Heqiqet.Az » siyaset » Tarix yazan dahi şəxsiyyət


Tarix yazan dahi şəxsiyyət

28-11-2023, 20:35
Çap et
Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir, onların əməllərinin sayəsində dünyanın nuru artır.
Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, quruluşu və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev məhz belə bənzərsiz dahi tarixi şəxsiyyətdir. Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Böyük öndərin yeganə amalı, yaşamaq devizi belə idi: Taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək! Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliliyinin, bitib-tükənməyən həvəsinin təməlində ana Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur. Ölkəmiz və xalqımız üçün 2023-ci ilin əlamətdar hadisələrindən biri də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünün tamam olduğu gündür. Tarix yazan dahi şəxsiyyətin dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən böyük ehtiramla anıldığı gün. Əslində Ulu öndər Heydər Əliyevin anılmadığı gün yoxdur. Çünki Azərbaycanla ümummilli liderin adı həmişə birgə çəkilir. Hələ sağlığında “mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən ulu öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ilə sıx bağlıdır. Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir. Xalqımızın dövlətçilik şüurunun günbəgün möhkəmlənməsi, onun intellektinin və siyasi mütəşəkkiliyinin yüksəlişi iqtisadi qüdrətlənmə fonunda milli maraqların təmin olunmasına yönəlmişdir.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli strategiya və siyasi kurs öz optimallığını təsdiq edərək respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun təbirincə desək ”Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır, xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz təhsil işçiləri bu siyasətə sadiqik.

Günel Dadaşova,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Reytinq: