Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fədakarlığı və bacarığı əyani sübutdur25-08-2024, 22:33
Çap et Heydər Əliyev Fondu öz prezidentinin rəhbərliyi altında Azərbaycanda mədəniyyət diplomatiyasının mütəşəkkil, sistemli, müasir dövrün çağırışlarına uyğun, ən əsası, təkcə lokal çərçivədə deyil, qlobal miqyasda həyata keçirən ilk və ən böyük təşkilatdır.
Heydər Əliyev Fondu ulularımızdan yadigar qalmış mədəniyyət incilərinin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir. 2009-cu ildə aşıq sənətinin, habelə Novruz bayramının UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi də fondun bu sahədəki əzmkar fəaliyyətinin nəticəsidir. Eyni zamanda Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya texnologiyalarının inkişafı prosesi bəzi hallarda mütərəqqi mahiyyətindən uzaqlaşaraq milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Belə bir şəraitdə xalqın milli “mən”inin, mənəvi dəyərlərinin qorunması məsələsi vacib və aktual problem kimi önə çıxır. Ötən 20 ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileyinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin cüzi qismidir. Bu sahəyə qayğını fəaliyyətində daim üstün istiqamətlərdən biri kimi nəzərdən keçirən Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir. Tarixi mədəniyyət abidələrinin təmiri və bərpasına göstərdiyi kömək də Heydər Əliyev Fondunun həyata keçirdiyi qlobal layihələr sırasındadır. Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da fondun həyata keçirdiyi mütərəqqi layihələrdəndir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan fonda əzmlə rəhbərlik edən Mehriban Əliyeva nəinki Azərbaycanda, habelə xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Son illərdə fondun təşkilatçılığı ilə İtaliyanın paytaxtı Romadakı Müqəddəs Pyotr və Marsellina sərdabəsi bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən Hollandiya, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə bir sıra təhsil ocaqları müasirləşdirilib, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilib. 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilən fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür. Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunmuşdur. Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında Rusiyada “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin il mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir. Heydər Əliyev Fondunun prezidenti eyni zamanda Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif olunmuşdur. 2010-cu ilin fevralında Azərbaycanın birinci xanımı Fransanın “Şərəf legionu” ordeninə, avqustunda isə UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. 2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il aprelin 13-də isə MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib. 2014-cü ilin mayında Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb. Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən ında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb. Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub. Müasir zamanda mədəniyyət diplomatiyası milli maraqların təbliği, münasibətlərin qurulması, anlaşmanın əldə olunması üçün beynəlxalq əlaqələrin çox önəmli amili rolunda çıxış edir. Respublikamızın Şərq və Qərb mədəniyyətləri arasında tutduğu mövqe, bu iki dünyanın zəngin mədəni irsinə sahibliyi, tolerantlığı və multikultural dəyərlərə sadiqliyi mədəniyyət diplomatiyasında ölkəmizin önəmini son dərəcə artırır. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın son 20 ildə inamla rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı vaxtdan digər sahələrdəki nailiyyətləri ilə yanaşı, dünyada mədəniyyət diplomatiyasının da mükəmməl örnəyini yaratmaqdadır. Fond fəaliyyətə başladığı 2004-cü ilin may ayından ali məqsədini bəyan edib: ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş şəkildə təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması! Bir çox tədqiqatçılar bu məqsədləri Heydər Əliyev Fondunun novatorluğu kimi də qiymətləndirirlər. Ölkə başçısı İlham Əliyev fondun fəaliyyətini yüksək dəyərləndirərək bu nüfuzlu qurumun Azərbaycan xalqını və dövlətini daim yeniləşməyə və müasirləşməyə səslədiyini xüsusi vurğulamışdır: “Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, ölkəmizin dünyaya olduğu kimi təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür...” Hazırda xalqın yüksək məhəbbətini və inamını qazanan Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, böyük rəhbərin xatirəsinə layiq fəaliyyət göstərir. Fondun prezidenti Mehriban xanım Əliyeva millətin gələcəyinə hesablanmış bu xoşməramlı missiyanı uğurla davam etdirir, milli intibah prosesinə yeni və dəyərli töhfələrini verir.Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədərdir: qurum təkcə milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin beynəlxalq aləmdə təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır. Ümummilli liderin ideyalarını yaşadaraq bu nüfuzlu qurum öz prezidentinin rəhbərliyi altında elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılmasına, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmininə, sivilizasiyalararası dialoqun təşviqinə, nüfuzlu beynəlxalq qurumlarla beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsinə və bu istiqamətdə son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır. Bu nüfuzlu qurumun fəaliyyəti son 20 ildə daim böyük marağa səbəb olmaqla layiqincə dəyərləndirilmişdir. Fondun prezidentinin hələ 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi də nəcib və humanist missiyaya beynəlxalq səviyyədə verilən ali qiymətdir. Azərbaycanın birinci xanımı “Qızıl ürək” Beynəlxalq mükafatına, habelə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlıq Fondunun mükafatına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, Fransanın “Şərəf legionu” ordeninə, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaç ordeninə, UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunan Mehriban xanım Əliyeva 2012-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adını almışdır. İNTERPOL-un 2011-ci ildə təsis etdiyi - “Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə” yadigar medalının bütün dünyada ilk dəfə olaraq Mehriban xanım Əliyevaya təqdim olunması da onun gördüyü işlərə verilən diqqətin parlaq bir nümunəsi kimi böyük tarixi əhəmiyyətə malikdir. Fondun prezidenti humanitar sahədəki fəaliyyətinə görə həmçinin “Birlik ulduzları” mükafatı ilə təltif edilmişdir. Azərbaycanın birinci xanımı Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən “İlin birinci xanımı” (First ledy) seçilmişdir. İslam mədəni irsinin dünyada təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunmuşdur. Dünyanın ən nüfuzlu ictimai təşkilatlarının, mədəniyyət qurumlarının Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevanın şəxsiyyətinə göstərdiyi yüksək etimad, ümumilikdə dünyanın onun timsalında Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, incəsənətimizə göstərdiyi diqqətin ifadəsidir. Bu seçimlər, eyni zamanda, birinci xanımın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə daha bir əyani sübutdur. Doğum gününüz mübarək, əziz Mehriban xanım! Dr.Həsənağa Babayev Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|