DataLife Engine > --- > Ölkəmizin hərtərəfli tərəqqisi uğrunda Prezidentimizə layiq yardımçı olacağıq

Ölkəmizin hərtərəfli tərəqqisi uğrunda Prezidentimizə layiq yardımçı olacağıq


24-11-2021, 07:08. Разместил: heqiqet Qarabağımızın hər yerində – Şuşada, Füzulidə, Hadrutda, Cəbrayılda, Zəngilanda Qubadlıda, Ağdamda, kənd və qəsəbələrimizdə, ən uca zirvələrdə artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Böyük Qələbə, ilk növbədə, haqqın, ədalətin zəfəri, vətəndaşlarımızın konstitusion hüquqlarının bərpası və beynəlxalq hüququn təntənəsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, ordumuzun peşəkarlığı, düşmənə qarşı qanlı döyüşlərə atılmış qeyrətli əsgər, gizir və zabitlərimizin, vətən yolunda tərəddüd etmədən canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığı sayəsində biz bu böyük xoşbəxtliyə qovuşmuşuq. Elə biz ədliyyə və məhkəmə işçiləri də Vətənin əsgərləriyik: qanunçuluğun keşiyində dayanmaqla xalqımıza sədaqətlə xidmət edir, vətəndaşlarımızın hüquqlarını qoruyuruq.
Azərbaycanın halal haqqı olan qələbəsi qarşı tərəfin özü haqqında uydurduğu “məğlubedilməzlik” mifini birdəfəlik heçə endirdi. Bu müharibədə biabırcasına uduzan düşmənin namərd əxlaqı bir daha özünü göstərdi. Döyüş meydanlarında, səngərlərdə Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən qorxub qaçan, hərbi texnikasını və silah-sursatını atıb fərarilik edən dırnaqarası qəhrəmanlar müharibə qanunlarına zidd olaraq cəbhə xəttindən uzaq şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya topları ilə atəşə tutur, dinc əhalini hədəf seçirdilər. Acınacaqlı olsa da, dəqiq faktdır ki, sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan tərəfindən Azərbaycana 30 mindən artıq mərmi atılıb. 94 mülki şəxs qətlə yetirilib, 400-dən artıq şəxs yaralanıb. 28 abidə, 50 məktəb dağıdılıb. Amma bütün bunların düşmənə heç bir xeyri olmadı. Biabırçı məğlubiyyətdən qaça bilmədi, necə ki, törətdiyi vandalizm aktlarına, mülki obyektlərə, təbiətə vurduğu ziyana görə haqq divanından da qaça bilməyəcək.
Bizim qələbəmiz isə məhz mərdanə mübarizəmizin məntiqi nəticəsidir. İkinci Qarabağ müharibəsi Azərbaycanın şərəf tarixində yeni səhifələr açdı. Möhtərəm Prezidentimizin yeritdiyi düzgün strateji xətt qələbənin təmin olunmasına misilsiz töhfələrini verdi. Həm də səmərəsiz sülh danışıqlarının illərcə uzanmasına hansı dairələrin bilərəkdən göz yumduğuna, status-kvonun ermənilərlə yanaşı, daha kimlərin marağına xidmət etdiyinə aydınlıq gətirdi. Hər kəs şahidi oldu ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasının təmin edilməsində işğalçı Ermənistanla yanaşı, çoxları maraqlı deyilmiş...
Bu tarixi günlərdə xalqımıza qələbə sevinci bəxş edən Prezident İlham Əliyevə və xilaskar ordumuza bir daha minnətdarlıq edirik. Sonsuz qədirbilənlik duyğusu ilə bildiririk ki, faşist ideologiyalı Ermənistan rəhbərliyini həm döyüş meydanlarında, həm də danışıqlar masası arxasında diz çökməyə məcbur etmiş Müzəffər Ali Baş Komandanımız da, Vətən müdafiəçilərimiz də əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Düşmən ordusu darmadağın edilərək tam məğlub durumda geri çəkilməyə məcbur oldu. Beləliklə, 30 illik haqsızlığa, zülmə, məhrumiyyətlərə son qoyuldu, tarixi ədalət birdəfəlik bərpa edildi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan vətəndaşları yenə də öz tarixi torpaqlarında yaşayacaq, qurub - yaradacaqlar. Amma onlar bugünkü tarixi heç vaxt unutmayacaqlar. Bu dağılmış, yandırılmış evləri, viran qoyulmuş kənd və şəhərləri erməni vəhşiliyinin canlı şahidləri kimi xatırlayacaqlar. Həmçinin yurd, Vətən sevgisi ilə Azərbaycanın işğaldan xilas edilən hər qarışını gülüstana çevirəcək, onun inkişafı üçün səylərini əsirgəməyəcəklər.
Böyük inamla bildirmək istəyirəm ki, hər birimiz bundan sonra da ulu öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalacaq, ölkəmizin hərtərəfli tərəqqisi uğrunda Prezidentimizə layiq yardımçı olacağıq.



Вернуться назад