Dollar avroya nisbətdə dəyərini itirir - Əslində nə baş verir?
1-08-2017, 13:26. Разместил: heqiqet
XəzərXəbər xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu ilin aprel ayından sonra avro ABŞ dollarına nisbətən 11 faizə yaxın bahalaşıb:
"Avropa pulunun bahalaşması avrozona ölkələrinin iqtisadi göstəricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlıdır. Dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyirinə işləyən faktorlardandır. Bu həftə Avrozonada infilyasiya daxil olmaqla bir neçə əsas göstəricilər elan ediləcək. Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitv notlar əlavə edəcəksə o zaman avronun möhkəmlənməsi davam edə bilər”.
Vüqar Bayramov qeyd edib ki, manat da avroya nisbətən ucuzlaşmaqda davam edir:
"Əgər aprel ayında Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 avro almaq üçün 1.80 qəpik ödəmək lazım gəlirdisə, indi 1 Avro üçün 1.9963, yəni 2 manata yaxın pul ödəmək lazımdır. Son 4 ayda manat avroya nisbətən 10 faiz ucuzlaşıb. ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlıdır. Manatın dollara nisbətən birbaşa, digər valyutalar ilə çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızın başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərir. Əvvəllər də qeyd etdiyimiz kimi, yığımın bir valyutada deyil, valyuta səbəti formasında ən azı 3 valyutada aparılmasına ehtiyac var”.
Вернуться назад