“Bunu məndən gizlədirdi, sonradan bildim...”
11-09-2015, 12:58. Разместил: heqiqet
Tənilə Əhmərovanın həyat yoldaşı: “Son günədək kinoya çəkiləcəyini gözlədi İlk dəfə idi, dünyasını dəyişmiş həyat yoldaşı üçün hönkür-hönkür ağlayan kişi görürdüm. Əlbəttə, xoş deyildi. Xoş o qadının halına ki, onu belə sevən bir insan var. Bir ay əvvəl dünyasını dəyişən əməkdar artist, aktrisa Tənilə Əhmərova ömrünü unudulmuş, gözdən-könüldən iraq başa vursa da bir çox qadının hər zaman arzuladığı vəfalı yarı olub. “Qayınana”nın Sevdası kimi tanınan mərhum aktrisanın həyat yoldaşı Vahid Yusifoğlu onu göz yaşları ilə yada salır. Çəkilişə icazə vermədi. Həyatdan çəkdiklərini isə çox xəsisliklə danışdı. Bəlkə də kişi qüruru imkan vermirdi. Lent.az mərhum aktrisanın həyat yoldaşı ilə müsahibəni təqdim edir:
- Tənilə xanım ömrünün son günlərini necə keçirirdi?
- Bu barədə danışmaq o qədər çətindir ki... Ömrünün sonunadək ona mən baxdım. Uşaq kimi olmuşdu. Səhər yeməyini verirdim gəlirdim işə. Mən olmayanda ona baxmaq üçün bir qadınla danışmışdım. O da gəlib günorta yeməyini verirdi. Axşam da özüm gəlirdim, yeməyini verirdim, qayğısına qalırdım. İşdə olmayan vaxtlarda bütün günü onun yanında olurdum.
- Övladınız var?
- Xeyr. Onun ilk evliliyindən biri qızı və nəvəsi var. Qızı ona baxmırdı. Münasibətləri yaxşı deyildi. Avstraliyada yaşayırdı. Sonra gəldi Bakıya. Bizimlə bərabər yaşamağa başladı. Əslində, evi qızın adına keçirmişik. Amma dava edirdi ki, evi bölünsün, çünki ayrı yaşamaq istəyirdi. Onun istəyi təkcə ev deyil. Heç özü də bilmir nə istəyir. Ümumiyyətlə, anasına qarşı çox soyuq və biganəydi. Üstəlik, anasına deyirdi ki, bəxtin gətirib, belə kişiyə rast gəlmisən, sənə baxır. Tənilə xanım 4 dəfə xəstəxanada yatdı, qızı bir dəfə də olsa yanına gəlmədi (ağlayır). Həsrətdə idi. Xəstəxanada olanda qızının yolunu gözləyirdi. Qonşular deyirdi ki, mən işə gələndən sonra evdə qışqır-bağır başlayırmış.
- Neçə ildir birlikdə idiniz?
- 1992-ci ildə tanış olduq. Onu görən kimi sevdim. Çox gözəl xanım idi. Xasiyyəti də gözəl idi. İncə, məlahətli idi. 1997-ci ildə rəsmən evləndik. 2011-ci ildən, son 4 ildə yataq xəstəsi oldu. Qızı gələndən sonra onun səhhətində problemlər yarandı. Onun bütün problemləri əsəbdən yarandı. Qızın bütün kaprizlərinə dözürdü. Əvvəlcə əsəbdən əlləri, başı əsməyə başladı, sonra da yatağa düşdü. İki dəfə insult olmuşdu. Çox təkid edirdim, amma həkimə getmirdi. Qayınanamın da insult problemi var idi, onlarda genetikdir. Tez-tez başı gicəllənirdi, yıxılırdı. Axırıncı dəfə nəvəsi ilə gəzməyə çıxıb, yıxılıb. Bunu məndən gizlədirdi. Sonradan bildim. Başı çox gicəllənirdi. Çəkisi də ağır idi. Çox kökəlmişdi. Onurğasının aşağısında yırtığı da var idi. Yerimədiyi üçün lap ağırlaşmışdı, yırtığı irin bağlamışdı. Heç kimə icazə vermirdi, yarasını da mən təmizləyirdim, çimizdirirdim. Vəziyyəti tez-tez pisləşirdi, təcili yardım gəlirdi. Elə olurdu ki, mən işdən təcili yardım çağırırdım, özüm təcili yardımla bərabər evə çatırdım. Axırıncı dəfə də belə oldu. Amma həkimlər dedi ki, artıq çox keçib, xəstəxanaya da ehtiyac yoxdur. Həkimlər deyirdi yeriməlidir. O da yeriyə bilmirdi. Mən evdə olanda qollarının altından tutub yeridirdim. 2-3 addım gedib yıxılırdı.
- Müalicə olunurdumu, xəstəxanada yatmışdı?
- ATV-də Zaur Baxşəliyevi tapdım. Bir dəfə gəlib çəkdi. Neftçilər Xəstəxanasına apardıq. Bizi aparıb atdılar xəstəxanaya, heç kim bir dəfə də olsa gəlib maraqlanmadı. Zaur söz vermişdi ki, lazım gəlsə xaricə aparırıq. Mənim onu xaricə aparmaq imkanım yox idi. İkinci dəfə özüm apardım, həkim Leyla xanımın köməyi ilə müalicə aldı. Cüzi pulla müalicə etdirə bildim. Axırıncı dəfə özəl klinikalardan birində müalicə aldı. Rəfiqəsi Naza xanım məsləhət görmüşdü. Yarasını təmizlədilər. Onsuz da özüm evdə təmizləyirdim. Qızı uşağı yanına qoymurdu ki, yaradan infeksiya keçər. Onda xərçəng yaranmışdı. Amma həkimlər tapa bilmədilər. Ancaq mən anladım ki, onda xərçəng idi. 2004-cü ildə öd kisəsində daşı var idi. Əməliyyata da getmədi. Bəlkə bu da pis təsir edib. Ondan sonra kökəlməyə başladı, üzü şişdi. Bütün günü işdə olurdum. Bilmirdim nə baş verir. Qonşular deyir ki, evdə qışqır-bağır olurmuş. Evdə dəhşətli durum varıydı. Bir dəfə mən xəstəxanada yatırdım. Zəng edib dedi ki, gəl evə, Vahid, acından ölürəm. Soruşdum ki, evdə yemək yoxdur? Dedi, iki tikə ət var, onu da qız özü uşaqla yeyəcək. Anasına da doğramac verib. Bununla belə rəhmətlik mənə tapşırdı ki, necə olursa-olsun o balacaya, yəni nəvəsinə baxım.
- Tənilə xanım təqaüd alırdı?
- Əməkdar artist adına görə əvvəl 30 manat alırdı, sonra 60 manat oldu. 65 illiyi münasibəti ilə 500 manat yazdılar, onun da 415 manatını aldıq, iki gün sonra da rəhmətə getdi. Bir də mənim öz iş yerimdən köməklik etdilər. (bir neçə dəqiqə susur, yenə ağlayır). Zabratda dəfn etdik. Tənilə milliyyətcə tatar idi. Ayın 11-də 40 mərasimidir. Təzə Pir məscidində mərasim olacaq. Səhər-səhər özüm qəbrinin üstünə gedəcəm. Tək gedəcəm. Heç kim lazım deyil. Kim istəyirsə, Təzə Pirə gələ bilər.
- Tənilə xanım niyə yaradıcılıqdan uzaq düşdü?
- 1990-cı ildə Kinostudiya bağlandı. Əmək kitabçasını da bağladılar. Kinostudiyada nəsil dəyişdi. O da heç kimə ağız açmaq istəmirdi. Axırıncı dəfə 1995-ci ildə Şəkidə “Leyli və Məcnun” filminə çəkildi. Heç kim onunla əlaqə saxlaya bilmirmiş. Qızı telefonun səsini alıb atıb bir küncə. Özü də heç kimlə danışmırdı. Hamıdan incimişdi. Ömrü boyu kinoya çəkiləcəyini gözlədi. Çox sayda filmlərin sınaq çəkilişində iştirak etdi. Amma sonra başqasını çəkdilər. Bu insan heç vaxt heç kimə yalvarmırdı, xahiş etmirdi. Əməkdar artist adını da çox gec verdilər. Ən çox “Qaynana” filmini sevirdi, bu filmdən çox danışırdı. Əslində Özbəkistanda, Ukraynada. Belarusda çox filmlərə çəkilib. Amma o filmləri burada heç kim tanımır.
- Sənət dostlarından kiminlə əlaqəsi vardı?
- Fuad Poladov bir neçə dəfə evə zəng etdiyini deyir, amma telefona cavab verən olmayıb. Düzdür, Tənilə xanım heç kimlə danışmaq, heç kimi görmək istəmirdi. İstəmirdi ki, onu o halda görsünlər. Amma rəhmətə gedəndə Fuad gəlmədi. Aktrisa Zemfira İsmayılova da bir neçə dəfə ona baş çəkmək istəyib, ona da icazə verməyib. Zemfira xanımla yaxşı münasibətləri vardı, tez-tez telefonla danışırdılar. Onu bilirəm ki, bizim evə heç kim gəlib-getmirdi. Vəziyyəti pis olan vaxtlarda Şəfiqə Məmmədova əlaqə saxlayırdı. Bütün köhnə aktyorlar Tənilənin həyatını yaşayır.
Вернуться назад