Naxçıvan səfərimlə bağlı xatirələr ...23-09-2024, 17:01
Çap et Sevil Ağayeva
Naxçıvana ilk səfərim idi, mənim üçün çox yaddaqalan günlər oldu. Xüsusilə, tarixi abidələrə baş çəkərkən göz önümə gələnlər, məktəbvaxtı oxuduğum tarixi kitabları, mövzuları, hadisələri xatırladım. Sovet dövrü dağıldıqdan sonra xalqımızın xilaskarı, Azərbaycanın ən yeni tarixini quran ümummulli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr yaddaşımda canlandı. Uşaqlaşdım, ömrümdən keçən illərə qayıtdım bir anlıq... Avqustun 8-də Bakıdan dostlarımın təkidi ilə Naxçıvan Muxtar Respublikasına səfər etdim. Səfər müddəti 10 gün nəzərdə tutulmuşdu, amma mən 1 həftə qalmalı oldum. 1 saat uçuş və Naxçıvan şəhərindəyəm. Gediş öncədən planlaşdırıldığı üçün dostlarım məni zamanında qarşıladı, bundan mən müsbət enerji və zövq aldım. Əvvəlcədən mənim üçün nəzərdə tutulmuş evə gəldim, səfər edəcəyim məkanlar əvvəlcədən danışılmışdı. Bir az dincəldikdən sonra şəhərə çıxdıq. Şəhərlə yaxından tanış olmaq üçün bələdçi dostlar mənə yaxından kömək etdilər. Şəhərdə getdiyim ilk məkan – I Qarabağ müharibəsi şəhidlərinin qəbrini ziyarət etmək oldu. Vətən üçün canlarından keçən igid oğullarımızın əziz xatirəsini yad etdik. Xiyabandan aralı o möhtəşəm Araz çayı gecəyə doğru gedən görüntüdə mənə çox hüznü göründü. Həqiqətən, Araz çayı aramızda olan böyük bir həsrətin şahididir. Bir anlıq qəhərləndim: Arazı ayırdılar, Qan ilə doyurdular, Mən səndən ayrılmazdım, Zor ilə ayırdılar. Dodaqaltı biixtiyar bu misraları pıçıldadım, beynimdə film kadrları kimi Bütöv Azərbaycanımızın ikiyə ayrılması ilə bağlı ağrılı-acılı tarixi hadisələr canlandı. Qəflətən, bir səs məni elə bil yuxudan ayıltdı. Dostum idi məni çağıran. Sevil xanım, deyəsən hava çox sərinlədi, üşüdərsiniz. Gedək, sabah davam etdirərik. Amma evə getməzdən öncə dostlarımın tövsiyəsi ilə Duz Dağına getmək qərarına gəldik. Çünki səhhətimdə problemlər var idi. Yolboyu dostuma bu barədə bir sıra suallar verdim, şəhərin valehedici görünüşü, silsilə dağlar diqqətimi özünə çəkmişdi. Nəhayət, bu da haqqında çox danışılan Duz Dağı. Nəzərinizə çatdıraq ki, xarici turistlərin bu məkana böyük axını var. Bu möhtəşəm məkanla yaxından tanış oldum, qeydiyyatdan keçdim, baş həkimlə görüşdüm. Özüm haqqında xoş sözlər eşitdim və səmimi söhbətdən sonra, qalacağım sehirli məkana getdim. Duz Dağ həqiqətən Allahın xalqımıza bəxş etdiyi möcüzəvi bir yerdir. Allergiya, astma, zob və müxtəlif xəstəliklərdən əziyyət çəkənlər bu sehirli aləmdə davasız-dərmansız müalicə alırlar. Xüsusi spesifik qoxuya malik olan müalicə müəssisəsi minlərlə insanı öz sağlamlığına qovuşdurur, insan beynini təmiz oksigenlə qidalandırır. Allahıma bu günü mənə bəxş etdiyinə görə şükür etdim. Qeyd etmək yerinə düşər ki, “Badamlı”, “Sirab” kimi müalicəvi sular məhz respublikamızın bu gözəl diyarında çıxır. Ancaq Naxçıvan əsasən özünün nadir duz mağarası ilə məşhurdur. Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ” Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Sovetlər dövründə SSRİ-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapıb. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planetimizin əhalisinin təqribən 10 faizi allergik xəstəliklərdən əziyyət çəkir ki, bunun da 1,5-2 faizi bronxial astmanın payına düşür. Məlumata görə, dünyada 15 milyon nəfərə yaxın insan bronxial astmalı xəstədir. Bir çox xəstəliklərin, həmçinin bronxial astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni spleoterapiya daha səmərəlidir. Duz dağda pilləkənlər bərabər ölçüdə deyildi, ona görə çalışırdım ki, ehtiyatlı olum. Zərif lampa işıqları və Duz dağın parıldayan daşları çox maraqlı gəlirdi mənə. Duz Dağda xoşuma gəlməyən ən əsas məqam təmizlik işi görən xanımların xəstələri saat 8 əvəzinə, saat 6-da narahat etmələri idi. Bir qədər də gigiyena qaydalarına riayət olunmaması idi. Bu xoşagəlməz hallar aradan qaldırılsa idi, daha yaxşı olardı. Bundan başqa, Duz Dağında bəzi yerlərin təmirə ehtiyacı var. Xaricdən gələn turistlərin ən çox gəldiyi bu məkanda xidmət səviyyəsi də çox aşağıdır. Naxçıvanda dahi şairimiz Hüseyn Cavidin ev-muzeyində olmaq istədik. Amma muzey təmirə bağlansa da, hələki heç bir iş getmirdi. Yollandıq Xan Sarayına. Bələdçi Nərgiz Kəngərli sarayla bağlı ətraflı məlumat verdi. Muzeyi gəzdik, bu möhtəşəm tarixi abidə ilə yaxından tanış olduq. Sadə şəkildə inşa olunmuş abidənin üzərində İslam xəlifəsinin adları həkk edilmiş 4 ədəd möhür var idi. Xan Sarayının divarlarlnda Müqəddəs Qurani Kərimdən Yasin surəsindən ayələr həkk olunmuşdu. Sarayın memarı Əcəmi Naxçıvaniyə məxsus divara həkk olumnmuş misralar var idi: Biz gedirik ancaq qalar ruzigar, Biz ölürük, əsər qalar yadigar. Daha sonra yollandıq Mömünə xatun türbəsinə. Şərq memarlığı üslubunda tikilmiş saray siyasi İqamətgah hesab olunub. Sarayı Gəngərlilər sülaləsi idarə edib. Muzeyin digər giriş hissəsində əl işlərindən ibarət aksessuarlar, təbii daşlar, ziynət əşyaları nümayiş olunur, həm də satış edilir. Məkana turist axını çoxdur. Satışı həyata keçirən Naxçıvan Dövlət Universitetinin müəllimi, heykəltaraş Əzizə xanımın anası Aygün Dünyamalıyeva mənə əl işi olan ikona bağışladı. Sağlamlığa xeyri olan - əqiq, nakit kimi qiyməyli daşlar da satılırdı. By yaxınlarda isə sərgi Saat meydanına köçürüləcək. Eyni zamanda, Duz Dağında da bu şəfalı qiymətli daşlarım satışı və sərgisi təşkil olunacaq. Qeyd edək ki, bu sərginin rəhbəri Aygün Dünyamalıyeva çox pozutuv və müsbət enerjili bir xanımdır, işini çox sevir, möcüzəvi daşlar haqqında dayanmadan saatlarla maraqlı məlumatlar verir. Səmimiyyətinə, qonaqpərvərliyinə görə Aygün xanıma təşəkkürümü bildirdim. Gəzintimizi Bəhruz Kəngərlinin ev muzeyinə baş çəkməklə davam etdirdik. Vaxtilə bu muzey haqqında ümummilli lider Heydər Əliyev çox dəyərli fikirlər bildirmişdi: “ Bu muzey sənətşünaslar, tədqiqatçılar üçün çox faydalıdır.” Heydər Əliyev 2012-ci il aprelin 13-də Bəhruz Kəngərlininin 120 illik yubileyi haqqında sərəncam imzalamışdı. Muzeydə Bəhruz Kəngərlinin, ailə üzvlərinin fotoşəkilləri və əşyaları nümayiş olunur. Bəhruz Kəngərli 1892-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Bəhruz Kəngərlinin bədii irsinə daxil olan əsərlərinin böyük əksəriyyətini mənzərələr təşkil edir. Bəhruz Kəngərli daim axtarışlar aparan, təbiətin sehrli gözəlliklərini dərk etməyə, rənglər vasitəsilə onu ifadə etməyə çalışan bir rəssam idi. İstedadlı fırça ustası mənzərə janrında yaratdığı əsərlərində Naxçıvan təbiətini məhəbbətlə vəsf etmişdir. Naxçıvanın özünəməxsus koloriti, bitki örtüyü, söyüd ağacları, uca dağlarının əzəməti, geniş üfüqlər Bəhruz fırçasının rəsmlə çəkdiyi mövzulardır. “Payız mənzərəsi Əshabi-Kəhf dağı” (1921), “Dağın zirvəsi” (1918), “Mənzərə” (müxtəlif illər), “Qarlı dağlar: Ağrı dağı” (1916), “Yamxana kəndinə yol” (1921) və digər mənzərə janrında yaratdığı əsərləri ilə yanaşı, rəssamın memarlıq abidələrinə həsr edilən əsərlərinin misli-bərabəri yoxdur. Rəssam Azərbaycanın qədim tarixinin, möhtəşəm dövlətçiliyinin göstəricisi olan orta əsrlərə aid memarlıq abidələrini təsvir etməklə qiymətli sənət əsərləri yarada bilmişdir. “Naxçıvanda Atabəylər türbəsi” (1915-1920), “Naxçıvanda abidə” (1921), “Möminə Xatın türbəsi” (1920), “Naxçıvanda məscid” (1919), “İmamzadə türbəsi” (1919) və bu kimi əsərləri xüsusən önəmlidir. II Şəhidlər Xiyabanına gəldik. 44 günlük müharibədə Vətən yolunda canından keçmiş şəhidlərimizin əzizi xatirəsini yad etdik. Məzar daşlarından boylanan o nurlu simalara baxdıqca göz yaşlarımı saxlaya bilmədim. Qürur hissi, kədər hissi bir-birinə qarışmışdı içimdə. Məhz onların cəsarəti, gücü, döyüşkən ruhu sayəsində 30 il düşmən tapdağı altında qalan torpaqlarımız azad oldu, biz yenidən qədəm qoyduq yurd-yuvamıza. Yolumuzu Ordubaddan saldıq. İlk baş çəkdiyimiz yer Məmməd Səid Ordubadinin bağlı qalmış ev muzeyi idi. Nədənsə, həm Naxçıvanda, həm Ordubadda qarşıma çıxan ev muzeylərinin əksəriyyəti fəaliyyət göstərmirdi. Haçadağa gəldik. Təbiətin böyük abidəsi, qədim Naxçıvanın rəmzi Haçadağ haqqında yazmaq, öz düşüncələrimi oxucularla bölüşmək istəyi ilə yolumu bu yerlərə saldım. Haçadağa qurşaq olan el yolu aram-aram bizi zirvəyə səsləyirdi. Bu yerlərdə gözəllik ibrətamizliyə, həqiqət əfsanəyə qovuşur. Diqqətlə qalalar səltənətinə, Haçadağa baxıram. Mənə elə gəlir ki, Haçadağ sanki nizami bir orduya sərkərdəlik edən yaraqlı-silahlı bir Vətən övladıdır. Bu dağ uzun əsrlər heykəlləşən qeyrət tacını sinəsilə yad gözdən, bəd əməldən qorumuşdur. Haçadağın dağ zirvəsinə baxdıqca aşağılarda yaşıllıqlar qoynunda qərq olan cığırlar gümüşü bir kəmər kimi bu qeyrət rəmzinin başına dolanır. Mavi göylər lap uzaqlardan dağın zirvəsinə həsrətlə baxır, göylə Haçadağın zirvəsi arasındakı ənginlikdə qartallar qanad gəzir, pərvanələr tək dağın zirvəsində dövrə vururlar. Gecələr qoynunda qartallar dinclik tapır, güc alır, gündüzlər isə Haçadağın qoynundan uçub ənginliklərə ucalırlar. Qartallar yurdu da, yuvası da bu Haçadağdır. Sanki yaxınlıqda-Əlincə çayının o tayında məğrur-məğrur dayanan, düşmənlərdən bac alan Əlincə qalası da, Haçadağa arxalanır, dövran sürür. Deməli, dağ olmasa qaya, qaya olmasa qala, qala olmasa qartal olmaz. Sanki uluların qeyrətindən yoğrulub-yapılıb. Bu ulular sığıncağı Haçadağ barədə könüllərdə bir neçə qəribə əfsanə yaşayır. Nuh əyyamından, qoca dünyadan qalan əfsanə. Ordubadda turistlərin diqqətini cəlb edən məkanlardan biri də Dübəndi İstirahət Mərkəzidir. Yemək yedik, mürəbbə ilə samovar çayı və sərinlik verən ağaclar bizim yorğunluğumuzu çıxardı. Pauza musiqi Naxçıvan Muxtar Respublikasına səfər edən qonaqların bu torpaqda ilk ayaq basdığı məkanlardan biri buranın şöhrətini bütün dünyaya yayan müqəddəs Əshabi-Kəhf ziyarətgahıdır.Əshabi-Kəhf ziyarətgahı Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir. Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan ulu tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” məhz Naxçıvandadır. “Əshabi-Kəhf” ziyarətgahının adı ərəb dilindən götürülüb. "Əshab” yeniyetmə cavan oğlanlar, "kəhf” isə mağara, sığınacaq yeri deməkdir. "Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir. "Əshabi-Kəhf” ziyarətgahında "Yeddi kimsənə”, "Cənnət bağı", ziyarətgahda yerləşən məscid, "Qara daş”, "Damcıxana” insanların daha çox dualar edib ziyarət etdiyi məkanlardandır. Naxçıvanda Cənubi Qafqazın ən böyük məscidlərindən biri hesab olunan Heydər Məscidi də çox möhtəşəm bir tikilidir. Heydər Məscidi kompleksi "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında şərq üslubunda işlənmiş memarlıq quruluşu ilə ucaldılıb. Kompleksin sahəsi 6 400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə vardır. Məscid iki minarəli və 15 günbəzlidir. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunmuş məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Kompleksdə Naxçıvan Muxtar Respublikası qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar vardır. Heydər Məscidi kompleksi "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında şərq üslubunda işlənmiş memarlıq quruluşu ilə ucaldılıb. Kompleksin sahəsi 6 400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə vardır. Məscid iki minarəli və 15 günbəzlidir. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunmuş məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Kompleksdə Naxçıvan Muxtar Respublikası qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar vardır. Heydər Məscidin yaxınlığında yerləşən Nuh Peyğəmbər türbəsinə gəldik. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. Elmi araşdırmalar nəticəsində Nuh peyğəmbərin məzarüstü türbəsinin yeri təyin olunub, aparılan arxeoloji qazıntı zamanı türbənin özülü, naxış elementləri tapılaraq bərpa işlərinə başlanılıb. Türbə 3 hissədən — sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib. Türbənin hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Nuh peyğəmbərin məzarüstü türbəsi 8 guşəlidir. Türbənin özülü tapılarkən 8 guşəli və girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirilib. Ona görə də bərpa zamanı türbənin əvvəlki görkəminin yaradılmasına ciddi diqqət yetirilib. Naxçıvanın Nehrəm qəsəbəsindən keçərkən adı və dadı dillər əzbəri olan Nehrəm qarpızı aldıq. Nehrəm dadlı-tamlı pendiri, barlı torpağı və bu torpağı qiymətə mindirən şirin ləhçəli insanları, bir də qarpızı ilə tanınır. Qarpızı aldıq, kısib dadına baxdıq. Qarpız soyuq olmasa da, bal kimi dadı adamı sərinlədirdi. Naxçıvana səfər edən hər kəs bu yerlərin təkrarsız təbiəti və unudulmaz mənzərələrinə heyran qalır. Naxçıvanın misilsiz mənzərələrindən biri dəniz səviyyəsindən 2 500 metr yüksəklikdə Şahbuz rayonunda yerləşir. Burada gözəlliyi ilə görənləri heyran edən Batabat gölü yerləşir. Gölün unikal cəhətlərindən biri üzərində valehedici torf adalarının olmasıdır. Ərazinin təbii gözəlliyi və Naxçıvan şəhərinə yaxın məsafədə yerləşməsi buranın yerli sakinlər üçün məşhur piknik ərazisinə çevrilməsinə səbəb olub. Göl ərazisi yabanı güllərin çiçəklədiyi vaxtlarda xüsusən gözəl olur. Diqqətimi cəlb edən bir şey də göl ətrafına arı yeşiklərinin qoyulması və təmiz balların satılmasıdır. Naxçıvan Muxtar Respublikası əlverişli iqlim şəraiti və qədim tarixi ənənələri ilə böyük arıçılıq potensialına malikdir. Ölkəmizin bir çox bölgələrində olduğu kimi, Naxçıvanda da arıçılıq aqrar istehsalın davamlılığını və səmərəliliyini təmin edən gəlirli sektorlardan biridir. Qədim diyarımızda kifayət qədər nektarlı bitki növlərinin olması burada arıçılığın inkişafına səbəb olub. Naxçıvan balı öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə seçilir. İnsan üçün ən dəyərli qida məhsullarından biri də baldır. Balın tərkibində insan üçün xeyirli maddə və zülallar vardır. Naxçıvan balı öz dadı, görünüşü və digər üstün keyfiyyətlərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə də yaxşı tanınır və yüksək qiymətləndirilir. Tərkibi mineral maddələrlə zəngin olan Naxçıvan balı və arıçılıq məhsulları həm də müalicəvi əhəmiyyətə malikdir. 4,7 hektarlıq Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı xüsusi layihə əsasında qurulub. Burada musiqili fəvvarə və şəlalə kompleksi qoyulub, karusel və attraksionlar quraşdırılıb, kanalda qayıqla gəzinti üçün şərait yaradılıb, dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi möhtəşəmdir. Parkın baş tağı yenidənqurma işlərindən sonra əzəmətli görkəm alıb. Naxşivanda klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı” 2 mərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. 2 girişi olan binada 5 dükan, uşaq əyləncə bölməsi, gənclər üçün intellektual oyun zalı, otel, 4 zaldan ibarət 125 yerlik kinoteatr, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə Naxçıvan, eləcə də Türkiyə, Çin, gürcü, yapon və ingilis mətbəxlərinin nümunələri təqdim olunur. Geyim dükanlarında dünya firmalarının məhsulları alıcılara təklif edilir. Kinoteatrda "CinemaPlus" kinoteatrlar şəbəkəsi tərəfindən ən yeni dünya və yerli filmlər nümayiş olunacaqdır. 3D texnologiyası, rəqəmsal kinoproyektorlar, müasir işıq və səs sistemləri filimləri yüksək keyfiyyətdə təqdim etməyə imkan verəcəkdir. Türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün vəfatının 82-ci ildönümü münasibətilə Naxçıvan şəhərində ucaldılan büstünü ziyarət etdim. Büstün üzərində həkk olunmuş misra mənim diqqətimi cəlb etdi: Azərbaycan halkının sevinci sevincimiz, kədəri kədərimizdir… Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|