"Peşə məktəbləri birləşdiriləcək və imici qaldırılacaq" - MÜSAHİBƏ
9-09-2016, 14:40. Разместил: heqiqet
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor Famil Mustafayevin müsahibəsi:- Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranma zərurəti nədən ibarətdir və ölkədə peşə təhsilinin imicinin qaldırılması üçün hansı addımlar atılması planlaşdırılır?
- Hazırda respublikamızda müxtəlif təhsil pillələri ilə bağlı təhsil siyasəti həyata keçirilir. Bu il Təhsil Nazirliyi sistemində peşə təhsili prioritet istiqamət kimi müəyyən olunub. Ölkədə gedən islahatların istiqaməti, bazarın tələbi bu Agentliyin yaradılmasını zəruri etdi. Məlum olduğu kimi, 2016-cı il aprelin 20-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin” yaradılması ilə bağlı fərman imzalandı. Agentlik təsis olunduğu bu 2-3 ay ərzində onun strukturunun formalaşdırılması üzərində çalışmışıq. Artıq Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət göstərəcəyi bina müəyyən olunub. Yaxın zamanda agentlik tam şəkildə fəaliyyətə başlayacaq. Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq, rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək, peşə təhsili sahəsində ölkədə aparılan işin əlaqələndirilməsi də Agentliyə həvalə olunub.
Azərbaycanda 115 (o cümlədən Naxçıvan Muxtar Respublikasında 6) dövlət ilk peşə-ixtisas təhsili müəssisəsi mövcuddur. Burada təxminən 24 minə yaxın şagird təhsil alır və 6 minə yaxın müəllim pedaqoji və köməkçi heyət çalışır.
Hazırda bizim üçün birinci istiqamət normativ-hüquqi bazanın formalaşdırılmasıdır. Bundan ötrü yaxın vaxtlarda peşə təhsili ilə bağlı qanun layihəsi, peşə təhsili ilə bağlı uzunmüddətli Dövlət Proqramı hazırlanmalı, ömürboyu təhsil üzrə milli kvalifikasiyalar çərçivəsi təsdiq olunmalıdır. Çünki peşə təhsili yalnız gənclərin təhsili deyil, müvafiq yaşlarda olan insanlar da peşəsini dəyişmək arzusunda ola bilərlər. İşini itirənlər yeni peşə öyrənmək istəyə bilərlər. Buna görə də onlar üçün imkan yaradılmalıdır ki, qısamüddətli kurslar keçib əmək bazarında başqa ixtisasa yönələ bilsinlər.
"Peşə məktəblərinin imici çox aşağıdır, hələ də ötən əsrin 80-ci illərinin dərsliklərindən istifadə olunur"
- Ölkənin peşə təhsili sahəsinin hazırda mövcud olan əsas problemləri nələrdir?
- Peşə təhsili ilə bağlı ən birinci problem bu sahənin imicinin çox aşağı olmasıdır. Bu sahəyə göstərilən maraq, diqqət kifayət qədər deyil. Burada söhbət sadəcə dövlətin bu məsələyə yanaşmasından deyil, insanların bu sahəyə olan tələbatından və mövqeyindən gedir. Tələbat isə kifayət qədər deyil. Ona görə bu gün cəmiyyətdə bu sahəyə olan marağın aşağı olmasının səbəbi peşə təhsilinin imicinin aşağı olmasıdır.
Müxtəlif peşə məktəbləri və liseyləri mövcuddur ki, orda eyni peşə istiqamətləri üzrə kadr hazırlığı aparılır. Bu da o deməkdir ki, həmin müəssisələrin hamısına maddi-texniki bazanın təminatı üçün eyni avadanlıqlar alınıb verilməlidir. Yaxşı olardı ki, 10 yerə eyni avadanlığın alınmasına xərc çəkməkdənsə, bu iş bir yerdə daha keyfiyyətli görülsün. Bu da səmərəlilik baxımından əlverişli olar.
İkinci problem infrastruktur və maddi-texniki bazanın köhnəlib sıradan çıxmasındadır. Bu gün peşə məktəblərinin həm avadanlıqları, həm də dərs vəsaitləri kifayət qədər köhnəlib. Məktəblərdə 1980-ci illərin materialları əsasında dərslər keçirilir. Üçüncü ən böyük problem idarəetmə strukturunun təkmil olmamasıdır. Hələ də keçmiş sovet sisteminin idarəetmə üsulu qalıb. Bundan başqa, maliyyələşmə köhnə standartlarla gerçəkləşdirilir. Çox aşağı əməkhaqqı ilə çalışan işçilər var.
Digər məsələ həmin müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin olmamasıdır. Qiymətləndirmə ümumiyyətlə nədir? Yəni, müəssisənin buraxdığı mütəxəssis bazarın tələblərinə cavab verirmi? O qiymətləndirmə mexanizmi bizdə yoxdur. Ən böyük problemlərdən biri də müəssisələrin böyük əksəriyyətində məcburi köçkün və qaçqın ailələrinin məskunlaşmasıdır. Bu il biz belə məktəblərdə plan yerlərini minimuma endirmişik. Fikirləşirik ki, əgər burada normal təhsil verə bilmiriksə, dövlət niyə bunun üçün pul xərcləməlidir?! Nə vaxt ki, həmin müəssisələr boşaldılar, ondan sonra da orada təhsil verməyə davam edə bilərik.
İşəgötürənlər buraxılış imtahanlarınba cəlb olunacaq
- Qeyri-dövlət sektorunu peşə təhsilinə necə cəlb etmək olar?
- Bəzi ölkələrdə peşə təhsilinin yükü ancaq dövlətin üzərindədir. Ancaq qeyri-dövlət sektorunun peşə təhsil sisteminə cəlb olunması üçün normativ-hüquqi baza formalaşdırılmalıdır. Bunu dövlətin yükünü azaltmaq məqsədi ilə etmək lazımdır. Bu sahədə təbliğat aparmağın müxtəlif yolları var. Dünya praktikasına nəzər yetirsək, dövlət həmin özəl müəssisələri müxtəlif şəkildə stimullaşdıra bilər. Yəni həmin müəssisələr müxtəlif növ vergilərdən azad oluna, onlara bonus şəklində güzəştlər verilə bilər. Peşə təhsili sahəsində keyfiyyətli kadr hazırlığı istiqamətində layihə təklif edən müəssisəyə bu sahəyə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına dəstək göstərilə bilər.
- İşəgötürənlərin peşə təhsilinə marağını necə yaratmaq olar?
- Təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. İşəgötürən maraqlı olmalıdır ki, təhsil müəssisəsinin işçisini işə qəbul etsin. Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15%-ə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra öz növbəsində bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.
Başqa bir məsələ odur ki, biz işəgötürənləri buraxılış imtahanlarına cəlb edək. İşəgötürənlər imtahanlarda həlledici səsə malik olsunlar və hazırlanan kadrların keyfiyyətinə qiymət versinlər. Bundan sonra işəgötürənlər həmin kadrları özləri də işə götürə bilərlər. Marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işə götürənlərin bu sahəyə diqqətini yönəltmək lazımdır. İşəgötürən maraqlı olmalıdır ki, təhsil müəssisəsinin məzununu işə qəbul etsin.
Bununla bağlı dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə modelinin yaradılması istiqamətində Təhsil Nazirliyi, British Council və turizm-xidmət sənayesində uğurla fəaliyyət göstərən mehmanxanaların nümayəndələrindən ibarət (Absheron Hotel Group, Hilton Hotel, Fairmont Hotel, Four Seasons Hotel, Hyatt Regency Hotel, Marriott Hotel) idarəedici komitə yaradılıb. Burada işəgötürənlər şagirdlərin müsabiqədən keçirilməsinə cəlb olunublar. “British Council” təşkilatının dəstəyi ilə 3 ixtisas üzrə 5 nömrəli peşə liseyində kadr hazırlığını həyata keçirəcəyik. Şagirdlər həmin liseydə təhsil alacaq, mehmanxanalarda isə praktika keçəcəklər. Sonda həmin mehmanxana nümayəndələrinin imtahanlarda iştirakı nəzərdə tutulur. İndi təhsildə sadəcə biliklər kifayət eləmir. Bilikləri bacarıqlara çevirənlər daha çox uğur qazanır. Bunu strateji xətt kimi özümüz üçün müəyyən etmişik.
- Peşə təhsilinin inkişafı üçün bu gün həlli vacib olan digər məsələlər hansılardır və hansı yeniliklər gözlənilir?
- Məqsədimiz mövcud peşə təhsili sisteminin dövlət-biznes partnyorluğuna əsaslanan sistemə transformasiyasını, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödənilməsini təmin edən müasir iqtisadi çağırışlara reaksiya vermək qabiliyyəti olan, dual sistemin tətbiqinə üstünlük verilən İlk Peşə ixtisas Təhsili sisteminin yaradılmasıdır.
Ən yaxın zamanda peşə təhsilində “Modul sistemi”nə keçidlə bağlı normativ sənədlər hazırlanmalıdır. Bu sistemlə peşə öyrənmiş şəxs əvvəlki sistemlə peşə öyrənmiş şəxsdən daha çox funksionallığı ilə fərqlənir. Əvvəlki peşənin sahibi nəyisə primitiv üsulla edirdisə, indiki peşənin sahibi bu işi İKT texnologiyalarını tətbiq etməklə bacarmalıdır. Demək olar ki, bütün ixtisasların məzmununda texnoloji dəyişikliklər baş verib. Bu gün iqtisadiyyatın tələbi odur ki, bir işçi daha çox kompetensiyalara malik olsun, bir adam daha çox iş yerinə yetirə bilsin.
Bundan başqa məzmunun müasir tələblərə uyğun qurulması üçün yeni dərsliklər, metodiki vəsaitlər hazırlanmalıdır. Artıq bu gün texnologiyanın inkişafı elə səviyyədədir ki, peşəni daha çox kitabdan oxumaqla deyil, gözlə görməklə - praktika sayəsində öyrənirlər. Yeni texnologiyaları özündə əks etdirən dərs vəsaitlərinin hazırlanması istiqamətində işlər aparılmalıdır. İnkişaf etmiş ölkələrdə peşə sistemində daha çox bu cür tədris texnologiyalarından istifadə olunur. Ən müasir və yaxşı peşə təhsili sistemi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini təmin edən, müasir iqtisadi çağırışlara reaksiya vermək qabiliyyəti olan dual sistemdir. Yəni şagird məktəbdə oxuya-oxuya həm də eyni ixtisas üzrə zavod və ya fabriklərdə çalışır.
Peşə məktəbində oxumadan diplom almaq imkanı
- Peşə məktəbinə getmədən əmək bazarına daxil olan mütəxəssislərlə bağlı hansı işlər görülməsi nəzərdə tutulur?
- Peşə təhsilində vacib məsələlərdən biri də formal və qeyri-formal təhsil məsələsidir. İnsanlar öz yaxınlarının yanında işi öyrənib mənimsəyə bilərlər, ancaq sənədsizdirlər. Gələcəkdə bu cür qeyri-formal şəkildə ixtisasa yiyələnənlərin kompetensiyalarını tanımaq lazımdır. Belə şəxslər imtahan verməklə sertifikat, diplom ala bilərlər. Bu metod Finlandiyada geniş yayılıb. Gələcəkdə mütləq bir çox peşələr üzrə diplomu olmayan işçinin işə qəbul olunmaması ilə bağlı tələb olmalıdır. Elə şəxslər var ki, onlar oxumaq istəmirlər, lakin səriştələri var. Onların diplom ala bilməsi üçün imkan yaranacaq. Səriştəsi kifayət etməyənə təklif edəcəyik ki, qısamüddətli modul kursu keçsin, sonra gedib imtahan versin. Bununla bazardakı mütəxəssislərin səviyyəsi qalxacaq və ixtisasların unifikasiyası olacaq. İxtisas sənədi faktiki olaraq işçinin işinə zəmanət verəcək. Bu halda işəgötürən də nəticədən narahat olmayacaq. Çünki hamıya eyni təhsil veriləcək, hamı eyni kitab, eyni proqram əsasında öyrənəcək. Bununla bazardakı mütəxəssislərin səviyyəsini qaldıra və unifikasiya edəcəyik.
- Peşə müəssisələrinin yataqxanalarla təchizatı nə yerdədir?
- Bizim sistemdə məcburi köçkün və qaçqınlar çox binaları tutub. Demək olar ki, bütün yataqxanalar 100 % tutulub. Yeni yataqxanaların tikilməsi də əlavə vəsait tələb edir. Yalnız yeni tikilən peşə məktəblərində yataqxanalar mövcud olacaq. Məsələn, yeni yaradılacaq Sənaye və İnnovasiyalar üzrə Bakı dövlət peşə məktəbində 80 nəfərlik yataqxana olacaq. Qəbələdə yeni məktəb tikilir, yataqxanası da olacaq. Gəncədə köçkünlər artıq yataqxanalarımızı boşaldıblar, təmir işləri gedir.
Bəzi peşə məktəbləri birləşdiriləcək
- Peşə məktəblərinin maliyyə təminatı aşağı olduğundan məktəblərin rasionallaşdırılması gözlənilirmi?
- Peşə təhsili müəssisələrinin maliyyə təminatı ilə bağlı ciddi dəyişikliklər etmək zərurəti var. Aydın məsələdir ki, bu sahədə islahat aparılmalıdır. Amma bu, kifayət qədər vəsait tələb edir. O vəsaitin mənbəyi problem kimi qarşımızda durur. Yenilənməyə xərc çəkilməlidir, amma bu vəsait də yoxdur. Ona görə müəssisələrin rasionallaşdırılmasını, bir neçəsinin birləşdirilməsini nəzərdə tutmuşuq. Lazım olmayan müəssisələrin fəaliyyətinin ya dondurulması, ya da bağlanması təklifi ilə çıxış edəcəyik. Çalışacağıq ki, optimallaşmanı mövcud büdcənin daxilində aparaq. İlkin olaraq Bakı və Gəncədə yerləşən müəssisələrin rasionallaşdırılmasını düşünürük. Optimallaşma və rasionallaşdırma üçün yaxın vaxtlarda addımlar atılacaq.
- Əmək bazarının tələblərinə nəzər yetirsək hansı peşə hazırlığına ehtiyac var?
- Ötən tədris ilində cəmi 123 ixtisas üzrə şagird qəbulu planlaşdırıldığı halda, yeni tədris ilində əmək bazarının dəyişən tələbatını nəzərə alaraq, 154 ixtisas üzrə şagird qəbulunun həyata keçirilməsi nəzərdə tutulub. Bu il ilk dəfə büdcə hesabına daha çox qeyri-neft sektorunun inkişafına təkan verəcək və yeni əlavə dəyər yaradan ixtisaslar üzrə şagird qəbulu planı nəzərdə tutulub. Peşə təhsili üçün nisbətən az əhəmiyyət kəsb edən, lakin təhsilalanlarda daha çox maraq doğuran mühasib, əməliyyatçı-mühasib, kompüter operatoru və s. kimi ixtisaslar üzrə ödənişli əsaslarla qəbul planı proqnozlaşdırılıb.
Biz qərara aldıq ki, bu il büdcə hesabına kadr hazırlığında yalnız “yeni dəyər yaradan ixtisaslar”a və yaxud ölkə üçün prioritet sayılan istiqamətlərə, yəni sənaye, kənd təsərrüfatı və turizm ixtisaslarına üstünlük verək. Ümumiyyətlə, bu il büdcədəki vəziyyəti nəzərə alaraq, ödənişli yerlərin sayını artırıb, büdcə hesabına yerlərin sayını azaltmışıq.
Peşə təhsilinə göstərilən dövlət qayğısının artmasını və əhalinin sosial vəziyyətini nəzərə alaraq, ödənişli əsaslarla təhsil haqlarının məbləği də azaldılıb. Belə ki, illik təhsil haqqının yuxarı həddi 650 manatdan 500 manata kimi azaldılıb və ən aşağı təhsil haqqı 350 manat məbləğində müəyyənləşdirilib.
Təhsil Nazirliyi araşdırma nəticəsində müəyyən edib ki, son illərdə peşə təhsili alanların 40 faizi “mühasibat uçotu”, “kompüter operatoru” kimi sadə ixtisaslar üzrə oxuyub. Bu il bizim yanaşmamız belə oldu ki, əgər bu, doğrudan da insanların tələbatıdırsa, bu tələbatın qarşısını almaq düzgün deyil. Fikirləşdik ki, əgər belə tələbat varsa, bunu ödənişli əsaslarla edək. Ona görə də biz bu il ödənişli əsaslarla olan yerləri daha çox “kompüter operatoru”, yaxud “mühasibat uçotu” kimi ixtisaslar üzrə ayırmışıq.
Peşə məktəblərinə qəbulda şəffaflıq təmin olunacaq
- Niyə əməkdaşlıq üçün məhz “Asan Xidmət” i seçmisiniz?
- Asan xidmətlə əməkdaşlığı şagird qəbulu ilə bağlı qurmuşuq. Bu il Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində dövlət vəsaiti hesabına şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində reallaşdırılıb. Bu layihə vətəndaşların rahatlığının təmin olunması, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflığın təmin edilməsi və subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.
Bildiyiniz kimi, peşə ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilmir. Əvvəllər məktəb direktorları bundan faydalanıb subyektiv amillərə yol verirdilər. Bunları aradan qaldırmaq üçün bu il “ASAN” xidmət vasitəsilə ancaq dövlət yerlərinə qəbul keçiririk. Pilot layihə kimi başlamışıq. Həm də real bazarın tələblərinə uyğun işi qurmaq istəyirdik.
İstəyimiz bu işdə şəffaflığı təmin etmək, subyektiv halların qarşısını almaqdır. Gələn ildən bu əməkdaşlığın coğrafiyasını artırmağa çalışacağıq. Bu yolla ictimai tələbatı da müəyyən edə bilirik.
Ümumilikdə 83 ixtisas üzrə 4160 (ondan 3560 Bakı şəhəri və 600 Gəncə şəhəri üzrə) qəbul yeri müəyyənləşdirilib və bu yerlərə qəbul üçün 5904 nəfər müraciət edib. Qəbul zamanı şəhadətnamə və attestatda əsas fənlər üzrə qiymətlərin cəminin orta balı nəzərə alınıb.
- Beynəlxalq təşkilatlarla hansı yeni layihələr üzərində əməkdaşlıq aparılır?
- Peşə təhsili sahəsində dünya təcrübəsinin öyrənilməsi üzrə fəaliyyət bu sahədə mövcud ədəbiyyatın öyrənilməsi həm xarici səfərlərə gedərək təlim və seminarlarda iştirakla, həm də beynəlxalq mütəxəssisləri ölkəmizə dəvət edərək təcrübə mübadiləsi formasında həyata keçirilir. Bu istiqamətdə Cənubi Koreya Respublikasına və Norveç Krallığına, Sinqapur, Finlandiya, Belarus Respublikalarına səfərlər çərçivəsində adı çəkilən ölkələrin peşə təhsili modelinin öyrənilməsi, təcrübə mübadiləsi və mütəxəssis rəyləri alınıb. Peşə təhsili üzrə beynəlxalq yarış olan “World Skills”in təcrübəsinin öyrənilməsi məqsədilə əməkdaşlarımız İsveçrə, Rusiya və Belarusda keçirilən yarışlarda müşahidəçi kimi iştirak ediblər. Avropa Təlim Fondu ilə əməkdaşlıq daxilində “Turin prosesi - 2017” çərçivəsində ilk peşə-ixtisas təhsili sahəsində aparılan islahatlara dair ölkədəki vəziyyət qiymətləndirilir, Avropa İttifaqı ilə birgə Peşə təhsilinə dəstək layihəsi və Milli Kvalifikasiyalar Çərçivəsi üzrə məsləhətləşmə layihələri həyata keçirilməkdədir. Böyük Britaniyanın British Council, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), BMT İnkişaf Proqramı (UNDP), Norveçin Rogaland Təlim və Təhsil Mərkəzi (RTTM), BP şirkəti, KNAUF şirkəti ilə əməkdaşlıq çərçivəsində məzmunun yenilənməsi və yeni tədris proqramlarının (kurikulum) hazırlanması istiqamətində işlər görülür. Koreya Respublikasının İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sənaye və innovasiyalar istiqamətində 8 ixtisas üzrə beynəlxalq standartlara uyğun tədrisin həyata keçiriləcəyi yeni Peşə Təhsil Mərkəzinin tikintisi üzrə layihə və Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin cəlb olunması ilə turizm və kənd təsərrüfatı ixtisasları üzrə Regional Təhsil Mərkəzinin yaradılması layihələri həyata keçirilməkdədir. Bu istiqamətdə Asiya İnkişaf Bankı (ADB) ilə də məsləhətləşmələr aparılmaqdadır. Ukraynanın İT STEP Academy şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şəbəkə texnologiyaları və sistem inzibatçılığı, kompüter qrafikası və dizayn, proqram təminatının yaradılması ixtisasları üzrə birgə fəaliyyət nəzərdə tutulub. Bundan başqa, Böyük Britaniyanın peşə ixtisasına əsaslanan City&Guilts (C&G) London İnstitutu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təlimin keçirilməsi və beynəlxalq sertifikatın verilməsini nəzərdə tutan və dövlət-biznes partnyorluğuna əsaslanan layihənin üzərində də müvafiq işlər aparılır.
Fərizə Əhmədova
Вернуться назад