Heqiqet.Az » tehsil » İnsanlığa qarşı törədilmiş qanlı faciə


İnsanlığa qarşı törədilmiş qanlı faciə

30-03-2024, 19:53
Çap et
Son illər 31 Mart soyqırımı ilə bağlı aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Ölkə başçısı İlham Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki: “mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.”
Həmin günlərdə Türkiyə öz qardaş köməyi ilə Azərbaycanı xilas etdi. Qazanılmış müstəqilliyin təhlükədə olduğunu hiss edən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 4-də Türkiyəyə müraciət edərək ondan kömək istədi. Bu müraciətin nəticəsi olaraq iki ölkə arasında saziş imzalandı. Azərbaycan hökuməti ölkənin erməni-rus hərbi birləşmələrinin qanlı təcavüzlərindən xilas edilməsi, dövlət müstəqilliyinin qorunub saxlanılmasını Türkiyə hökumətindən xahiş etdi. Türkiyə Silahlı Qüvvələrinin komandanı, general Ənvər Paşa Azərbaycanın hərbi yolla xilasına Qafqaz İslam Ordusunun yaradılması ilə başladı. Nuru Paşa ordunu təşkil etdiyi müddətdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı, sözün əsl mənasında, soyqırımları həyata keçirdilər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız, əliyalın insan erməni vəhşiliyinin qurbanı oldu.
Ermənilər tərəfindən törədilən “31mart azərbaycanlıların soyqırımı”ndan 106 il ötür. Erməni vandalları azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində 200 il, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər əraziləridə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.
Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa edirik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlər həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, ermənin terrorunun, soyqırımını əks etdirən açıq muzeylər, abidələr yaradılmalıdır.
Lakin biz unutmamalıyıq ki, ermənilər Azərbaycan və türk xalqlarına qarşı həmişə düşmən mövqe tutublar. Ona görə xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, tarixi sübutlar əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış, heç bir həqiqəti əks etdirməyən fikirləri dəyişdirmək üçün davamlı iş aparılmalıdır. Bütün imkanlardan, platformalardan istifadə edərək hadisələri olduğu kimi çatdırmaq, ona hüquqi-siyasi qiymət verdirmək, ermənilərə fürsət verməmək üçün daha da fəal olmalıyıq. Bu nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir.

Könül İbrahim qızı Səmədova,
ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri,
filologiya elmləri doktoru, dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını" media medalı mükafatları laureatı
30.03.2024
Reytinq: