Qubada artan ana və uşaq ölümlərinin səbəbkarı – İsmayıl Mirzəliyev
7-06-2016, 21:09. Разместил: heqiqet
Mərkəzi xəstəxananın baş həkimi işinə məsuliyyətlə yanaşmadığı üçün bədbəxt hadisələr tez-tez yaşanır Quba rayonunda doğuş zamanı ana dünyasını dəyişib. Heqiqet.az Gundelik-baku.com-a istinadən xəbər verir ki, qızın qaynatası Fazil Abasovun verdiyi məlumata görə, hadisə iyunun 6-da günün ikinci yarısında baş verib. Onun sözlərinə görə, 1991-ci il təvəllüdlü Quba rayon Püstəqasım kənd sakini Abasova Aynurə Ayəddin qızı Quba Rayon Mərkəzi Xəstəxanasının Perinetal Mərkəzinə müraciət edib. Həkimlərin xəstənin yaxınlarına verdiyi məlumata görə, son ana qədər vəziyyəti normal olan Aynurənin halı qəflətən dəyişib. Qızın qaynanası Pakizə Abasova gəlinin doğuşa kimi normal vəziyyətdə olduğunu bildirib: «Heç bir çətinlik olmayıb. Hətta doğuş zamanı dünyaya gələn qız uşağına görə muştuluq da alıblar. Hər şey öz axarı ilə davam edirdi. Birdən gəlinin vəziyyətinin qəflətən dəyişdiyi bildirildi.
Hamı xəstəxanada qaçışmağa başladı. Biz sonradan bildik ki, doğuş zamanı ana çoxlu qan itirdiyi üçün halı pisləşib və bu səbəbdən onu xilas etmək mümkün olmayıb. Lakin vaxtında xəstənin yaxınlarına bu barədə məlumat verilsəydi, belə olmazdı». Bu, Aynurə Abasovanın ilk doğuşu idi. O, Taleh Abasovla 1 il 2 ay idi ki, ailə həyatı qurmuşdu. Qeyd edək ki, Quba rayon Regional Perinetal Mərkəzdə ana və uşaq ölümləri son illər geniş vüsət alıb. Belə ki, analoji hadisə ötən ilin dekabr ayında da baş vermişdi. Ötən ilin dekabrın 19-da Quba Rayon Mərkəzi Xəstəxanasının regional perinetal mərkəzində körpəsilə birgə dünyasını dəyişən Xaçmaz sakini Leyla Cəbrayılovanın doğmaları onun ölümündə birbaşa həkimləri günahlandırıblar. Mərhumun anası Nərminə Hüseynovanın sözlərinə görə, qızı dekabr ayında 3 dəfə perinatal mərkəzdə müayinədən keçirilib ve heç bir problem aşkar olunmayıb. Hadisə baş verən gün gənc ananın heç bir narahatlığı olmayıb. Mərkəzdə 4 həkim Leylanı müayinə edərək doğuşun 1-2 günə olacağını deyib və yaxınlarını evə göndəriblər. Axşam saatlarında isə gənc qadın qəfildən keçinib. Ailə üzvləri bildiriblər ki, əgər vaxtında problem olduğunu bilsəydilər, hamilə qadını Bakıya apara bilərdilər: «Həmin gün onu 4 həkim yoxladı. Hamısı da dedi ki, hər şey normaldır. Normaldısa, mənim balamı niyə öldürdülər? Onun iki qız balası boynu bükük qalıb, analarını axtarırlar. Onlar "anam hanı?" soruşanda mən nə cavab verəcəm?". Leylanın qayınanası Dursunə Cəbrayılova isə deyib ki, gəlininə uşağın ürək döyüntülərinin zəif olduğu deyilib və ona "Riboksin" preparatı vurulub. "Sonra onu yuxarı çıxardılar. Daha heç nədən xəbərimiz olmadı". 2014-cü ilin noyabr ayında isə sözügedən mərkəzdə daha bir faciə yaşanıb. Belə ki, noyabrın 3-də Quba Regional Perinatal Mərkəzdə Qusarın Hil-oba kənd sakini, 36 yaşlı Zərinşah Aslanova doğuşdan sonra ölüb. «Nə doğuşdan əvvəl, nə də sonra ailə üzvlərini yanına buraxdılar. Bircə onu dedilər ki, qanaxması var. Qarşımıza yalnız həkim çıxdı, dedi, özüm də ona qan vermişəm, az oldu, donor gəldi, donordan da qan götürüb vurduq. Əlimizdən gələni etsək də, faydası olmadı. Uşaq olanda həkimlər yatmış olub, qanaxma baş verib. Gəlinim sağlam idi. Uşaq da sağlam doğulub. Həkimlərin təqsirindən öldü», deyə Zərinşah Aslanovanın qayınanası Zakiyət Aslanova bildirib. Bu faktla əlaqədar Baş prokurorluq da məlumat yayıb. Bildirilir ki, ananın ölüm faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Göründüyü kimi, Quba rayon səhiyyəsində ana və uşaq ölümləri ilə bağlı dəhşətli vəziyyət mövcuddur. Rayon sakinləri isə baş verən bədbəxt hadisələrə görə mərkəzi xəstəxananın baş həkimi İsmayıl Mirzəliyevi günahkar bilirlər. Gundelik-baku.com-a verilən məlumatlara əsasən, baş həkimin başı başqa işlərə qarışdığı üçün rayonun səhiyyəsini normal qaydada idarə edə bilmir. Elə bu səbəbdəndir ki, Rayon Mərkəzi Xəstəxanasında, eləcə də kənd və qəsəbə xəstəxanalarında heç bir dərman və tibbi ləvazimat tapmaq mümkün deyil. Xəstəxanada dərman tapılmasa da, hər il dövlət büdcəsindən bu istiqamətdə kifayət qədər vəsait ayrılır. Lakin həmin vəsaitlər tamam başqa səmtlərə yönəldilir. Qeyd edim ki, xəstəxanada xəstələrə dərman verilmədiyi kimi, pasiyentlər yeməklə də təmin olunmur. Halbuki dövlət xəstəxanalarında müalicə olunan xəstələr yeməklə də təmin olunmalıdırlar. Dövlət büdcəsindən bu məqsədlə də kifayət qədər vəsait ayrılır. Lakin rəhbərlik şəxsi maraqlarını hər şeydən üstün tutduğundan sırf gəlirləri barədə düşünür. Sakinlər deyirlər ki, əgər tezliklə Qubada fəaliyyət göstərən səhiyyə müəssisələrində kompleks yoxlama tədbirləri həyata keçirilməsə, o zaman vəziyyət daha kritik hal ala bilər. Qarşı tərəfi də dinləməyə hazırıq.
Вернуться назад