DataLife Engine > siyaset / gundem > 44 günlük Vətən müharibəsi xalqımızın 30 illik intizarına nəhayət ki, son qoydu

44 günlük Vətən müharibəsi xalqımızın 30 illik intizarına nəhayət ki, son qoydu


10-10-2023, 19:11. Разместил: heqiqet Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.
Bizim bəxtimiz onda gətirib ki, ötən əsrin 90-cı illərində dünya şöhrətli siyasətçi Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini real məhvolma təhlükəsindən xilas edib, ölkədəki qeyri-sabitliyin, siyasi hərc-mərcliyin qarşısını alıb, qazandığımız müstəqilliyi əbədi, dönməz və sarsılmaz edib. Ulu öndərin əziz xatirəsinə ehtiramımız böyükdür. Möhtərəm Prezidentimiz İlham Əliyev isə ulu öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycanın qüdrətini durmadan artırıb. Vətən müharibəsinin aktiv fazasında, ayyarım ərzində doğma Qarabağımızın təcavüzkar Ermənistanın işğalından tamamilə azad edilməsi 17 illik gərgin siyasi-diplomatik səylərin, ordumuzun güclənərək dünyanın ən müasir, ən qabil və qadir ordusu kimi pərvəriş tapmasının nəticəsi, sarsılmaz dövlət-xalq birliyimizin təntənəsidir.
Ali Baş Komandanın ötən illərdə və ikinci Qarabağ müharibəsində haqq işimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və düşmənin işğalçı siyasətinin alt-üst edilməsi yönümündə apardığı uğurlu diplomatik və təbliğati fəaliyyəti dünyada ictimai fikrin düzgün formalaşmasına xidmət etdi. Azərbaycan rəhbəri özünün qətiyyətli davranışları, dərin təhlilləri, gündəlik müsahibələri ilə düşmənin kimliyi barədə əsl həqiqətləri ard-arda ortaya qoydu. Ermənistanın zora, havadar köməyinə, cəzasızlıq arxayınçılığına əsaslanan hərbi-siyasi mahiyyətini, necə deyərlər, bənd-bənd dünyanın müzakirə predmetinə çevirə bildi. Tez-tez heç bir məntiqə söykənməyən gülünc bəyanatlar verən, özündən müştəbeh, hərdəmxəyal baş nazir Nikol Paşinyan və onun üzdəniraq hakimiyyət komandasının üzvləri bütün bunlardan elə ciddi dərs aldılar ki, çətin bir də özlərinə gəlib toparlana bilsinlər. Obrazlı şəkildə desək, cənab İlham Əliyev ikinci Qarabağ savaşı ilə nikolların hiyləgər, məkrli niyyətlərinə adi nöqtə deyil, böyük bir nida işarəsi qoydu. Qalib Azərbaycanın irəli sürdüyü şərtlər məğlub Ermənistan tərəfindən sözsüz və birmənalı qəbul edildi.
Dövlətimizin başçısı həmin günlərdə dünyanın aparıcı telekanallarına, qəzet və saytlara verdiyi müsahibələrdə beynəlxalq hüququ çox dərindən bildiyini, təcavüzkar Ermənistandakı, eləcə də müəyyən tapşırıqlarla köntöy və naqolay suallar verən bəzi xarici jurnalistlərin təmsil etdikləri ölkələrdəki haqsızlıqlardan hərtərəfli xəbərdar olduğunu dilə gətirərək onları susdurdu. Hər kəs dünyanın ikili siyasət üzərində bərqərar olduğuna bir daha inandı. Düşmən ölkənin yalan təbliğatına uyanlar, ona qahmar çıxanlar da eşidib bildilər ki, ermənilərin nə düz-əməlli milli tarixi, nə öyünməli halal vətəni, torpağı var, nə də mədəni keçmişi olub. Qapılarda sülənib gəzə-gəzə özünə gün ağlamaq, qaşına-qaşına ocaq başına keçmək, cürbəcür imitasiya oyunları çıxarmaq, kürəklərə xəyanət bıçağı saplamaq onların mənfur xislətindən irəli gəlir.
44 günlük Vətən müharibəsi xalqımızın 30 illik intizarına nəhayət ki, son qoydu. Doğma torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, titanik səyləri və qəhrəman hərbçilərimizin göstərdikləri şücaətlər sayəsində işğaldan azad edildi. Xalqımız yaxşı bilir ki, azadlıq bəxş edilmir və döyüş meydanında tökülən qan hesabına alınır. Cənab Prezidentin də qeyd etdiyi kimi, torpaqlarımızın hər qarışının yağı düşmənin tapdağından təmizlənməsi böyük fədakarlıqlar, şəhidlərimizin qanı hesabına başa gəlib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Biz hamımız şahid olduq ki, müharibənin dəhşəti Azərbaycan xalqını qətiyyən qorxutmadı. Əksinə, xalqımız bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşdi, ordumuza arxa durdu. Nəticədə uğurlu hərbi əməliyyatlarla tarixə qızıl hərflərlə yazılacaq qələbə çalındı.
Qələbə xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı.



Həsənova Könül İsrafil qızı
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru
Вернуться назад