Heqiqet.Az » iqtisadiyyat » “Azərtütün” ASC bu il istehsalçılardan 8 min tondan çox yaş tütün qəbul edib


“Azərtütün” ASC bu il istehsalçılardan 8 min tondan çox yaş tütün qəbul edib

4-11-2024, 13:45
Çap et
Respublikanın şimal-qərb rayonlarının tütünçülük təsərrüfatlarında yaş tütün yarpağının dərimi başa çatıb. Mövsüm ərzində Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən “Azərtütün” ASC-nin tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 8 min 188,8 ton yaş tütün daxil olub.
Bu barədə Səhmdar Cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 662,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 218,3 hektarı şirkətə, 443,8 hektarı isə fermerlərə məxsus sahələrdir. Tütün istehsalı ilə əlaqədar 57 fermerlə müqavilə bağlanıb.
Mövsüm ərzində emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 5037,9 ton, Qax rayonu üzrə 1411,9 ton, Zaqatala rayonu üzrə 780,4 ton, Balakən rayonu üzrə 535,2 ton, Oğuz rayonu üzrə isə 423,5 ton yaş tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaş tütündən 1211,4 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.
Hazırda emal məntəqələrindəki tütünqurutma kameralarında yaş tütünün qurudulması prosesi davam etdiyindən quru tütün istehsalının daha da artacağı gözlənilir.
Reytinq: