Qumarxana fəaliyyəti dövlətçilik zəminləri ilə tərs mütənasibdir
22-04-2015, 16:48. Разместил: heqiqet

Bəllidir ki, son illər dövlətimiz tərəfindən sahibkarlıq fəaliyyəti ilə qeyri-qanuni məşğul olanlara qarşı yüksək səviyyədə mübarizə aparılır. Lakin çox təəssüf ki, hələ də gizli şəraitdə, hansısa yüksək çinli məmurların dəstəyilə qeyri-qanuni yolla asan gəlir etməyə üstünlük verən şəxslərə, onların qanunsuz işlətdikləri gizli obyektlərə də rast gəlinir. Belə obyektlərdən bir neçəsi əməkdaşımız tərəfindən aşkarlanıb və o, həmin obyektlərlə bağlı maraqlı, həm də xoşagəlməz faktlar əldə edlib. Nəzərə çatdıraq ki, bu obyektlərdə gənc nəslin əxlaqına zidd hərəkətlərə yol verilir, orada sözün əsl mənasında qumarbazlıq fəaliyyəti geniş vüsət alır. Bu gizli obyektlər Nəsimi rayonu “Moskva” univermağının yaxınlığında - Cavadxan küçəsi 17 ünvanında, daha dəqiqi beşmərtəbəli binanın alt hissəsində yerləşir. Əminik ki, adıçəkilən rayonda təkcə bu obyektlər deyil, həm də bu tipdə bir neçə belə obyekt fəaliyyət göstərir ki, onlara da ayrı-ayrı şəxslər nəzarət edir. O şəxslər ki, arxalarında ya hansısa yüksək çinli məmur, ya da ki, dövlətə qarşı çıxmaq hissi ilə yaşayan hansısa bir imkanlı adam durur.
Əslində, ölkə miqyasında neqativ hallara yol açmaq birbaşa dövlətə qarşı üsyandır. Eləcə də, gənc nəslin əxlaqını pozan hallara rəvac vermək bütöv bir nəsli məhv etmək, onların dövlətçilik ruhunu zəhərləmək anlamı kəsb edir. Məhz yuxarıda qeyd olunan obyektləri işlədən şəxslər də heç şübhəsiz, bu tip hallara zəmin yaradır, dövlətə məhəbbət hissini özlərinin şəxsi maraqları üzərində əridir, yalnız pul, sərvət qazanmaq iddiası ilə milli kökə ağır zərbə vururlar.
Ayrıca, belə obyektlər hansı ad altında qeydiyyatdan keçiblər? Belə bir real zəmin yoxdursa, o zaman dövlət büdcəsindən - vergidən yayınmaqla nə demək fikrindədirlər? Belə obyektləri icarəyə verənlər qanunla tənzimlənmə prosesindən halidirlərmi? Yaxud daşıdıqları məsuliyyətin nə olduğunun fərqindədirlərmi?
Ölkədə, həmçinin adıçəkilən rayonda fəaliyyət göstərən qumarxanalara havadarlıq edənlər bilməlidirlər ki, qeyri-qanuni sahibkarlıqla məşğul olmaq və onlara havadarlıq etmək, qumarbazlıq və əxlaqa zidd olan digər fəaliyyət növünü genişləndirmək qanuna tam ziddir, belə halda qanunla mühakimə olunacaqları qaçılmazdır.
Unutmaq olmaz ki, qanunsuz fəaliyyət cəzasız qalmır. Hər bir neqativ hal müstəqil dövlətimizə əks təsirdir.
Mövzuya qayıdacağıq.
Amid
Вернуться назад