«3-cü mikrorayon bazarı» sosial rifaha zəmin yaradır
26-05-2016, 12:20. Разместил: heqiqet
Ölkədə yüksək rifahın təmin olunmasına yönəldilmiş konkret işlər dinamik məqsədlərə xidmət edir. Bu hal bütövlükdə cəmiyyətin inkişafı barədə fikir yürütməyə əsas verir və həm də iqtisadi prioritetlərin sosial istiqamətlərini aydın göstərir. Əlbəttə, sosial siyasətin məsuliyyətini dərk etmək üçün birinci növbədə onun mexanizmlərini qurmaq tələb olunur. Bu istiqamətdə respublikamızda önəmli proqramlar hazırlanır, dövlət dəyərlərinə istinad edilir. Yerli şəbəkələr, iqtisadi sahələr, həmçinin ticarət mərkəzləri və bazarların iş prosesi də bu məntiqə söykənir.
Təəssüf ki, hərdən sosial inkişafa əks çıxan hallarla da qarşılaşırıq. Məsələn, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən məqamlar bizi bir növ, düşünməyə və araşdırma aparmağa sövq etdi.
Məlumdur ki, bu gün Nəsimi rayonundakı “3-cü mikrorayon bazarı” adı ilə tanınan ticarət mərkəzi tənqid hədəfi seçilib, bu bazarın guya Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin müdiri Nurpaşa Abdullayevə məxsus olduğu iddia edilir. Həmçinin bazarın çökmək üzrə olması, buradakı münasibətlərin kəskin hal alması da həyəcan siqnalı kimi diqqətə çatdırılır.
Məsələyə münasibət bildirmək, müzakirəyə səbəb olan yazıdakı təhlükəli məqamların doğru olub-olmamasını bilmək üçün 6 saylı Ticarət mərkəzinin (ASC) müdiri Şahin Əliyevə müraciət etdik. Şahin müəllim dedi ki, «3-cü mikrorayon bazarı»nın mətbuatda adı hallanan N.Abdullayevlə heç bir əlaqəsi yoxdur, N.Abdullayev nə bazarın müdiri, nə də səhmdarı deyil. Onun yalnız ailə üzvlərindən birinin bazarda müəyyən qədər səhmləri var. Üstəlik, 67 nəfər bu bazarda səhmdardır. Bu rəqəm sosial və iqtisadi münasibətlərə uyğun olaraq arta və ya azala da bilər. Çox yaxşı olardı ki, hansısa bir məsələ haqqında yazı hazırlanarkən araşdırma prosesləri gözlənilsin. Hansısa bir məsələni adi danışıqla fakta çevirmək həm media qaydalarına, həm də cəmiyyət reallığına ziddir. Bu mənada, yayımlanan yazı həqiqətə uyğun deyil və bazarımızın imicinə zərər vurur, bazardakı sosial yüksəlişə kölgə salır. Diqqət yetirin, «3-cü mikrorayon bazarı»ndan nə qədər insan çörək qazanır, ailəsini dolandırır. Burada işsizliyin aradan qaldırılması istiqamətində mümkün addımlar atılır, insanlara normal və qaydalara uyğun şərait yaradılır ki, daha neçə-neçə ailə sosial rifahını burada cəmiyyət reallığına uyğun qura bilsin. Biz bazarda dövlətimizin sosial siyasətinə istinad edən iş qururuq, yazılanlar və deyilənlər isə quru yalandan başqa bir şey deyil. Bazarımız günü-gündən inkişafdadır, apardığımız sosial yönlü işlər burada çalışanların rifahını daha da möhkəmləndirir.
Biz reyd əsasında bazarda satıcı və digər rəhbər şəxslərlə də görüşdük. Onlar dedilər ki, icarəyə verilən obyektlər həm qanunauyğun, həm də standartlar çərçivəsindədir, heç bir narazılığımız yoxdur. Əgər bu gün bazarda səhmlərin sayı artırsa, bu, əlavə qazanc güdmək məqsədi daşımır, əksinə insanların sosial rifahının yüksəlməsinə xidmət edir.
Bəli, biz araşdırma aparmaqla heç olmasa, əmin olduq ki, «3-cü mikrorayon bazarı» sosial rifaha zəmin yaradır.
Heqiqet.az
Вернуться назад