Heqiqet.Az » tehsil » Sinifdən cəbhəyə uzanan şərəfli ömür yolu


Sinifdən cəbhəyə uzanan şərəfli ömür yolu

25-02-2026, 10:46
Çap et
Vətənə bağlı müəllim ömrü, fədakarlıq nümunəsi

26 fevral 2026-cı il tarixdə ömrünü təhsilə, Vətənə və gənc nəslin yetişməsinə həsr etmiş, I Qarabağ Müharibəsi veteranı, tarix müəllimi Maxsudov Niyət Səftər oğlunun 65 illik yubileyi tamam olur.
Qobustan rayonunun Çuxanlı kəndində zəhmətkeş, halal əməyi ilə ucalan ailədə dünyaya göz açan Niyət müəllim hələ uşaqlıq illərindən əməksevərlik, vətənə bağlılıq və məsuliyyət kimi ali dəyərlərlə tərbiyə almışdır. Bu möhkəm mənəvi bünövrə onun bütün həyat yoluna işıq salmış, stimul yaratmışdır.
1990-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini uğurla bitirən Niyət müəllim taleyini müəllimlik peşəsinə bağlamış, Qobustan rayonunun ucqar kəndlərində tarix fənnini tədris etmiş, tariximizi şagirdlərinə sevdirə bilmişdir. N.Maxsudov uzun illərdir ki, A.O. Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərir, gənc nəslin maariflənməsi yolunda yorulmadan çalışır. O, səmimiyyəti, yüksək mədəniyyəti, obyektiv və ədalətli mövqeyi ilə həm kollektivin, həm də yüzlərlə şagirdin dərin hörmətini qazanmış nüfuzlu pedaqoqlarımızdandır.
Niyət müəllimin həyat yolu yalnız sinif otağı ilə məhdudlaşmayıb. O, təxminən 5 ilə yaxın müddətdə Ağdam, Tərtər, Füzuli və digər bölgələrimiz uğrunda gedən döyüşlərdə, torpaqlarımızın müdafiəsi uğrunda şərəfli döyüş yolu keçmişdir. Cəbhə bölgəsində qərargah rəisi kimi məsul vəzifəni layiqincə yerinə yetirən Niyət müəllim vətən qarşısında borcunu şərəflə icra etmiş qeyrətli oğullarımızdandır.
Onun keçdiyi bu çətin, lakin qürurverici həyat yolu tarix fənninin tədrisində də öz əksini tapmışdır. Niyət müəllim canlı xatirələri, döyüş təcrübəsi və səmimi söhbətləri ilə şagirdlərdə tariximizə maraq oyadaraq onları vətənpərvər ruhda tərbiyə edir. O, gənclərə hər zaman vətən yolunda mətin olmağı, çətinliklərdən qorxmamağı aşılayır.
Niyət müəllim bildirir ki, II Qarabağ müharibəsi zamanı da torpaqlarımızın azadlığı uğrunda ön cəbhədə döyüşmək üçün rayon hərbi komissarlığına müraciət etmiş və hər an döyüşə hazır olduğunu ifadə etmişdir. Bütün bunlar onun Vətən sevgisinin sadəcə sözdə deyil, ümumilikdə həyat amalına çevrildiyini bir daha təsdiqləyir.
Bu gün qürurla deyə bilərik ki, zəfər tarixini yazan igid oğul və qızlarımız arasında məhz belə fədakar müəllimlərin yetişdirdiyi gənclər yetərincədir. Şəhidlər xiyabanında adları əbədiləşən şagirdlərinin müəllimi olmaqdan qürur duyan Niyət müəllim haqlı olaraq : "müəllimin ən böyük uğuru Vətəni sevən insan yetişdirməkdir" deyir.
Niyət müəllim eyni zamanda, təhsil sahəsində bir sıra yeniliklərə, uğurlara ilk imza atan pedaqoqlardandır.O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi"nin dəfələrlə qalibi olmuşdur. Müəllim
"Tarixə ekskursiya" - tarix fənni üzrə 3D əyani, rəqəmsal vəsaiti, "İnnovativ kod kitab”- Qarabağ Tarixi fənni üzrə rəqəmsal əyani vəsaitin, "Səngərdən başlayan Vətən", 'Tarixə ekskursiya" kitablarının müəllifidir. Niyət müəllimin müəllifi olduğu bu kitablar, vəsaitlər həm keçmiş, həm də müasir tariximizin öyrənilməsinə, gənclərin innovativ bacarıqlarının inkişafına, mənimsənilməsinə çox dəyərli töfhədir.
Nümunəvi ailə başçısı olan Niyət müəllim iki övlad atası, iki nəvənin qayğıkeş babasıdır. Onun ömür yolu gənclər üçün sədaqət, mərdlik və müəllim fədakarlığının canlı dərsliyidir.
Bu gün cəmiyyətimizin Niyət müəllim kimi vətənini, xalqını, millətini ürəkdən sevən, el-obasına bağlı ziyalılara böyük ehtiyacı var. Belə insanların, müəllimlərin əməyini dəyərləndirmək, onların həyat yolunu gənc nəsilə örnək göstərmək hər birimizin mənəvi borcudur.
Hörmətli Niyət müəllim!
65 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və müqəddəs müəllimlik peşənizdə yeni uğurlar arzulayırıq!
Yubileyiniz mübarək!

Hikmət Məlikzadə,
Prezident təqaüdçüsü
Reytinq: