Heqiqet.Az » sehiyye » Ulu Öndər xalqımızın qəlbində daim yaşayacaq


Ulu Öndər xalqımızın qəlbində daim yaşayacaq

9-12-2024, 21:58
Çap et
Azərbaycan tarixi şəxsiyyətləri ilə daim fəxr edib. Belə şəxsiyyətlərin hər biri ehtiramla xatırlanmaqdadır. Ümummilli lider Heydər Əliyev də belə tarixi şəxsiyyətlərdən olub.
1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Ulu Öndər Naxçıvana qayıtdıqdan sonra Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub. Azərbaycanda siyasi vəziyyət son dərəcədə kəskinləşəndə, milli qarşıdurma yarananda, separatçılıq dövlətçiliyi labüd süquta sürükləyəndə xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün yeni dövlətçilik mərhələsi yaratdı. Azərbaycan 1993-cü ildən bu günə qədər dinamik inkişaf yolundadır, möhtəşəm siyasi, iqtisadi nailiyyətlər əldə edir.
Ölkəmizin müasir müstəqil dövlət kimi inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Bu illərdə təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsası qoyuldu, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəyliyi təmin edən ideologiya yaradıldı, formalaşdırıldı.
Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Xalqımızın Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası sadəcə öz dövlətimizin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə etdi. Dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.
Əbədiyaşar Lider deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Bu günlərdə xalqımız Ulu Öndərin anım gününü dərin hüznlə yad edir. Heydər Əliyev aramızda cismın olmasa da, qəlbən bizimlədir.

Rəbbi Qasım,
“Həqiqətlər və faktlat” qəzetinin səhiyyə şöbəsinin müdiri, səhiyyə və media mükafatları laureatı
Reytinq: