DataLife Engine > sosial > AZƏRBAYCAN ELMİNDƏ İLKLİYƏ İMZA ATMIŞ QADINLAR

AZƏRBAYCAN ELMİNDƏ İLKLİYƏ İMZA ATMIŞ QADINLAR


19-02-2019, 16:39. Разместил: heqiqet AZƏRBAYCAN ELMİNDƏ İLKLİYƏ İMZA ATMIŞ QADINLAR
İlhamə Qəsəbova,
filologiya üzrə fəlsəfə doktoru, dosent


Azərbaycan qadını tarix boyu bütün sahələrdə öz çalışqanlığ ilə seçilib, daim xalqın milli-mənəvi dəyərlərini qoruyub saxlayıb. Azərbaycanın ictimai-siyasi həyatında mühüm rolu olan Qadınlar hər zaman cəmiyyətin ictimai-siyasi həyatına dəstək olublar.
Tarixin bütün inkişaf mərhələlərində elmin cəmiyyətin inkişafında ən mühüm faktorlardan biri olduğu həmişə etiraf edilmişdir. Hər bir dövləti inkişaf etdirib irəli aparan elm və təhsildir.
Elə bu səbəbdən də XX əsrin əvvəllərində Hacı Zeynəlabdin Tağıyev maddi və mənəvi dəstəyi ilə öz hesabına onlarla azərbaycanlı gənci Rusiya və başqa diyarlarda ali təhsil almağa göndərirdi.
Nisbətən də olsa ölkədə baş verən dirçəliş birtərəfli qaydada idi, qızlar təhsildən, tərəqqidən tamamilə kənarda qalırdı. Xaricdə oxumağa gedən gənclər öz millətinin qızı ilə deyil, əcnəbilərlə evlənir, nəticədə bunun da millət üçün faydası olmurdu. Hacı Zeynalabdin Tağıyevin əsas hədəfi qızlar üçün məktəb açmaq, azərbaycanlı qızlarının elmə-təhsilə vaqif olmasına çalışmaq idi. Belə bir cəmiyyətdə qızlara məktəb açmağın nə demək olduğunu yaxşı bilən Hacı bu barədə müdrikcəsinə düşünürdü. "Bunu mən etməsəm, kim edəcək, bu biçarə millətin gələcəyin mən düşünməyim, o düşünməsin, kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, mən bu işə başlamalıyam" - deyib məqsədinə doğru gedirdi.
Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də mənfi cavab alır. II Nikolay taxta çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynəlabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə ox hədəfə dəyir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alır.
Nəhayət 1901-ci oktyabrin 7-də H.Z. Tağıyevin maliyyə dəstəyi ilə Aleksandra rus-müsəlman qız məktəbi açıldı. Bu Müsəlman şərqində ilk dünyəvi qız məktəbi idi. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Azərbaycan dili və din dərsləri də keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır.
Azərbaycanda ilk Milli Seminariya Qazax müəllimlər seminariyası olmuşdur. 1918-ci ildə F. Köçərlinin səyi ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazağa köçürüldü. Seminariyada 1920-ci ildə qızlar üçün qapalı şöbə açılmışdır. Həmin il seminariyada ilk olaraq : Dilrubə, Dürrə, Validə və Həbibə Mustafayevalar, Dilşad Şıxlinskaya, Səlimə Əfəndiyeva, Kövsər Qayıbova, Gülbahar Vəkilova, Pəri İbrahimova, Qənirə Mehdixanlı, Mehri Əhmədova, Gilas Məmmədova təhsil alıblar. Burada da qızlar təhsil müəssisəsində qalır, tərbiyəçilər isə qadınlar idi. 1942-1947-ci illərdə Qazax Müəllimlər seminariyasına Güllüzar Əliyeva rəhbərlik etmişdir. Güllüzar Əliyeva seminariyada ilk qadın direktor olmuşdur.
Aleksandra rus-müsəlman qız məktəbində təsil alan ilk qadınlardan biri Ümnisə Musabəyovadır (1902-1974). O orada təhsilini bitirdikdən sonra 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakultəsinə daxil olur. V kursda oxuyarkən həm də Mikrobiologiya və gigiena institutunda laboratoriyada işləyir. Burada onun elmi-tədqiqat işinə marağı özünü büruzə verir. 1926-cı ildə ali təhsilini başa vurmuş Ümnisə Musabəyova bacarıqlı gənc mütəxəssis kimi Universitetin göz xəstəlikləri kafedrasında saxlanılır. Ü.Musabəyova anadangəlmə kor uşaqların gözlərini ilk dəfə cərrahiyyə yolu ilə açan Azərbaycan alimidir.
Zərifə xanım Əliyeva (1923-1985) da ilkliyə imza atmış Azərbaycanlı alim qadınlarımızdandır. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələri şəraitində göz xəstəlikləri profilaktikası üzrə geniş tədqiqat işləri aparmışdır. Eyni zamanda Zərifə xanım həm də oftolmologiyanın inkişafına böyük töhfe vermişdir. Görmə orqanının peşə potologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva ən yüksək mükafata -SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax mükafatına layiq görülüb.
Əliyeva Tamara (1928-2002) Torakal Cərrahlıq sahəsində ilk azərbaycanlı cərrah qadındır. Azərbaycan Dövlət Tibb Universitetinin operativ cərrahlıq kafedrasının professoru olmuşdur. Tədqiqatı, əsasən, ağ ciyər və tənəffüs borusunun salamat və yaman şişlərinə həsr olunmuşdur. 30 iyun 2002-ci ildə Bakı şəhərində vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Tamara xanım 1991 ilin 9 yanvarında şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anasıdır.
Azərbaycanda ilk səhiyyə naziri qadın, tibb elmləri doktoru, professor Kübra Fərəcovadır (1907-1986). 1931-1979-cu illərdə Kürdəmir qız məktəbinin təşkilatçı və müəllim, Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini, AKP MK-də təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan SSR Səhiyyə naziri, N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və.s. vəzifələrdə çalışmışdır. SSR Ali Sovetinin düputatı olmuşdur.
İlk qadın ticarət naziri-görkəmli ictimai-siyasi xadim, Svetlana Qasımovadır (1938-2009). 1976-1979-cu illərdə Azərbaycan SSR ticarət nazirinin müavini, 1979-1983-cü illərdə ticarət naziri vəzifəsində, 1983-1988-ci illərdə Azərbaycan Kominist Partiyası Mərkəzi Komitəsinin katibi, 1990-1992-ci illərdə Dövlət Əmək və Sosial Məsələlər üzrə Komitədə sədrin müavini və sədr vəzifələrində çalışıb. .
Neft mühəndisi ixtisasına yiyələnmiş ilk türk qadını, Azərbaycanın ilk qadın xarici işlər naziri Tahirə Tahirovadır (1913-1991). Nazir işlədiyi müddətdə Azərbaycan diplomatlarının SSRİ-nin səfirliklərində işləməsinə, Diplomatik Akademiyada oxumalarına diqqət yetirmişdir.
Bundan əlavə, o, Sovet hökumət və parlament nümayəndə heyətlərinin üzvü olaraq, BMT Baş Assambleyasının iclaslarında iştirak edərək, eləcə də, Azərbaycan SSR-ə səfər edən yüksək səviyyəli qonaqları qəbul edərək, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə çalışırdı. 1976-cı ildə Tahirə Tahirova diplomatik fəaliyyətdə xüsusi xidmətlərinə görə SSRİ xarici işlər nazirliyinin təqdimatı ilə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur. SSRİ Ali Sovetinin 4-cü çağırış, Azərbaycan SSR Ali Sovetinin3, 5-7-ci çağırışlarının deputatı olmuşdur.
İlk ərəbşünas-qadın elmlər doktoru, professor Aida İmamquliyeva olub. Aida İmanquliyeva Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda, ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), həmin institutda direktor vəzifəsində çalışmışdır (1991-ci ildən).
Baytarlıq üzrə ilk elmlər doktoru, professor qadın Əhmədova-Qayıbova Sabiqədir (1925-1984).
Hüquq elmləri doktoru alimlik dərəcəsi almış ilk azərbaycanlı qadın, AMEA nın müxbir üzvü, əməkdar hüquqşünas Məsumə Məlikovadır. M.F.Məlikova 1958-ci ildə M.V. Lomonosov adına MDU-da "M.F.Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir.
Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.
Porf. M.F.Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. M. F.Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir. O, Azərbaycanda ilk dəfə olaraq milli siyasi və hüquqi fikir tarixinin öyrənilməsinin əsasını qoymuş və beləliklə də hüqüqşünaslıqda yeni bir istiqamətin bünövrəsini yaratmışdır.
Azərbaycan Elmlər Akademiyasının akademiki, ilk azərbaycanlı biologiya elmləri doktoru, professor Vahidə Tutayuqdur. 1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır və 1939-cu ildən botanika kafedrasına başçılıq edir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə edir. 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur.
1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur.
O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir. 1968-1972-ci illərdə V.Tutayuqun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının geniş geobotaniki tədqiqi aparılmışdır.
V.Tutayuq 250-dən artıq elmi əsərin, o cümlədən, 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.
V.Tutayuqun məhsuldar elmi-tədqiqat işi və ictimai fəaliyyəti hökumət tərəfindən yüksək qiymətləndirilmiş, "Şərəf Nişanı", "Oktyabr İnqilabı" ordenləri və bir sıra medallarla təltif edilmişdir. 1974-cü ildə Azərbaycan SSR Ali Sovetin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür
Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. (1883-1981). 1923-1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939-1971-ci illərdə isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1945-1950-ci illərdə o, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.
Professor Sona xanım Vəlixan ilk azərbaycanlı Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.
Azərbaycanda ilk VİRİSOLOQ qadın -baytarlıq elmləri doktoru, professor Nəcibə Əliyevadır.
Dermatologiya sahəsində çalışan ilk qadın, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi- Mina Davatdarovadır.
İlk ali-təhsilli riyaziyyatçı, Sankt-Peterburq Ali Qadın kursunda oxumuş qadın- Eynulheyyat Baxışovadır.
Dünya Ağalarova-ilk geoloq qadını, görkəmli palentoloq, geologiya -minerologiya elmləri doktoru, professordur.
Fizika-Riyaziyyat elmləri doktoru, Azərbaycanda nəzəri nüvə fizikası üzrə ilk professor- Sacidə Əbdülvahabovadır. O həm də Ali məktəblər üçün Azərbaycan dilində "Nüvə Fizikası" dərs vəasitinin müəllifidir.
Azərbaycanda ilkliyə imza atmış alim qadınlardan biri də Ədilə Namazovadır (1926). 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının müxbir üzvüdür. 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur. Ədilə Namazovanın tədqiqatları üşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata-korreksiyaya göstəriş və əsk-göstəriş müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir. Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur. Şöhrət ordeni ilə təltif edilmişdir. Ədilə Namazovanın hazırda 93 yaşı var.
Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı, YUNESKO"nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin dostları Fondunun sədri, Azərbaycan gimnastika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının birinci vitse prezidenti- Mehriban xanım Əliyeva bu saydığımız yüksək vəzifələrə görə ilkliyə imza atmış qadınlarımızdandır.
Вернуться назад