Heqiqet.Az » sehiyye » Xocalı soyqırımı təkcə azərbaycanlılara yox, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir


Xocalı soyqırımı təkcə azərbaycanlılara yox, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir

26-02-2024, 15:20
Çap et
Ulu Öndər Heydər Əliyevin dövründə Xocalı hadisələrinə siyasi qiymət verilib. Xocalı soyqırımı təkcə azərbaycanlılara yox, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Həmin tarixdən etibarən hər il Xocalı soyqırımı günü qeyd olunur. Bundan əlavə Ümummilli Liderin 1997-ci il 25 fevral sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da sükut dəqiqəsi elan olunub.
Xocalı faciəsindən sonra faciənin dəhşətlərini lentə alan Livanlı kinooperatorun dedikləri də tarixi gerçəkiyi ifadə edir: Mənim ölkəmin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Bu etiraf vicdanın səsidir və nə vaxtsa beynəlxalq məhkəmədə etibarlı şahid ifadəsi olacaq.
Xocalı soyqırımından az sonra dünyanın neçə-neçə jurnalisti faciə törədilən ərazidə olub, törədilənləri görüb, gördüklərini yazıb:
“Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu” (“Krua l'Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il); “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər” (“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il); “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar” (“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il); “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır” (“Tayms” qəzeti (London), 4 mart 1992-ci il; “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” (R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti). Sonuncu fikir əvvəlki fikirləri istər hüquqi baxımdan, istərsə də bəşəri baxımdan ümumiləşdirir, gerçəkliyin ifadəsi kimi oxunur, belə də dərk edilir.
Xocalı soyqırımına baxmaq kifayət edir ki, cinayətkar erməni siyasətinin mahiyyətini dərk edəsən. Bu, onların əsl simasıdır. Belə çirkin əməlləri ilə tarixin yaddaşında qara səhifələr açıblar. Düşmənçilik, ərazi iddiaları, təcavüz, terror, soyqırımı onların xain xislətinin əlamətləridir. Tarixdən məlumdur ki, ermənilər bu ərazilərin sakinləri deyil, onlar əzəli Azərbaycan torpaqlarına sonradan və çirkin məqsədlərlə köçürülüblər. Bu, elə də uzaq tarix deyil, yaxın 200 ili əhatə edir. İlk gündən Azərbaycan torpaqları hesabına uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayıblar. Həmin yalançı iddia, təcavüzkar siyasət minlərlə dinc sakinin ölümünə, yaşadıqları ərazidən qovulmasına səbəb olublar. Hər zaman tarixdə yaranmış boşluqları özləri üçün fürsət bilib qanlı cinayətlərə əl atıblar
Müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan "Xocalıya ədalət" kampaniyası sayəsində bu soyqırımın bütün dünyaya çatdırılması istiqamətində mühüm işlər görülüb. Əsasən, 2008-ci ildən daha geniş vüsət almış bu təbliğat nəticəsində 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Yüzminlərlə insan təbliğat kampaniyasına qoşulmuş, baş verən hadisələri daha dərindən öyrənmişdir. Eyni zamanda, Xocalı soyqırımı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, İordaniya, Pakistan, Sloveniya, Əfqanıstan, Meksika və s. kimi bir çox ölkələrdə Xocalı soyqırımının tanınması ilə bağlı sənədlər qəbul olunub. 2013-cü ildə Qahirədə İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransında qəbul olunmuş Kommunikendə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çalışmışlar.
Bu hadisələr təbliğ olunsa da, II Qarabağ müharibəsinə qədər Ermənistan tərəf bu məsələyə məhəl qoymadığı üçün Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilməyib: "Hətta erməni tərəfi BMT-nin torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar qəbul etdiyi 4 qətnamədən də imtina ediblər. Çox acınacaqlı haldır ki, bu soyqırımın törədilməsi, həmçinin qətnamənin icra olunmaması ilə bağlı Ermənistana qarşı heç bir tədbir görülməmişdi. Şükürlər olsun ki, Xocalı soyqırımında, vaxtilə işğal olunmuş digər ərazilərimizdə törədilmiş hadisələrdə canlarını qurban vermiş şəhidlərimizin qanı yerdə qalmadı. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu uzun illər işğal altında qalmış torpaqlarımızı azad etməklə yeni reallıqlar yaratdı. "Dəmir yumruq" qalib gəldi.
2023-cü il 19-20 sentyabr tarixlərində aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan təmizləndi. Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda üçrəngli bayrağımızı ucaltdı. Azərbaycan xalqı artıq özünü qalib dövlətin qalib vətəndaşı kimi hiss etməyə başladı. Bu gün Xocalıda və digər bölgələrimizdə köçə hazırlıq işləri gedir. Bu da o deməkdir ki, Azərbaycan xalqı heç vaxt keçmişini unutmayacaq. Ənənəvi olaraq hər il fevralın 26-da minlərlə insan "Ana harayı" abidəsini ziyarət edir. Xocalı soyqırımının ötənilki ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdi. Bu yürüşdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirliklər, agentliklər və digər şirkət rəhbərləri, həmçinin siyasi partiyaların nümayəndələri iştirak edərək Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni unutmadıqlarını bir daha dünyaya bəyan etmişdilər.
Bu gün də Azərbaycan Xocalı soyqırımı ilə əlaqədar təbliğat kampaniyasını davam etdirir. Bundan sonra da ermənilərin törətdikləri bu vəhişilikləri dünya ictimaiyyətinə çatdırmaq bizim borcumuzdur.
Xocalı soyqırımı təkcə azərbaycanlılara yox, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Sücəddin Əbdülov,
"Tərəqqi" medallı, Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan
Zona Uşaq Reanimasiya şöbəsində 23 il şöbə müdiri işləmiş,
ali dərəcəli sertifikat almış reanimatoloq
Reytinq: