Heqiqet.Az » siyaset » Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 07 noyabr tarixli plenar iclasında çıxışı


Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 07 noyabr tarixli plenar iclasında çıxışı

7-11-2024, 12:33
Çap et
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, sabah xalqımız Zəfər Gününü qeyd edəcək. Dörd il bundan əvvəl noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Vətən müharibəsində Zəfər yürüşünü qələbə ilə başa çatdırmışlar. 44 gün ərzində cəsur əsgər və zabitlərimizin Qarabağ torpağında hər addımı, azad edilmiş torpaqlarda yüksəldilən hər bayrağımız ilə Azərbaycanın qanuni hüquqları bərpa edilmişdir.
8 Noyabr Zəfəri sayəsində əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulması təkcə bizim ölkəmiz üçün deyil, həm də türk dövlətləri, bütün dünya üçün tarixi bir hadisədir.
Haqq-ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi sayəsində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşmişdir. Son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulmuşdur. Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlanmışdır.
Hörmətli həmkarlar!
Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil etmişdir. Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olmuşdur.
Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edərək Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirmişdir.
Bununla əlaqədar mən möhtərəm cənab Prezidentin sözlərini xatırlatmaq istərdim: “Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.
Hörmətli deputatlar!
Hazırda bölgədə daimi sülh və sabitlik yaradılması məqsədi ilə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Ermənistanla danışıqlar davam etdirilir. Göstərilən bütün təzyiqlərə, maneələrə, xüsusən bölgədən kənar qüvvələrin cəhdlərinə baxmayaraq, sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır.
Hörmətli həmkarlar!
Bu gün öz həyatının yeni dövrünü yaşayan Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri getdikcə daha geniş vüsət alır. Məcburi köçkünlərimiz doğma yurdlarına dönərək dinc həyata başlayırlar.
Xüsusi qeyd edilməlidir ki, dövlət başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva müntəzəm olaraq bölgəyə səfərlər edir, aparılan işləri diqqətdə saxlayırlar.
Hörmətli həmkarlar!
İcazə verin, tarixi qələbələri Azərbaycana bəxş etmiş Ali Baş Komandana, Silahlı Qüvvələrin əsgər və zabitlərinə, qazilərimizə minnətdarlığımızı bildirək və onları ürəkdən təbrik edək.
Təklif edirəm, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin rifahı və tərəqqisi naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.
Hörmətli deputatlar!
Biz həm Birinci, həm də İkinci Qarabağ müharibəsində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda canından keçmiş şəhidlərimizi, Ermənistanın soyqırımı və dövlət terrorizmi aktları nəticəsində qətlə yetirilmiş dinc soydaşlarımızı heç zaman unutmuruq, onların xatirəsini daim əziz tuturuq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hörmətli həmkarlar!
Son olaraq onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın tarixi qəhrəmanlıq, mərdlik və mətinlik tarixidir. Xalqımız bütün çətinliklərə sinə gərmiş və həlledici döyüşdə Zəfər qazanmışdır. Bu gün biz döyüş meydanında qələbə ilə birlikdə, bütün xalqımızı birləşdirən, onu “dəmir yumruğa” çevirən yenilməzlik ruhunu da qeyd edirik. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq, siyasi və iqtisadi qüdrətini artırmaq, mədəniyyətini inkişaf etdirmək, xalqın rifahını yüksəltmək əzmi ilə gələcəyə doğru inamla addımlayır.
Reytinq: