Heqiqet.Az » gundem » Azərbaycanın tərəqqisinin başlanğıc tarixi - 15 iyun


Azərbaycanın tərəqqisinin başlanğıc tarixi - 15 iyun

13-06-2025, 12:22
Çap et
Xalqımız müstəqilliyimizin bərpasının ilk illərində üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Ulu Öndər şəxsiyyətində görürdü. Azərbaycanın yaşadığı o çətin günlərdə bütün diqqət Naxçıvana yönəldi. Çünki xalqımız bilirdi ki, Ümummilli Lider Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanın yaşadıqlarına biganə qalmayacaq, zəngin idarəçilik təcrübəsindən istifadə edərək ölkəmizi düşdüyü bu ağır vəziyyətdən xilas edəcək. Xalq ayağa qalxdı, dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyev ona bəslənən ümidləri doğrultmaq üçün həmin günlərdə ölkəni xilas etmək kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü. Xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndər hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və orada baş qaldırmış qiyamın qarşısını aldı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başladı. O, doğma Azərbaycanın xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Bunlar müstəqillik tariximizin Ulu Öndər Heydər Əliyev ilə bağlı dövrünün mühüm məqamlarıdır. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə həkk olundu.
1993-2003-cü illər ölkəmizin həyatında həlledici illər oldu. Dövlətçiliyin əsasları qoyuldu. Milli Konstitusiyamız qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmiz müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizdə yaradılan sabitlik və normal biznes mühiti iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artması ilə müşaiyət olundu. Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” imzalandı. Bu saziş ölkəmizin bu gününə və gələcəyinə inamı artırdı, Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtdı. Məhz bunun nəticəsidir ki, “Əsrin müqaviləsi”nin 20 illiyində çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 23-cü illiyində, yəni 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Azərbaycanın iqtisadi və maliyyə imkanlarının artması digər sahələrdə, xüsusilə müstəqilliyimizin və suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Nizami ordumuz yox idi. Müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın biri-birinin ardınca işğalında əsas səbəblərdən biri Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsi ilə məşğul olması idi.
Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli dövrünə çevrilən 1993-cü ilin iyun hadisələri, kəskinləşən siyasi və hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi idi. Hələ Gəncə hadisələrinə qədər ölkə idarəolunmaz vəziyyətə gəlib çıxmışdı. Hakimiyyətsizlik hökm sürürdü. 1991 -1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürüdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar vəzifəyə gətirilirdi. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başladılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. İqtidarın bu cür idarəçiliyi vətəndaş müharibəsi və ölkənin parçalanması üçün zəmin yaratdı. Bir sözlə, Azərbaycanın bir dövlət kimi varlığı sual altında idi.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.

Azərbaycanın tərəqqisinin başlanğıc tarixi - 15 iyun

Fatimə Mahmudova,
Uğur 777 estetik mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Reytinq: