Heqiqet.Az » sosial » Kamil Babayev - 70: Şərəfli ömür yolu


Kamil Babayev - 70: Şərəfli ömür yolu

9-01-2025, 15:41
Çap et
Uzun illərdir ki, Respublikamızın ictimai- siyasi həyatında fəal iştirak edən , Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini vəzifəsində çalışan , təqaüddə olan polis zabiti Kamil Babayev mənə bir kitab hədiyyə edərək dedi;" Vaxtınız olanda bu kitabı zəhmət olmasa oxuyarsınız".
Tanınmış yazıçı- şair jurnalist Əli Vəkil oğlu Səfiyevin yazdığı " Narahat ürək" adlı poetik dastan- poeması 70 yaşlı şairin 2008- ci ildə çap etdirdiyi ən sanballı və dəyərli əsərlərindəndir.
Göyçəli şair əbəs yerə əsəri
" Narahat ürək adlandırmayıb.
Axı 1988- ci ildən üzü bəri bütün Azərbaycan xalqının, düşmən taptağında olan bölgələrimizin ürəyi narahatdır .
Bu, təkcə Göyçə mahalının deyil, həm də itirilmiş digər yurd yerlərimizin dastanıdır.
Keçən əsrin əllinci illərindən ta bu günədək erməni daşnakları tərəfindən müqəddəs torpaqlarımızın işğalı, Ermənistan adlanan Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma ata baba yurdlarından qovulması, Qarabağ və ətraf rayonlarımızın işğalı , 20 Yanvar faciəsi, Xocalı soyqrımı və xalqımızın başına gətirilən digər müsibətlər dastan -poemada öz əksini tapmışdır.
Əsərin baş qəhrəmanı Kamil Rəcəbin keçirtdiyi narahatlıq hissləri , ümumiyyətlə Azərbaycan türklərinin sonsuz kədəri poemada olduqca bədii və təsirli verilmişdir.
Əsərdə müdrik ataların və onların övladlarının dostluğu əsas götürülür və əbədiləşdirilir.
Əli Vəkil Göyçə mahalının Basarkeçər rayonunun Şorca kəndində doğulmuşdur.
O 1955- ci ildə İrəvan Dövlət Pedoqoji İnstitutunun Azərbaycan bölməsinin fizika,- riyaziyyat fakultəsinə qəbul olmuş və1960-cı ildə ali məktəbi bitirmişdir.
Əli Vəkil 1964-1970 ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində oxuyaraq ikinci ali təhsil almışdır.
Bir müddət İrəvan Dövlət televiziya və radio verilişləri komitəsinin Azərbaycan bölməsində diktor- redaktor vəzifəsində çalışmışdır.
Erməni daşnak quldurlarının işğalçılıq siyasətinə dözməyən Əli Vəkil ömrünün qalan hissəsini Bakıda yaşamış və bir- birindən dəyərli əsərlər yazaraq gələcək nəslə yadigar qoyub getmişdir.
Əli Vəkil son dərəcə mehriban və qayğıkeş ziyalı idi .
" Respublika" qəzetində işləyərkən tez - tez nurani insanla görüşər və mehriban söhbətlər edərdik.
Qəzetimizin baş redaktoru, rəhmətlik Teymur Əhmədovla yaxın dost idi.
" Narahat ürək" əsərini diqqətlə oxudum.
Əli Vəkilin istedadına əhsən deyərək belə bir vətənpərvər şairin ürək yanqısıyla yazdığı poema ilə yenidən tanış oldum.Əsərin qəhrəmanı Kamil Babayevin atası Rəcəb kişiylə Əli Vəkilin atası Vəkil Səfiyev 1941-45- ci illərdə müharibə dövründə tanış olaraq dostlaşmışdılar.
Rəcəb kişi müharibədən yaralanaraq vətənə qayıtmış , Əli müəllimin atası Vəkil Səfiyev isə itkin düşmüş və bu günə qədər də tapılmamışdır.
Əli Vəkil orta məktəbi bitirdikdən sonra ata dostunu tapmış və o vaxt əsərinin qəhrəmanı Kamilin 10 yaşı var idi.
Bu dostluq uzun illər davam etmişdir.
Əli Vəkil ata dostunun övladı Kamil Babayevin ömür yolundan sohbət açmış və bir əsrdə üç dəfə erməni rus hərbi birləşmələri tərəfindən deportasiya olunmuş Göyçəlilərin dərd- qəmini Babayevlər nəslinin timsalında ürək ağrısıyla yazaraq başa çatdırmışdır.
Keçmiş sovet imperiyasının rəhbəri Stalinin göstərişi ilə və gorbagor Mikoyanın fitfasıyla 1948-52 ci illərdə Qərbi Azərbaycandan, o cümlədən Göyçə mahalından Azərbaycanlılar deportasiya olunaraq ölkəmizin aran rayonlarına, eləcə də Orta Asiya respublikalarına köçürüldülər.
1948- ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan Azərbaycan türkləri zorla köçürüləndə Rəcəb Babayev Goranboy rayonunun Qızıl Hacılı kəndində məskunlaşmış , orada 13 il yaşadıqdan sonra 1961- ci ildə doğma kəndlərinə- Göyçə mahalına dönmüşdülər.
Kamil Babayev 1955- ci ildə Qızıl Hacılıda dünyaya göz açmış və 1971- ci ildə Nərimanlı kənd orta məktəbi, 1981- ci ildə isə Gəncə Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir.

Burda Əli Vəkil yazır;

On üç il Göyçədən qərib oldular,
Doğma ev-eşiyi yada saldılar.

Altı yaşı vardı onda Kamilin,
El sevgisi qanda, canda Kamilin.

Stalin gəbərmiş, tilsim sınmışdı ,
Qərib yurdsevərlər lap usanmışdı.
Döndülər Göyçəyə çətin olsa da,
Orada od- ocaq viran qalsa da.
Arxada qoydular çətin anları,
Bu qayıdış məyus etdi " yan" ları.
Döndü yurd yerinə , döndü onlar da,
Allah, köçkün türklər gəlirlər yurda.

Kamil dərsə getdi kənd məktəbində,
Sınaqlar var idi, sınaqlar öndə .
Əlaçı oxudu, sevindi ana,
Yeni bacı, qardaş gəldi cahana.
Doğmalar min ümid bəslədi ona,
Bir gün xeyir verər o da yurduna.
Atası, babası Göyçə elindən,
Qoşma, təcnis düşməyirdi dilindən .

Səkkiz illik təhsili
Aldı öz kəndlərində.
Müdrik idi hər sözü,
Hər söhbəti yerində.
Kamil orta məktəbi
Bitirdi Nərimanlıda.
Min doqquz yüz yetmiş bir
Tez- tez düşəcək yada...

Kitabın ön sözündə AMEA - nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov yazır;
Kamil Rəcəb 1975-78- ci illərdə Qaraqoyunlu kənd Mədəniyyət evinin müdiri və həmin illərdə həm də kolxoz komsomol təşkilatının katibi vəzifəsində fəaliyyət göstərmişdir.
Erməni daşnakları haqqın tərəfində olan Kamili hər vəclə ləkələyərək həbs etdirmək istəyirdilər.
Ermənilər tarix boyu istedadlı gənclərimizə qurğu qururdular.
1978- cu ildə Basarkeçər rayonunda rəhbər vəzifələrdə çalışan ermənilərlə yola getmədiyinə görə Göyçəli gənc Özbəkistanın Almalıq şəhərinə yollanmış, 11 il Daxili İşlər orqanında milis zabiti kimi müxtəlif vəzifələrdə şərəflə işləmışdır.
Kamil Rəcəb eyni zamanda 1983-88- ci illərdə Özbəkistan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini də bitirərək ikinci ali təhsil almışdır.Lakin Almalıq şəhər Prokurorunun müavini əslən Azərbaycanın Şaumyan (indiki Ağcakənd) kənd rayonundan olan Robert Çobanyan Kamil Rəcəbə qarşı məkrli siyasət yeridərək onu oradan kənarlaşdırmaq üçün çox çirkin variantlara əl atmışdır.
Almalıdan uzaqlaşmaq məcburiyyətində qalan Kamil Rəcəb Daşkənd şəhərinə köçmüş və Həmzə rayonunda məhkəmə sistemində fəaliyyətini davam etdirmişdir.
1979- cü ilin sentyabr ayından ermənilərin Qarabağda törətdiyi münaqişələrlə bağlı Kamil Babayev talehini əbədi olaraq Bakı şəhəri ilə bağlamışdır.İctimai işlərdə fəal iştirak edən Kamil Rəcəb oğlu Babayev xalq hərəkatına qoşulmuş və 20 Yanvar faciəsində rus imperiyasına etirazını bildirərkən ölümün pəncəsindən qurtulmuş və qolundan yaralanaraq xəstəxanada müalicə olunmuşdur.
Haqqın, ədalətin tərəfində duran Kamil Babayev dövri mətbuatda çıxış edərək bildirmişdir ki, ölkəni bu çətin durumdan ancaq dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.
Kamil Babayev bir qrup ziyalılarla birlikdə Naxçıvana getmiş və Heydər Əliyevlə görüşmüşdür.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ölkədə baş verən hərc mərcliyin , özbaşınalıqların qarşısını aldı.
Bakıda Kamil Rəcəb içtimai- siyasi hadisələrin iştirakçısı olmuş və xeyriyyəçi olaraq ad san qazanmışdır.
Kamil Rəcəb eyni zamanda Qərbi Azərbaycanlılara , o cümlədən bütün qaçqın və məcburi köçkünlərə dəstək olan, qayğı göstərən
" Ağrıdağ Xeyriyyə Cəmiyyəti" nin yaradıcılarından və həmtəsisçilərindən biri olmuşdur.
Akademik Budaq Budaqovun rəhbərliyi ilə Respublikamızın 17 rayonunda Ağsaqqallar şurasının özək dəstələrini yaratmış və maliyyə xərclərini özü ödəmişdir.
2005- ci ildə Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüş Kamil Babayevə həsr olunmuş Narahat ürək" adlı dastan- poemada Əli Vəkil yazır;

O, rəsmən deputat seçilməsə də,
Məmləkətin vurğunudur, vurğunu.
Çiynindədir torpaq, vətən qayğısı,
Həqiqətin vurğunudur, vurğunu.

Yolu haqq yoludur, pakdır vicdanı,
Sevir Qarabağı, cənnət məkanı.
Onun tək elinin Məcnunu hanı?
Məhəbbətin vurğunudur, vurğunu.

El - obada öz hörməti öz adı,
Öz şöhrəti, öz xidməti, öz adı.
Öz yurduna sədaqəti, öz adı,
Ülviyyətin vurğunudur, vurğunu.

Sonsuz olub düşməninə nifrəti,
Əfsanədir,dərin ağlı,qeyrəti,
Göyçəlidir, sevir şeiri, sənəti,
O hikmətin vurğunudur, vurğunu.

"Ağrıdağ" a pəl vuranlar çox oldu,
Maneələr, çətin anlar çox oldu.
Tez varlanıb, quduranlar çox oldu,
Ləyaqətin vurğunudur, vurğunu.

Heç kəsin önündə əyilməyibdir,
Qəlbindən keçəni üzə deyibdi.
Nə fəxr edib, nə özünü öyübdü,
Qətiyyətin vurğunudur, vurğunu.

Ümummilli Lider- Heydər yolunda,
Oldu əsgər Ulu Öndər yolunda.
O səfərbər oldu Öndər yolunda,
Gənc dövlətin vurğunudur, vurğunu.

Var- yoxunu el yolunda xərclədi,
Dar ayaqda, çətin anda xərclədi.
Xeyriyyəçi olmaq qanda - xərclədi,
Səxavətin vurğunudur, vurğunu.

O tarixçi, hüquqşünas, icmalçı,
Hər yetəndən axı olmaz icmalçı.
Söhbətinə gəl qulaq as ,icmalçı,
Ünsiyyətin vurğunudur, vurğunu.

Doğma Qarabağda zəfər anıbdır,
Qanlı iyirmi yanvar yaralanıbdır.
Özünü yurdunun oğlu salıbdır,
Mərd millətin vurğunudur, vurğunu.

Bax bu cəhətlərdir onu ucaldan,
Tarixə çevrilən, yaddaşda qalan,
Beləcə yarandı poema- dastan,
Dəyanətin vurğunudur, vurğunu.

Kamil Rəcəb mərifətli həmkardı,
Elə gərək, çox qeyrətli , həmkardı.
Müdrik, aqil ləyaqətli həmkardı,
Sədaqətin vurğunudur, vurğunu,
Saf niyyətin vurğunudur , vurğunu.

Ürəyi Göyçə həsrətiylə döyünən Kamil Rəcəb ömür- gün yoldaşı ilə birlikdə üç vətənpərvər övladlar böyütmüş, qız köçürtmüş və nəvələr sahibi olmuşdur.
Azərbaycan Ağsaqqallar Şurasının Nərimanov rayon üzrə sədri , şəhid milli qəhrəman atası Arif Hümbətov sədr müavini Kamil Babayevin fəaliyyətini yüksək qiymətləndirir.
Sazlı, sözlü, nəğməli Göyçə mühitində böyümüş Kamil Rəcəbin Azərbaycan Respublikasının Prezidentinə həsr etdiyi şeirindən bir neçə bəndi də oxucuların nəzərinə çatdırmaq yerinə düşər;.

Ürəkdən səs verdi bu millət sənə,
Min ümid bəslədi məmləkət sənə.
Layiqdi etimad, məhəbbət sənə,
İlham Əliyevdir Prezidentimiz,
Dəstəkləyək , arxa olaq gərək biz.

Ot kökü üstündə bitər, bəllidi,
Bülbül gül üstündə ötər, bəllidi.
Məğlub olmaz igid əsgər, bəllidi,
İlham Əliyevdir Prezidentimiz,
Dəstəkləyək , arxa olaq gərək biz.

Qeyrətlisən, mərd atanın ər oğlu,
Qüdrətlisən məmləkətin nər oğlu.
Şöhrətlisən, elin hünərvər oğlu,
İlham Əliyevdir Prezidentimiz,
Dəstəkləyək, arxa olaq gərək biz.

Dünyaya bəllidir şöhrətin şanın ,
Əslin, nəcabətin öz adın, sanın.
Dövlət başçısısan Azərbaycanın,
İlham Əliyevdir Prezidentimiz,
Dəstəkləyək, arxa olaq gərək biz.

Sən millətin sevimli gənc rəhbəri,
Çox olacaq yurdun nurlu səhəri,
El gözləyir Qarabağda zəfəri,
İlham Əliyevdir Prezidentimiz,
Dəstəkləyək, arxa olaq gərək biz.

Haqqı, ədaləti sən bayraq eylə,
Qitələrdə üzümüzü ağ eylə.
Əsir torpaqları tez qaytar elə,
İlham Əliyevdir Prezidentimiz,
Dəstəkləyək , arxa olaq gərək biz.

Kamil Rəcəbin 2007- ci ildə yazdığı arzuları bu gün həyata keçdi.
Ali baş komandanın rəhbərliyi ilə milli ordumuz Qarabağ və ətraf rayonlarımızı işğalçı erməni quldurlarının əsarətindən azad etdilər.
Bu gün də dövlətə və dövlətçiliyə xidmət edən Kamil Babayevin sevincinin həddi hüdudu yoxdur.
Müzəffər Ali Baş komandanımız Azərbaycan Prezidenti İlham Əliyev cənablarının titanik fəaliyyəti və uzaq görən siyasəti nəticəsində milli ordumuz müasir tələblər səviyyəsində qurulmuş və şanlı ordumuz erməni işğalçıları tərəfindən 30 il əsirlikdə inləyən torpaqlarımızı yağı taptağından azad etmiş,
Antiterror əməliyyatları nəticəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü tam bərpa etmişdir.
Ermənistan hələ sülh sazişinə imza atmasa da , biz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla quru yollarımızı açmalıyıq.
30 il Qarabağ və ətraf rayonlarımızı viran qoymuş işğalçı Ermənistan ölkəmizə vurulan külli miqdarda zərəri təzminatla ödəməli və əvəzində Zəngəzur , Göyçə mahallmız öz sahibi olan Azərbaycana qaytarılmalıdır.
1988-89 -cu illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız öz yurduna qayıtmalıdır.

Ölməz şairimiz Hüseyn Arif demişkən;
Gecəsi ulduzlu, səhəri mehli,
Qayası mamırlı, çəməni şehli.
Bir də görürsən ki, qövsü- qüzeyli,
Belinin kəməri bəzəkli Göyçə.

Ağbulaq, Ardanış, Şorça, Babacan,
Cildə ömr etmişəm, mən də bir zaman .
Keçmə Ağkilsədən, Zoddan, Qanlıdan ,
Daşkəndli, Məzrəli , Pəmbəkli Göyçə.

Biz inanırıq ki, Dədə Ələsgərin yurdu da azad olunacaq.
Qələm dostumuz Əli Vəkilin bir qoşması da yadıma düşdü;

Dili qələm oldu, sinəsi dəftər,
Sözə sadiq qaldı ölənə qədər.
Təzənə əlində hər axşam, səhər,
Sədəfli sazını çaldı Ələsgər.

Qisməti telli saz, məhəbbət camı,
Çağladı köksündə eşqi, ilhamı.
Adını hörmətlə yad edir hamı,
Yolunu qəlblərdə saldı Ələsgər.

Könlü axtarışda, qulağı səsdə,
Simlər nalə çəkdi, ötdü ahəstə.
Hərdən də dayanıb bir bulaq üstə,
Dərindən xəyala daldı Ələsgər.

Söz qoşdu yaylağa, uca dağlara,
Vuruldu Göyçəyə , doğma diyara.
Qalxdı gah Kəpəzə, gah da Qoşqara,
Zirvədə əbədi qaldı Ələsgər.

Ömründə əlinə almadı qələm,
Qəlbinin sirdaşı oldu kədər, qəm.
Sazında dil açdı özgə bir aləm,
Ozanlar ozanı oldu Ələsgər.

Şöhrəti yayıldı ulu Göyçəyə,
Arıtək vuruldu gülə, çiçəyə.
Ürək tellərini dindirsin deyə,
Sazı sol döşündə çaldı Ələsgər.

Axır əvvəl Ələsgər yurdu yağı taptağından azad olunacaqdır.
Göyçə həsrətiylə yüzlərlə soydaşımız vətən itkisinə dözməyərək haqq dünyasına qovuşdu.
Vaxtilə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaratmış Rus imperiyası bu gün çox peşiman olubdur.
Amma ziyanın yarısından da qayıtmaq pis olmaz.
Göyçəmiz öz sahibinin yolunu gözləyir.
Ömrünün 70 ilini ləyaqətlə yaşayan Göyçə həsrətli yubilyarımız Kamil Rəcəb oğlu Babayev inanıram ki, doğma yurduna el -obamızla birlikdə qayıdacaq və nigaran, narahat ruhlar da sevinəcəkdir.
Kamil Babayevin dövlətə və dövlətçiliyə bağlı olması yazdığı şeirlərində də hiss olunur.
Biz inanırıq ki, Kamil Rəcəb vaxtilə yazdığı şeirlərini, eləcə də qələm dostlarının ona həsr etdikləri şeirləri, ürək sözlərini toplayaraq növbəti kitablnı da çap etdirəcəkdir.
Özünü qalib ordunun əsgəri , zabiti adlandıran Kamil Rəcəb!
70 yaşın mübarək olsun.
Arzu edirik ki, növbəti doğum günlərini el obamızla birlikdə doğma Göyçəmizdə qeyd edəsən .

Rauf İLYASOGLU

Reytinq: