunun üçün sınaqlara, hər bir əzab-əziyyətə hazır olmaq lazımdır. Bir əsrdə iki dəfə müstəqillik etmək taleyini yaşadı Azərbaycan. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Hazırda dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib.
Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yol
Niyaməddin Məmmmədov,
Lənkəran şəhər, Zövlə kənd Bələdiyyəsinin sədri,"İlin fəal bələdiyyə sədri",
"Vətənpərvər bələdiyyə sədri" media mükafatı laureatı
Reytinq: