DataLife Engine > sosial / gundem > Sabunçu rayon qaz idarəsinin sayğac oyunu

Sabunçu rayon qaz idarəsinin sayğac oyunu


22-04-2016, 19:13. Разместил: heqiqet Sabunçu rayon qaz idarəsinin sayğac oyunu İbadətin ibadətsiz sayğısı

«Həqiqət.az» saytına tez-tez şikayət ərizələri daxil olur. Marina Qocayevanın ünvanladığı məktub da bu xarakterdədir.
Şikayətçi bildirir ki, yaşadığı evə qaz çəkilişi ilə əlaqədar aidiyyəti üzrə müraciət edib. İbadət adlı şəxs ona bildirib ki, idarənin vəsaiti yoxdur, evə xətti öz hesabınıza çəkməli, sayğac üçün müəyyən məbləğdə pul ödəməlisiniz. O da məcburən xətti çəkdirib, sayğacın quraşdırılması üçün Sabunçu rayon qaz idarəsində İbadət adlı şəxsə də əlavə 200 manat pul verib. Dəfələrlə İbadət adlı şəxsə müraciət edilsə də, o, hər dəfə bir bəhanə ilə «aradan çıxıb». Şikayətçi də məcburiyyət qarşısında Sabunçu rayon qaz idarəsinə müraciət edib. Yalnız bundan sonra 2016-cı ilin fevralında İbadət ev yiyəsi işdə olarkən çəkilmiş xəttə sayğac birləşdirib. Səhəri gün ondan sayğacın kartını istəyəndə, İbadət deyib ki, sayğacın balansında hələ qaz var, işlədin, kartı da təhvil verəcəm. Beləcə, İbadət ev yiyəsini bir həftə də bu cür aldadıb.

Nəhayət, ev yiyəsi sayğacın balansını yoxlamaq istəyərkən görüb ki, sayğacın düymələri xarabdır. Başa düşüb ki, İbadət ona xarab sayğac verib. Dəfələrlə o, bunula əlaqədar Sabunçu rayon qaz idarəsinin ərazi üzrə nümayəndəsi İbadətə və idarəyə müraciət edib, nəticə olmadığı üçün əlacsız qalıb aidiyyəti üzrə «104»ə zəng vurub, şikayət edib. Lakin bu şikayətin də bir nəticəsi olmayıb. O, daha sonra «186» nömrəsinə zəng vurub, məlumat verib. İki gün sonra işçilər gəlib, sayğacın kimin tərəfindən quraşdırıldığı soruşulub, sayğacın qeyri-qanuni olduğu deyilib. Belə çıxır ki, 7 ay müddətində Marina xanım qazdan pulsuz istifadə edib, verdiyi 200 manatın isə hara xərcləndiyi sual altındadır.
İşə baxın ki, Marina xanım İbadətə sayğacın qanuni dəyişdirilməsi ilə əlaqədar neçə vaxtdır müraciət edir, o da bu dəfə «mənə vaxt ver, gəlib dəyişərəm» deyir, ikibaşlı oyun oynayır. İndi papağımız qarşımızda, oturub düşünürük ki, o boyda Sabunçu qaz idarəsində məgər İbadətə «gözün üstə qaşın var» deyən bir adam yoxdur?! Bəs aidiyyəti idarənin rəisi? O, nə üçün bu boyda müraciətlərə reaksiya vermir - bir soruşmur ki, ay İbadət, camaatın əsəbləri ilə niyə oynayırsan? Görəsən, cənab rəisin, yaxud o İbadətdir, nədir, onun xəbəri yoxdur ki, ölkə prezidenti axşamadək məmurlara məsuliyyətli olmağı, vətəndaşları incitməməyi tövsiyə edir? Bir dıqqılı qaz sayğacı nədir ki, hətta pulu ödənildiyi halda, onu vətəndaşa vermirlər? İndi durub biz də açaq sandığı, tökək pambığı ki, Sabunçuda qazdan qanunsuz istifadələrə kim icazə verir? Aləmə car çəkək ki, rayondakı qaz maxinasiyaları dövlətə nə qədər ziyan vurur?
Bu yazı hələlik ümumi məzmun kəsb edir. Növbəti yazımızda Sabunçu rayon qaz idarəsinin mövcud vəziyyəti, qazdan qanunsuz istifadələr, qeyri-qanuni qaz qoşulmaları, mənimsəmələr və s. barədə ətraflı yazı dərc edəcəyik. Araşdırmalara başlamışıq. İnşallah, dövlətçiliyə xidmət yolunda bu problemin də öhdəsindən asanlıqla gələ biləcəyik.
Qaldı, şikayətçi Marina xanıma, onun qaz sayğacı problemini aidiyyəti idarənin nəzər-diqqətinə çatdırırıq. Əgər nəticə olmasa, o zaman dövlət başçısı Sabunçu qaz sahəsindəki bütün neqativ hallardan xəbərdar olacaq.
Maraqlıdır ki, şikayətçi pul ödəyib qanuni sayğac tələb edir, Sabunçu rayon qaz idarəsi nədənsə şikayətçiyə “nömrə” gəlir. Yəqin ki, dövlət səviyyəsində bu hoqqaya real bir fakt kimi təsir göstərə biləcəyik.
Saytımızı izləyin.
Вернуться назад