YENİ DÜNYA FORMATINA DOĞRU
Bu gün, 21:18. Разместил: heqiqet

Dövlətlər arası münasibətlərə təsir edən fatkorlar
İdeoloji faktor. Dövlətlər arası münasibətlərdə ideoloji faktor mühüm əhəmiyyət kəsb edir. Yaxın keçmişə nəzər salaq. II dünya müharibəsindən sonra “soyuq müharibə” adı altında sosialist və kapitalist düşərgələri arasında ideoloji mübarizə ötən XX əsrin 90-cı illərinə qədər davam etmiş, SSRİ-nin dağılması ilə başa çatmışdır. Müasir dövrdə hədəfdə olan dövlətlərə qarşı ideoloji faktordan çox müxtəlif vasitələrlə kütləvi informasiya vasitələrinin bolluğu, süni intellektin mövcudluğu şəraitində istifadə olunaraq onların mədəniyyətlərinin, incəsənətinin, dini dəyərlərinin, ailə münasibətlərinin, bütövlükdə cəmiyyətində normal alqoritmlərin pozulması istiqamətində davamlı, məqsədyönümlü təxribat işləri aparılır. Təəssüf hissi ilə qeyd edirəm ki, ideoloji təxribat beynəlxalq təşkilatlar səviyyəsində də özünü göstərir. 1992-ci ildə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyətsizliyi buna əyani sübutdur. BMT-nin nizamnaməsini əsas götürərək öz gücünəErmənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş 20% ərazisini azad etmiş, suverenliyini bərpa etmiş Azərbaycan dövləti Avropa parlamentinin hədəfindədir.
Avropanın ən böyük beynəlxalq təşkilatlarından olan Avropa Parlamenti dəfələrlə Azərbaycan dövlətinə qarşı qərəzli, ədalətsiz qətnamələr qəbul etməkdə davam edir. Terroru dəstəkləməkdə, dövlətlərin daxili işlərinə müdaxilə etməkdə ittiham olunan ABŞ-ın İSAİD beynəlzalq təşkilatının fəaliyyətinin dayandırılması daha bir sübutdur.
Dini faktor. Dövlətlər arası münasibətlərdə din faktoru çox vaxt əsas götürülür. Halbuki dünyanın əksər ölkələrində din dövlətdən ayrıdır. Azərbaycan dövləti 30 ilə yaxın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xristian təəssübkeşliyinin təsirində olmuşdur.
Din faktorunun önə çəkilməsi, təəssübkeşlik, ədalətin kölgədə qalmasına, II-li standartların meydana çıxmasına rəvac verir. Hal-hazırda dünyada səmavi dinlərin sonuncusu və ən mükəmməli olan İslama qarşı bir “səlib yürüşü” islamofobiya adı altında davam etməkdədir. Bu prosesə üstüörtülü, həmçinin açıq şəkildə ABŞ və İsrail, qismən Avropa ittifaqı “öndərlik” edir. Yaxın keçmişə nəzər salsaq SSRİ-nin tərkibində olduğu 70 il ərzində Azərbayc xalqı Ramazan, Qurban, həmçinin dinlə əlaqəsi olmayan Novruz bayramlarından məhrum edilmişdir, ziyarətgahlar, ibadət yerləri bağlanmışdı.
Ontoloji faktor. Soyköklə bağlıdır. Ontoloji əlamətə görə türkofobiya, russofobiya, antisemitizm xüsusilə Avropada, əsasən Fransa, Polşa, Almaniya, Niderland, Norveçdə daha çox rast gəlinir. Yaxın keçmişdə, Azərbaycan SSRİ-nin tərkibində olduğu vaxtlarda azərbaycanlılara qarşı 1920-1930, 1937-1938, 1948-1953-cü illərdə repressiya aparılmış içərisində partiya və dövlət xadimləri, ictimai xadimlər, korifey sənətkarlar, şairlər, alimlər, yüksək vəzifəli şəxslər, bir sözlə xalqın “düşünən beyin”ləri pantürkist, panislamist damğası vurularaq məhv edilmiş və sürgünə göndərilmişlər.
Hegemonluq fetişizmi. Böyüklüyündən və kiçikliyindən, əhalisinin çoxluğundan və azlığından, coğrafi mövqeyindən, inkişaf dərəcəsindən asılı olmayaraq dövlətlər beynəlxalq hüquq qarşısında bərabərdir. Hansısa dövlət əlahiddə, fövqəladə imtiyazlara malik deyil. Bu məlum həqiqət hal-hazırda ABŞ və Rusiya, qismən Avropa ittifaqı, onun müxtəlif təsisatları, beynəlxalq təşkilatları, xüsusilə Avropa Parlamenti tərəfindən kobud surətdə pozulur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 24 fevral 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmışsərhədlərinin bərpa olunması üçün Baş Assambleyanın Fövqəladə Xüsusi Sessiyalarında müharibənin dərhal dayandırılması, rus qoşunlarının Ukrayna ərazisindən qeyd şərtsiz çıxarılması üçün ES-11/1 – ES-11/10 saylı 10 qətnamə qəbul etmişdir.
1-ci qətnamə ES-11/1 2 mart 2022-ci ildə, 10-cu qətnamə ES-11/10 24 fevral 2026-cı ildə qəbul olunmuşdur. Rusiya-Ukrayna müharibəsi bu gün də davam edir. Hər iki tərəf ətrafında koalisiya mövcuddur. Regional, həmçinin qlobal sulh üçün ən böyük təhlükə olmaqla III dünya müharibəsi ərəfəsi anlamına gəlir.
Həyata keçirilmə mexanizmi olmadığından qətnamələr işləmir. ABŞ beynəlxalq hüquqa məhəl qoymadan, həmçinin müharibə qanunlarını kobud surətdə pozaraq İrana qarşı təcavüzkar müharibəni mərhələli şəkildə aparır. ABŞ-İran müharibəsi Yaxın Şərqdə hərbi ekskalasiyaya səbəb olmuş, Səudiyyə Ərəbistanı, Yəməni müharibə zonasına çevirmişdir.
Yaxın keçmişə nəzər salaq. Vyetnam müharibəsini xatırlayaq. Şimali və Cənubi Vyetnam arasında 01 noyabr 1955-ci ildə başlamış müharibəyə ABŞ beynəlxalq hüququ pozaraq, kommunizmin Cənub-Şərqi asiyada yayılmasının qarşısını almaq məqsədi ilə, 500 minlik hərbi kontingentlə Cənuli Vyetnam tərəfində, onu müdafiə etmək üçün qoşulmuşdur. 20 ilə yaxın davam etmiş bu müharibədə 3 milyona yaxın insan tələfatı olmuş, bunların yarıdan çoxu Vyetnamın dinc əhalisidir. ABŞ hərbi kontingenti 58000 nəfər itki vermişdir. ABŞ-da ciddi ictimai etirazlar, həmçinin cəbhədə hərbi uğursuzluqlar geri çəkilməyə səbəb oldu, 1973-cü ildə ABŞ qoşunlarını Vyetnamdan çıxardı. 1975-ci ildə aprelin 30-da Şimali Vyetnam hərbi qüvvələri Saygon şəhərini tutdu. Müharibə başa çatdı. Vyetnam sosialist respublikası yarandı. Tarixə daha bir ekskurs. 25 dekabr 1979-cu ildə SSRİ hökuməti Əfqanıstanda kommunist yönümlü hökuməti dəstəkləmək məqsədi ilə 40-cı ordusu ilə beynəlxalq hüququ pozaraq Əfqanıstana hərbi təcavüz etmiş, 10 illik müharibəyə səbəb olmuşdur. Müharibədə 620 mindən çox hərbiçi iştirak etmişdir. 15 minə yaxın sovet əsgəri həlak olmuşdur. Bunların içərisində 208 azərbaycanlı da var. Əfqan tərəfinin itkiləri mülki və hərbiçi olmaqla 1,5 milyon nəfər təşkil etmişdir.
15 fevral 1989-cu ildə sovet qoşunları Əfqanıstan tamamilə çıxarılmışdır. Hegemonluğa, beynəlxalq hüququnu pozulmasına daha bir misal. Venesuela prezidenti Nicolas Maduro həyat yoldaşı Siliya Floris ilə birlikdə 3 yanvar 2026-cı ildə paytaxt Karakas şəhərindən ABŞ hərbiçiləri tərəfindən irimiqyası əməliyyat nəticəsində qaçırılıb ABŞ-na aparılmış və həbs edilmişdir. Bu “suveren” Venesuela dövlətinə qarşı ABŞ tərəfindən həyata keçirilmiş dövlət terrorizmidir. Göründüyü kimi beynəlxalq gərginlik əsasən böyük dövlətlər “super güc”lər tərəfindən yaradılır. Hegemonluq fetişizminin qarşısı hüquqi müstəvidə alına bilər.
Beynəlxalq sülh və təhlükəsizlik üçün məsul olan BMT-nin Təhlükəsizlik Qurasının struktura və prosedura qaydaları buna imkan vermir. Təhlükəsizlik şurasının daimi üzvləri onların özlərinə aid qərar və qətnamələrə veto qoyaraq onun qəbulunu tormozlamaq hüququna malikdirlər. Baş Assambleyanın FÖvqəladə Xüsusi Sessiyasının qətnamələri isə məcburi hüquqi qüvvəyə malik deyil. Nəticədə qətnamələr kağız üzərində qalır.
Təhlükəsizlik Şurasında təxirə salınmadan islahat keçirilməli, veto hüququ ləğv edilməli, daimi üzvlərin sayı artırılmalıdır.
Daimi üzvlər seçilərkən dövlətin beynəlxalq miqyasda rolu, dini müxtəliflik, kontinentallıq, həmçinin dövlətin tarixi keçmişi, bu günkü durumu, gələcək perspektivi nəzərə alınmalıdır.
Məsum Kamal oğlu Əliyev,
Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq Mərkəzinin bölmə müdiri,
"Qızıl qələm" media mükafatı laureatı,
"Heqiqet.az" saytının redaksiya heyətinin fəxri üzvü
16 oktyabr 2026-cı il
Вернуться назад