Heqiqet.Az » gundem » Heydər Əliyev irsi bizim milli sərvətimizdir


Heydər Əliyev irsi bizim milli sərvətimizdir

9-12-2024, 21:42
Çap et
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və işıqlandırılması həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir.
Heydər Əliyevin hakimiyyəti illərində mətbuatda senzuranın aradan qaldırılması, məhkəmə islahatlarının keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi elan edilməsi, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və yüzlərlə bu sıradan olan siyasi-hüquqi islahatlar nəticəsində Azərbaycan, sözün əsl mənasında, demokratik-hüquqi dövlətə çevrilib.
Ulu Öndər həm də milli şüurla dövlətçilik şüurunu birləşdirmək kimi ən müqəddəs vəzifəni yerinə yetirib. “Biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” deyən dahi şəxsiyyət “azərbaycançılıq məfkurəsi”ni yaratmaqla, mənəvi dəyərlərimizi bütün ölkə miqyasında birləşdirərək ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirib. Əslində, elə “dünya azərbaycanlıları” anlayışı, dünya azərbaycanlılarının birlik kimi gücünün-qüdrətinin dəyərləndirilməsi də Ulu Öndərin adı ilə bağlıdır.
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Bizim hər birimiz, bütün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edirik. Millətin və dövlətin ali mənafeyini öz fəaliyyətində əsas prinsip və norma kimi qəbul etmək, xalqın səsinə-çağırışına cavab vermək, hətta həyatını təhlükəyə atmaq bahasına olsa belə, millətin haqq səsini dilə gətirmək, tarixi məqamlarda məsuliyyəti öz üzərinə götürmək Heydər Əliyev şəxsiyyətini digər rəhbərlərdən kəskin fərqləndirən xüsusiyyətlərdir. Məhz bu səbəbdən biz əminliklə deyirik ki, Heydər Əliyev irsi bizim milli sərvətimizdir.

Leyla Ağayeva,
ictimai müxbir
Reytinq: