Heqiqet.Az » siyaset » Azərbaycan-Türkiyə birliyi bu gün tarixinin ən parlaq dövrünü yaşayır – Millət vəkili


Azərbaycan-Türkiyə birliyi bu gün tarixinin ən parlaq dövrünü yaşayır – Millət vəkili

22-02-2024, 10:37
Çap et
Prezident İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri mühüm tarixi əhəmiyyətə malikdir. İki qardaş ölkə arasında ənənəyə çevrilmiş-seçkilərdən sonra ölkə başçılarının ilk rəsmi dövlət səfəri dostluğun, qardaşlığın zirvəsi hesab olunur. 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan cənab Prezident İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi tarixi önəm kəsb edir. Sözsüz ki, bu “Bir millət, iki dövləti” anlayışının fonunda Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, səfər çərçivəsində iki qardaş ölkə Prezidentləri İlham Əliyev və çox hərmətli Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın hazırkı səviyyəsi müzakirə olunub: “Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsinin ölkələrimizin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdiyi qeyd edilib. İki qardaş ölkə arasında ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı vurğulanıb. Müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdirilməsindən bəhs olunub. Orta Dəhliz məsələsində Azərbaycanla Türkiyənin birgə addımladığı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması, Naxçıvanda icra ediləcək birgə layihələrdən danışılıb. Naxçıvanın qaz təchizatı, Qars-Naxçıvan dəmir yolunun tikintisi əhəmiyyəti müzakirə edilib. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasından, mənəvi və siyasi dəstəyinin önəmindən bəhs edib”.
Deputat bildirib ki, 30 ilə yaxın Ermənistanın işğalında qalan tarixi torpaqlarımızın azad edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi olduqca böyük idi: “Hazırkı dövrdə Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmlidir. Azərbaycan və Türkiyə əcdadların bütün ənənələrinə sadiqdir. Qardaşlıq əlaqələrinin təzahürü olaraq Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi də bunun əyani təzahürü hesab edilir. Qardaş Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgədə əmin-amanlığın, sülhün və işbirliyinin qarantı hesab edilir. Azərbaycan xalqı Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər kəsi qürurlandırır. 2020-ci ilin Vətən müharibəsində savaşın ilk saatlarından qardaş Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi. Azərbaycan xalqı Türkiyənin bu misilsiz qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Sözsüz ki, iki qardaş ölkə Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdədir və bir nöqtəyə vurur. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı vurğuladığını qeyd etdi. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısının Şuşa şəhərində keçiriləcəyini açıqlaması isə tarixi önəmə malikdir”.
Aqil Məmmədov Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin yanında olduğunu bildirib: “Ötən ilin fevral ayında qardaş Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti, xalqımız öz qardaşlıq əlini uzatdı. Dövlətimizlə yanaşı vətəndaşlarımız, siravi insanlarımız öz yardımlarını əsirgəmədi. Hazırda zəlzələnin böyük dağıntılar törətdiyi Kahramanmaraş vilayətində Azərbaycanın qardaş ölkəyə töhfəsi olaraq bərpa quruculuq işləri aparılır və orada böyük tikinti işləri görülür. Azərbaycan-Türkiyə qardaşlığı iki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Məhz bu istiqamətdə birgə atılan addımlar Ordumuzun müharibədən sonrakı dövrdə daha da güclənməsinə, Türkiyə ordusu modelində inkişafına zəmin yaradır. Cənab Prezidentin də vurğulayıb ki, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. Bununla yanaşı Azərbaycanla Türkiyə arasında təhsillə bağlı imzalanan önəmli anlaşma mövcuddur. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, eyni zamanda birliyimizin növbəti rəmzidir”.

Reytinq: