DataLife Engine > sosial / gundem > Qadının cəmiyyətdəki rolu həlledicidir

Qadının cəmiyyətdəki rolu həlledicidir


26-08-2020, 13:46. Разместил: heqiqet Qadının cəmiyyətdəki rolu həlledicidir Qadın gələcəyi yaradanları dünyaya gətirib tərbiyə edir, keçmişin həyati əhəmiyyətli dəyər və ənənələrini nəsillərə ötürür. Qadın ailənin, cəmiyyətin bütövlük rəmzi, evin, yurdun, ocağın abadlığı, möhtəşəmliyidir. Qadın Vətəndir, müqəddəs ailənin qoruyucusudur. El-obaya aid olanları Ana Vətən işığında başına toplayan ahənrübadır. İnkişafa doğru gedən yollar, atılan müdrik addımlar, qazanılan böyük uğurlar qadının fədakarlığı və zəkası sayəsində başa gəlir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məhz belə xanımlardandı, dünyanı rifahla yaşadan, gələcəyə sonsuz ümid, inam yaradan məhz belə şəxsiyyətlərdəndir.
Azərbaycan dünyagörüşündə qadının yeri çox ucadır. Milli təfəkkürümüz üçün qadın ən ali dəyərlərimizin ünvanıdır. Bu münasibət Azərbaycanda zərif cinsin çiyinlərinə əslində çox böyük bir missiya qoysa da, qadınlarımız həmin missiyanı şərəflə daşıyırlar. Ona ağır yük kimi deyil, ucalıq ünvanı kimi yanaşırlar. Əməlləri, davranışları ilə hər zaman bu ucalıqda qərar tutmağa çalışırlar.
Azad düşüncə, övlad, ailə, vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar Azərbaycan qadınının tərcümeyi-halıdır. O, tarixin bütün dövrlərində mənsub olduğu nəslin, ailənin, el-obanın yükünü kişilərlə birgə daşımaqdan qürur duyub, öz borcu hesab edib. Ona görə də Azərbaycan kişisi tarixboyu üzləşdiyi çətinlikləri dəf etməyi bacarıb. Ağır sınaqlara rəğmən milli kimliyimizin, dəyərlərimizin, bizə aid özünəməxsusluqlarımızın keşiyində ayıq-sayıq dayanıb. Çünki qadınlarımız bütün bunları hifz ediblər, bu güvəni hər zaman doğruldublar. Bəlkə elə bu səbəbdəndir ki, bütün dünyada dövlətin, millətin mədəniyyəti onun qadına verdiyi dəyərlə ölçülüb.
Gündən-günə yeni möcüzələr ərsəyə gətirən innovativ texnologiyalar, böyük elmi kəşflər, iqtisadi meyillər bəşəriyyət həyatında çox şeyləri dəyişir. İnsanın rifahına yönəlmiş inkişaf proseslərini hərəkətə gətirir. Bu proseslərə rəvac verənlər, cəmiyyətin firavanlığına, xoşbəxtliyinə əsas məqsədi kimi yanaşanlar, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edənlər isə zəmanəmizin İlham Əliyev kimi parlaq liderləridir.
Mənəvi-insani dəyərlərə xitab, xalqın arzu və amallarının real həyat mənzərələrinə çevrilməsi dövlət başçısı İlham Əliyevin işıqlı qayəsidir. Qarşıya qoyduğu, həyata keçirdiyi ali məqsədlər yüksək ideallardır. Və Azərbaycan Prezidenti bu məqsədlərə doğru aparan haqq yolunda ona görə bu qədər uğurludur ki, ən çətin yolun hər addımında ümumxalq dəstəyindən güc alıb. Bu qətiyyətli, möhtəşəm fəaliyyətin daha bir məntiqli səbəbi də onun xanım Mehriban Əliyeva kimi dönməz silahdaşının, məsləkdaşının, etibarlı yolyoldaşının olmasındadır.
Bu gün Azərbaycan qadınını Vətən naminə çalışmağa ruhlandıran böyük bir səbəb də var. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadını üçün möhtəşəm bir tarix başlanıb. O, təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada layiq olduğu şöhrətə, ucalığa yüksəlib. XXI əsrin məşhur, görkəmli qadınları sırasında indi onun da adı, pozulmaz dəstxəti var. Ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şəxsində Azərbaycan qadınının qazandığı nailiyyət qadın fəallığı ənənələrinə yeni nəfəs verir. Bugünkü və gələcək nəsillər üçün davamlı inkişafa yol açır.
Xanım Mehriban Əliyevanın həyat və fəaliyyəti bir şəxsiyyət dərsidir. Hər insanın ona bəxş edilmiş həyatı, əslində, necə yaşamalı olmasının nümunəsidir. Birinci vitse-prezidentin fəaliyyətini izlədikcə, gördüyü işlərin məzmununu nəzərdən keçirdikcə, nadir fikirləri ilə tanış olduqca, əslində, ömrün mənasının nədən ibarət olduğunu dərk edirsən. Dünyanın böyük filosofları, mütəfəkkir adamları öz əsərləri, müdrik kəlamları, öyüd-nəsihətləri ilə bu həqiqətləri anlatmağa cəhd ediblər və indi də çalışırlar. Mehriban xanımın isə fərqi ondadır ki, bu ali həqiqətləri o, öz əməlləri, unikal addımları ilə anladır. Şəxsi nümunəsi ilə göstərir. Hər birimizə ünvanlayır ki, bizim həyatımız, doğmalarımızla bağlı məsuliyyətimizdən başqa, həm də ictimai borcumuzla bağlıdır. Baxır ki, bu məsuliyyəti kim necə dərk edir. İnsanın cəmiyyətdəki statusunu, ictimai mövqeyini müəyyənləşdirən də elə budur. Əslində, tarixdə qalmaq şansını da bu borcun ləyaqətlə yerinə yetirilməsi təmin edir.
Mehriban xanım öz əməlləri ilə insanlara bu yolu göstərir. Onun fəaliyyətində kamilliyə, ruhani məqama ucalan insanların mənəvi keyfiyyətləri görünür. Ömrünü yaxşılıqlara həsr etmiş bütün kəslərin minilliklər boyu formalaşdırdıqları dəyərlər əks olunur. Mehriban xanım Əliyevanın gördüyü işlər zəngin bir aləmə qapı açır.
Mehriban xanımı ad günü münasibətilə təbrik edir, xeyirxah və çətin işində ona yeni-yeni uğurlar arzulayıram!
Qadının cəmiyyətdəki rolu həlledicidir
Sevda Haşımova,
Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi, "Tərəqqi" medalı, "Sadiq Heydərçi" media mükafatı laureatı

Вернуться назад