Ümummilli liderin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir
9-05-2022, 18:24. Разместил: heqiqet
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm... Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bununla da sübuta yetdi ki, Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.
Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir. Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!
7 may 2022-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Lənkəran Regional Mədəniyyət İdarəsinin və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və “Şuşa ili” nə həsr olunmuş “Heydər Əliyevin mədəniyyət siyasəti: Şuşadan Lənkərana” adlı elmi-nəzəri konfrans keçirildi.
Konfransda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi fil.ü.f.d., dosent Əzizağa Nəcəfov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, professor Raqub Kərimov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix ü.f.d. dosent Aynur Hacıqədirli, Lənkaran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Lənkəran Dövlət Universitetinin professoru fil.e.d. Yədulla Ağazadə və Lənkəran Dövlət Universitetinin kafedra müdiri tarix ü.f.d. dosent Kamal Mahmudov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Lerik rayon Heydər Əliyev Mərkəzin direktoru Hüsaməddin Abbasov, LDU nəzdində Sosial Aqrar Texnaloji Kollecin müəllimi Bəstəkar-musiqişunas Zəminə Taryelqızı iştirak edirdilər.
Öncə iştirakçılar şəhərin Heydər Əliyev xatirə parkına gəlib Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib önünə tər çiçəklər düzməklə dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər.
Daha sonra tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin akt zalında davam edib.
Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Reyhanə Sadıxova gələn qonaqları salamlayıb, Ümummilli Lider Heydər Əliyevin Vətən, xalq qarşısında müstəsna xidmətlərindən danışıb.
Daha sonra çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyduğunu, mədəniyyətimizi və milli mənəvi dəyərlərimizi beynəlxalq aləmdə tanıtdığını vurğulayıb.
Digər çıxış edənlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi fil.e.d., professor Raqub Kərimov Lənkəran Dövlət Universitetinin professoru, fil.e.d. Yədulla Ağazadə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix ü.f.d. dosent Aynur Hacıqədirli, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, tarix ü.f.d. dosent Kamal Mahmudov, öz çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətə olan böyük qayğı və diqqətindən danışıblar.
Lənkaran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov mövzu ətrafında geniş məruzə ediblər. Bildirilib ki, mədəniyyətimizin bütün sahələrində, bugünkü inkişafında Ulu Öndərin dəyərli ideyaları xüsusi yer tutur. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük başlanğıcın əsasını qoyub. Milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olub.
Tədbir məktəblilərin və Lənkəran şəhərindəki 5 nömrəli uşaq bağçası nəzdində yaradılan “Nəvələr” qrupunun ifasında ədəbi-bədii hissə ilə davam edib.
Sonda Mərkəzin foyesində sərgilənən yeniyetmə və gənclərin rəsm əsərlərindən ibarət “ Əziz Şuşa, sən azadsan” adlı sərgiyə baxış keçirilib.
Mahilə Qurbanova,
yazıçı-müəllim
Вернуться назад