44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün taleyüklü bir döyüş oldu27-09-2024, 12:53
Çap et Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr-Vətən müharibəsinin başladığı gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə Anım Günü kimi qeyd olunur. Bu il biz artıq dördüncü ildir ki Anım Gününü qeyd edirik.
Ermənistanın Azərbaycan torpaqlarına qarşı uzunmüddətli işğalçılıq siyasəti keçmişə söykənir. Tarixən Azərbaycan ərazilərində məskunlaşan ermənilər zamanla öz işğalçı niyyətlərini ortaya qoymuş və bu siyasət, xüsusilə Qarabağ bölgəsinə yönəlmişdir. Ermənilər Azərbaycan ərazisində məskunlaşan zamandan etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Ölkəmizin ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlətimiz və Prezidentimiz əlindən gələni etmiş, siyasi dialoqdan heç bir zaman geri durmamış, münaqişənin həlli üçün yaradılmış beynəlxalq qrumlarla sıx əməkdaşlıq edərək onlara lazımi köməyi göstərmişdir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi daxil olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmış, işğalçı Ermənistana qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Başda ATƏT-in Minsk qrupu olmaqla münaqişənin həlli üçün “çalışan” qurumlar nəinki münaqişənin həll olunması üçün ciddi iş görməmiş, azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmamış, Ermənistanın torpaqlarımızda törətdiyi terror hadisələrinə, tarixi, dini, mədəni abidələrimizin dağıdılmasına, erməni vandalizminə heç bir münasibət bildirməmiş, hətta əsrin ən qanlı hadisələrindən olan Xocalı Soyqırımı ilə əlaqədar heç bir tədbir görməmişdir. Əsrlərdən bəri ermənilər tərəfindən xalqımızın başına gətirilən bu faciələrə ilk hüquqi qiymət verən Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı imzalamaqla nəinki yalnız 1918-ci il 31 mart hadisələrinə, ümumilikdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət vermişdir. Azərbaycan xalqı heç vaxt Ermənistanın işğalçı siyasətini qəbul etməmiş və bu işğala qarşı hər zaman mübarizə aparmışdır. Xüsusilə 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ildə Tovuzda baş verən döyüşlərdə Azərbaycan Ordusu ermənilərə qarşı qətiyyətli müqavimət göstərmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişdilər. 2020-ci il 27 sentyabr tarixində yenidən təxribat törədən Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirmiş, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını artilleriya atəşinə tutmuş, nəticədə, hərbi qulluqçular ilə yanaşı dinc sakinlərimiz də həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Ali Baş Komandanımız İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Bununla da erməni təcavüzünün qarşısını almaq üçün başlamış əks-hücum əməliyyatları uğurla davam edərək dövlətimizin ərazi bütövlüyü uğrunda müqəddəs Vətən Müharibəsinə çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qüdrətli Ordumuz cəmi 44 gün müddətində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu Zəfər, xalqımızın uzun illərdən bəri gözlədiyi azadlıq sevincini gətirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün taleyüklü bir döyüş oldu. Bu gün, Azərbaycan xalqının qələbə salnaməsinin başlanğıcı kimi qeyd olunur. Azərbaycan Silahlı Qüvvələri noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edərək Ermənistanın onillər boyu davam edən təcavüzkar siyasətinə son qoydu. Nəticədə, 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında bütün hərbi əməliyatların dayandırılması barədə bəyanat imzalandı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizə əzmini, qələbə ruhunu və vətənpərvərliyini bir daha sübut etdi. Azərbaycan xalqı bir daha tarixdə qalib xalq kimi tanındı və əbədi olaraq yaddaşlarda yaşayacaq şanlı Zəfəri qazanmağa nail oldu. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirərək ərazi bütövlüyümüzü bərpa etdi. Cənubi Qafqazın ən qüdrətlisi olan Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin inkişafı ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsidir ki, 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində erməni işğalının son qalıqları olan xunta rejimi də məhv edildi. Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Ləzifə Nağı qızı Qasımova, Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|