Heqiqet.Az » sosial » Şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyev


Şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyev

1-04-2026, 21:25
Çap et
Bismilləhir – Rahmənir – Rahim!
Ya Allah, ya Rəsul, ya Əli (ə) səndən mədəd!

Şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı
Murad Telman oğlu Mirzəyev
(31.03.1976 – 02.04.2016)

Çatdıği zirvədə daim qalacaq hörmət ilə
Yazdı Allah adını, rütbeyi -ə'ladə Şəhid
Həqqin uğrunda edər canını qeyrətlə fəda
Çünki, əmrindədir Allahının, amadə Şəhid
(Rəşad Abdullazadə)

Dünyada elə talelər var ki, onlar ölümdən sonra həyat qazanırlar. Belələri əsasən hərbçilərdir. Çünki, onların vəzifəsi məxfiliyi tələb edir. Bəzən ölümündən sonra eşitdiklərimiz bizi heyrətləndirə bilər. Amma, bu belədir və bəlkə bizim bilmədiyimiz bir çox müsbət məziyyətləri vardır. Elm və incəsənət xadimləri, idmançılar üzdə olduğundan onların barəsində məlumatlar, xidmətləri barədə xəbərlər eşidə bilərik. Hərbçilər istisnadır. Məsələn, mən polkovnik Murad Mirzəyevin həyatını və xidmətlərini öyrəndikcə olduqca mütəəssir olmuşdum…
Azərbaycan xalqı zaman-zaman erməni təcavüzünə məruz qalıb. 19-cu yüzilliyin sonlarında, 20-ci yüzillik boyu və 2020-ci il hadisələri də daxil olmaqla hal-hazıra qədər davam edən bu proses qələbəmizlə nəticələnib. Tarixi ədalət yerini tapıb. Hər bir dövrdə də onlara qarşı qəzəb və döyüş məharəti ilə seçilən şəxslər olub. Bu ölkənin başına nə bəla gəlsəydi bir ucu da ermənilərə bağlı olardı. Hər fürsətdə düşmənin yanında qərar tutardılar. Heç vaxt qonşuluq eləməz, xəyanətləri ilə nifrət və nifaqa səbəb olarlar. Bu üzdən Azərbaycanda hər zamanın öz qəhrəmanı formalaşdı. Onların dövrləri ayrı olsa da, mübarizə motivi eyni idi: Xəyanətkarı cəzalandırmaq. Məsələn, XIX əsrin sonlarında Qaçaq Dəli Alı hər dəfə onların dəstəsi ilə rastlaşanda son nəfərlərinə qədər məhv edərdi...


Bütün bu dövrlərdə Azərbaycan xalqı bir şeyi qəti başa düşdü ki, onları başa düşmək və qonşuluq imkanları sıfır dərəcəsindədir. Barışığa, qonşuluq və anlaşma şəraitində yaşamağa cəhd etmək mənasızdır. İyirminci əsrin əvvəllərindən 44 günlük müharibənin nəticələri də daxil olmaqla baş verən hadisələr göstərdi ki, dəfələrlə əldə edilmiş barışıqlar, bağışlanmalar sadəcə itirlmiş vaxtdır. Böyük bir zaman itirilib, çox qan axıdılsa da, əvəzsiz igidlər xəyanət qurbanı olsa da, nəhayət, qəti əminlik yarandı ki, erməni faşizmi məhv edilməlidir. Onlarla barışıq və dinc-yanaşı yaşamaq öz ölümünə hökm verməkdən başqa bir şey deyil…

Bu yolda öz xarakteri etibarilə bir neçə tarixi dərs baş verib: 1905-07-ci illər, 1918-ci il mart soyqırımı, 1948-53-cü illər; 1988-94-cü illər; 2016-cı il-aprel hadisələri və 2020-ci il 27 sentyabr - 8 noyabr Zəfər gününə qədər. Kapitulyasiya Aktı bağlanması belə məsələnin bitməsini təmin etmədi və Antiterror hərəkatı başladı – 2021 (13 sentyabr)

Bütün bu hadisələrin gedişatı boyu və aradakı dövrlərdə şiddətli toqquşmalar, gizli cinayətlər, terror hərəkətləri heç səngimədi. Ya açıq toqquşmalar şəklində, ya da gizli formada davam etdi. Bağlanılan müqavilələr, danışıqlar, beynəlxalq təşkilatlar demək olar ki, saxtakarlıqdan başqa bir şey deyildi. Hər zaman təktərəfli işləyir, vədlərinə xilaf çıxırdılar. Sonra aydın olurdu ki, onlar sadəcə Azərbaycanın başının altına yastıq qoyub arxayın salmaq və əks tərəfin əlinə girəvə verməyə xidmət edirmiş. Yeri gəlmişkən qeyd edək ki, erməni faşizmi dünya faşizminin bir qolu olduğundan terror təşkilatları bu vasitədən türk dünyası və onun bir parçası olan Azərbaycana zərbə olaraq istifadə edirdi. Artıq münasibətlər o qədər çirkin bir hal almışdı ki, kimin dost, kimin düşmən, kimin haqlı, kimin günahkar olmasını ayırd etmək olmurdu. Sadə sivillər, müharibəyə dəxli olmayan insanlar ayaq altında qalıb məhv olur, ərazilər paliqona çevrilirdi.

Bu hadisələrin Azərbaycan üçün mühüm dönüş nöqtələrindən biri 2016-cı il Lələtəpə əməliyyatı və orada böyük sayda Azərbaycan əsgər və zabitlərinin itirilməsi hadisəsəidir. Doğrudur, nəticələr Azərbaycan üçün əhəmiyyətli idi. Strateji mövqe olan Lələtəpə yüksəkliyi geri alınmışdı. Bu mövqe vacib olsa da, onun alınması bu qədər itki ilə əldə edilməməli idi. Məlum oldu ki, böyük dəyişikliklər edilməlidi. Hər bir qələbədən əvvəl qələbə döyüşünün ciddi baş məşqi olur. Lələtəpə döyüşünün tarixi əhəmiyyəti əslində bu idi. O, qələbəmizin baş məşqi idi.

İndi də Lələtəpə qəhrəmanlarından biri olan Murad Mirzəyevə yeni bir baxış təqdim edirəm. Onun tərcümeyi-halında siz Lələtəpənin xarakterini görəcəksiniz. Haqqında çox sayda məqalələr yazılmış, hərbi xidmətləri dəyərləndirilmiş şəhid qəhrəmanımızın 40 illik ömrü bəlkə də sadə bir əsgər ömrüdür. Lakin, gözəl tərbiyə və təhsil almış, döyüş təcrübəsi olan, digər ölkələrin hərbi təlimlərində iştirak etmiş və onlara da bələd olmuş, hərbin bütün sirlərinə yiyələnmiş, bir şox dillərlə yanaşı düşmənin dilini bilən, bütün şüurlu fəaliyyətini hərbə həsr etmiş bir əsgər sadəcə erməni gülləsi ilə susdurula bilməz.

Əslində bu ölüm Azərbaycan Ordusunun bütün qüdrətinə rəğmən uduzmasına eynən bənzəyir. Nəsə yerində deyil, nəticə belə olmamalıdır. Bir əsrdən çox eyni uğursuzluq hey təkrarlana bilməz. Ya biz haqlı deyilik, ya da aldana biləcək qədər sadəlövhük?!…

Mən Murad haqqında Gülsüm Adilqızının yazdığı “Murad Ömrü” kitabını göz yaşları ilə oxudum. Əlavə edim ki, bir çox şəhidlərin xatirələrini qələmə alarkən, analarının nitqini dinləyərkən kədərimi içimə atsam da, göz yaşlarımı onlar üçün axıtmaqdan utanmamışam. Murad kimi bir oğul itirən valideynlərin acısını öz acım kimi qarşıladım. Onun barəsində yetərincə yazıldığı üçün kitabın formatına uyğun olaraq bir neçə qeydlə kifayətlənmək istəyirəm: Statistika xatirinə qeyd edək ki, Murad Telman oğlu Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində sadə ailədə dünyaya göz açmışdır. Muraddan başqa Telman kişinin daha bir oğlu və 2 qızı vardır. Murad onların böyüyü idi. Adətən ilk övladın tərbiyəsi əyani nümunə göstərməsinin digərlərinə böyük təsiri olur. Murad həm əxlaqı, həm təhsil və tərbiyəsi ilə fərqlənənlərdən olmuşdur. Həm də 16 yaşı tamam olan kimi C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olması onun həyat yolunu müəyyənləşdirdi. Bir çox dillərdə, o cümlədən düşmənin dilində danışa bilirdi.

O, əjdaha ilinin qoçu idi. Qoçlar od işarəsində olan və təqvim ilinin başında duran, materialı anadangəlmə lider olan şəxslərdir. Əfsanəvi əjdaha isə od püskürərək onun enerjisini birə-on qat artırar. Astroloji göstəricilərdən bəlli olur ki, Alah onu cəngavər olmaq üçün yaradıb. Atası deyir ki, ürəyimdə gizlincə sevinirdim ki, Murad hərbçi olmağı seçib, bu kişiyə yaraşan peşədir. Anası Güllübəyim xala isə onun illərlə bu peşəni öyrənməyə vaxt sərf etməsi və fərqli ölkələrdə onlardan ayrı yaşamasına səbrlə dözürdü. Nə qədər ayrı qalsa da, yolunu gözləsə də onun sağlığı valideynləri əymirdi. Ümid və fərəhlə yenə evə dönəcəyi günü gözləyirdilər. Valideynlərinə yaşatdığı qürur onların hər ikisini xoşbəxt edirdi. Ta ki, əzizi övladları Murad şəhid olana qədər.

2016-cı ilin aprel hadisələri ailəni hüznə bürüdü. Onun ölümü nəinki ailəni üzdü, hətta dövlət səviyyəsində böyük bir itki kimi qarşılandı. Həqiqətən də böyük itki idi. Murad kimi bir mütəxəssis yetişənə qədər milyonlarla vəsait tələb olunur. Yüksək səviyyədə yetişdirilmiş, yüksək rütbəli bir zabit itirmək yetişəcək yüzlərlə mütəxəssisdən məhrum olmaq deməkdir. Bir çox gənc döyüşçünün itirilməsi deməkdir. Döyüş meydanında böyük uğursuzluqla barışmaq deməkdir. Lakin, qeyri-bərabər qüvvələrin toqquşmasında misilsiz qəhrəmanlıq göstərdilər. Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklərdən düşmən vurularaq xeyli ərazidə geri atıldı. Əslində bu müharibədə uğurlarımızın başlanğıcı oldu. Bu hadisələr göstərdi ki, kiçik qüvvə ilə böyük uğur əldə etmək olar. Elmin və texnikanın yeni ixtiralarını hərb sənətinə tətbiq etmək uğurun səksən faizidir. Murad kimi qiymətli oğulları itirmədən, çox itki vermədən qalib gəlmək mümkündür. 2020-ci il -44 günlük müharibə Kapitulyasiya Aktı bunu təsdiq etdi. Bu səbəbdən deyərdim ki, Aprel döyüşləri, Tərtər hadisələri, bu qələbənin baş məşqi idi.

Murad ölümündən sonra Milli Qəhrəman adı ilə təltif olundu. Həyat yoldaşı Fizzə xanım, övladları Dəniz və Nurlan əmanət qaldı. Onlar qələbəmizdən sonra Muradın zəhmətlərinin itməməsindən, onun haqq işinin qələbə ilə nəticələnməsindən və qisasının alınmasından mənəvi bir sakitlik tapdılar.

Murad Mirzəyev İkinci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Ordusunun bu şərəfli zabitinin xidmətləri daim dövlət səviyyəsində qiymətləndirilmişdir. Vətəni canından artıq sevən və bütün həyatını onun azadlığına həsr etmiş Xüsusi Təyinatlı Qüvvələrin polkovnik –leytenantı Murad Mirzəyevin uğrunda həyatını fəda etdiyi amalı həyata keçdiyi üçün ruhu şaddır. Bütün ailəsi –doğmaları onun qoruduğu Vətəndə azad yaşayır və Muradla fəxr edirlər.

Allah təala ruhunu şad etsin! Mötəbər bir hədisdə Peyğəmbərimiz (s) buyurub: “Vətəni sevmək imandandır”. Murad da əsl müsəlman kimi dininə sadiq qaldı.

2026-cı il mart ayının 31-də Azərbaycanın Milli Qəhrəmanı, şəhid-polkovnik Murad Mirzəyevin Cənnətdəki 50 illik anım günü qeyd olundu. Fəxri Xiyabana şəhidin məzarı üstünə gələn yaxınları, ailəsi və Müdafiə Nazirliyinin əməkdaşları, həmçinin şəhidsevərlər məzarı əklil və gül-çiçəklə bəzədi və ruhuna dualar oxundu.

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev haqqında bir çox şeirlər, kitablar yazılıb. Onlardan biri də 2016-cı ildə dil-ədəbiyyat müəllimi Rahil Məmmədin ona həsr etdiyi “Vətən oğlu” kitabıdır. Kitab poema və şeirlərdən ibarətdir. “Vətən oğlu” kitabından bir qəzəli seçib sizə təqdim etməyi lazım bildik:

Aləmdə ki, mərdliklə cəsarət sənin oldu,
Öz millətinin verdiyi qiymət sənin oldu.

Əxz eylədin İmam yolunu çünki Hüseynin,
Məlum, bu səbəbdən o şəhadət sənin oldu.

İşdin camını Həzrəti-Abbasın əlindən,
Nuş eylədiyin ondakı qeyrət cənin oldu.

Daim dirisən, çünki, şəhidlərçün ölüm yox,
Haqq eylədiyin guşəni- Cənnət cənin oldu.

Heç sirr deyil, sən nə üçün qəhrəman oldun,
Öz istədiyin yoldu ki, qismət cənin oldu.

Sən daima qəlblərdə, könüllərdə yaşarsan,
Bir kimsə unutmaz, əbədiyyət cənin oldu.

Dostluqda, hünərdə elə bir zirvəyə çatdın,
Əlçatmaz olan zirvədə qüdrət cənin oldu.

Rahil, adını vəsf elə şeirinlə Muradın,
Hörmətlə anarlar səni, zəhmət cənin oldu.



Hacı Həsən Hüseyni,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, qazi, ilahiyyatçı
Reytinq: