Həyat duyğularım - (poema-həyat dramı)
12-06-2017, 18:40. Разместил: heqiqet
Hikmət MəlikzadəProloq
Əcəli misra-misra dadmağın faydası yox,
Ağacın Allah xofu tüstü vermir kömürdə...
...Məsafələr uzaqdı, arzular da əlçatmaz,
Nəhəng qatar kimidi sığmadığım ömür də.
Çöhrəsi daşa hopmuş şəkil kimiyəm indi,
Haçanadək səbr edim, dözüm? Utanıram ta.
Allahın da yadına düşmürəm adam kimi,
Nə qədər əl qaldırım, özüm utanıram ta.
Xəcalətlə doludu pencəyimin cibləri,
Sabah yolum yenə də dağadımı, İlahi?!
Nədən açıq qalıram məscid qapısı kimi,
Mənim ruhum beşgünlük çağadımı, İlahi?!
Sanki balıq tutmaqdı məni günaha tutmaq,
Uşaq sancısı verir sinəmdəki yara da.
Ruhun təbəssümünə quş qonubdu elə bil,
Bir əlcə şəkil kimi görünürəm arada...
Nə yaxşı ki, uzaqda tanımırlar kölgəmi,
Qoca bir falçı kimi oxuyuram sonu mən.
Tale, ilməsi çıxmış əzik bayraqdı, amma
Vida yaylığı kimi yelləyirəm onu mən.
***
Bir dəstə gül uzatdı əzrayıl mənə o gün...
Kimsə məni daşladı tez-tez, kasıb damıtək.
Anamın bətni qopdu mən anamdan qopunca,
Hamı kimi doğuldum, yaşamadım hamıtək.
...Sanki dar ağacıydı qayğısız anlarına,
Adımı bir il əvvəl qoymuşdu atam fağır.
Kasıblıq da dərd idi yazığın gözlərində,
Taleyin acısından doymuşdu atam fağır.
Bu yandan da mən indi yük olmuşdum kişiyə,
Fağır arzularsayaq çağlamadım bir kərə.
Mən idimmi günahkar, ehtiras yanğısımı?
Qorxudanmı, ya nədən, ağlamadım bir kərə.
Üst-başımdan utanıb özümə qısıldıqca,
Əzabımı xalıya toxuyurdu o qız da.
Yuxuların içində at çapmaqdan qorxardım,
Çəhrayı quşlar kimi oxuyardı o qız da.
Yadımdamı, anamın ətəyindən yapışıb
Heç kim bilməsin deyə «söz atardım» ona mən.
Hərdən də elə-belə, kitab bəhanəsilə
Bir kənarda dayanıb göz atardım ona mən.
Göyərçin uçuranda it hürmüşdü üstümə,
Sonra kimsə gözümə «toxumuşdu» xatamı.
Yoxsulluq dul qadıntək izləyirdi deyənə,
Həyat onda divara dirəmişdi atamı.
Qonşudakı «sarı qız» çəpəri aşdımı, tez
Pişik balası kimi qucaqlardı tək məni.
Tez-tez, məktəb çağında anam bilməsin deyə,
Ayağıma geyərdim altı cırıq çəkməni.
Dabanlarım şişərdi su dəydikcə yarama,
(İndi gəl bu acını ürəyimdən ayır da...)
Anam xəbər tutanda, tez yalandan deyərdim:
- Ayaqyalın gəzmişəm uşaqlarla bayırda...
Yuxum ara verməzdi kilsə zəngləri kimi,
Kipriklərim arada yapışardı qaşıma.
Mən qızlardan həmişə gen durardım sinifdə;
Şalvarımın yamağı qaxınc idi başıma...
...Sən də, eh, az gülmədin başımın papağına,
İçimdə ağlamaqdan bəbəklərim şişərdi.
Sənə gül göndərərdi hərdən bir rəis oğlu,
Mənim də arzularım ürəyimdə bişərdi...
...Qıyqacı baxışlarla çox üşütdün içimi,
Mən də «sevirəm dedim», vallah, sən eşitmədin.
(...Gecə də Allah dedim, gündüz də Allah dedim
Yüz kərə ah çəkdim, eh, Allah, Sən eşitmədin).
Atanın qorxusundan səhv gedərdim yolumu,
O vaxt, çoxu bəxtimdən aşiq idi sənə, eh...
Bir nanəcib maşınla batırardı əynimi,
Palçıq yollar elə bil düşmən idi mənə, eh...
Xəlvətdə baxışardıq oğru pişiklərsayaq,
Baxışların tozunu silməzdik ki, heç cürə.
Ya dəstəmaz alardı əcəl başımız üstə,
Ya da naz eləyərdi... bilməzdik ki, heç cürə.
Məktəbin son çağıydı, sıxılırdım yamanca,
Qəfil, bağbanı ölmüş bağa döndü ürəyim.
Bir gündə iki kərə sevgi məktubu yazdın,
Bir gündə iki kərə dağa döndü ürəyim.
***
Nimdaş paltar geyərdi atam yazıq əyninə,
Xəcalət quyusunda gizlənsə də, tapardım...
...Vaxtın əlindən tutub yüyürmək istəyəndə,
Əllərimi Tanrının ətəyinə apardım...
...Çoxunun başı üstə gül açmışdı göy üzü,
Çoxu tanışlıq verib yan ötürdü əcəldən.
Biz uşaqdıq, bilməzdik hansı tanış-bilişə,
Atam da iki kərə can ötürdü əcəldən...
Sonda öldü, tabuta qoyub apardıq onu,
Sən də, sanki fələyin qapısına daş atdın.
Mən qəmin acısında gözümü ovduğum an,
Sən başqa bir oğlanın arzusunu yaşatdın.
Koması uçdu o gün sevmək xoşbəxtliyimin,
Hər gün bir söz qurutdum xatamın əvəzinə.
Onda başladı mənim ən qayğılı anlarım,
Anam acıdı mənə atamın əvəzinə.
Dar ağacı qurdular kasıb taleyim üçün,
Cəlladda da insaf yox bir balta sapı qədər.
Atamın qırxı günü gəlin köçdün yad evə,
Uzaq oldun sən mənə qırxıncı qapı qədər.
Gün o gündü - əcəlin gözünə baxa-baxa,
Taleyin ağacına sapımızı bağladıq...
Atan “edam elədi” məni kasıbam deyə,
Sən də, mən də sevgiyə qapımızı bağladıq.
Atasızlıq odunda bişdi körpə xəyalım,
Ümid pəncərəsinə şəkil çəkdim qəmimlə.
...Sonra ağrı-acımla kəbin kəsdirən qızın
Qürurunu tapdadım, eh, yoxsul görkəmimlə...
Həqiqətin quruca adı varmış sən demə...
Elçi daşları üstə yoxdu dayaq izləri.
Ölüm iştahdan düşmüş bir qız dodağıdısa,
Əzrayılın hər evdə qalmır ayaq izləri.
Taleyimi ot basıb köhnə cığırlar kimi,
Rəngi soluq tifiləm, xoşuna gedirəm ki?!
Allaha acıq gəlmir adamın Allahlığı,
Mən bu yolla Allaha boşuna gedirəm ki?!
Dar ağacı deyil ki, kəndir asdığım ağac,
Kəndirin də bir ucu boğazıma boş gəlir.
Bəlkə bir naşı rəssam çəkib bu şəkli, atam?
Daş ətirli baxışlar gözlərimə xoş gəlir...
Epiloq
Duyğumun köynəyindən keçirtmişəm nəyim var,
...O qızın arzuları məzar oldu harada?
Sükutun yaxasına cırmaq atdım əsəblə,
Dualarım Tanrıya acıq verdi arada.
İndi mən onsuz təkəm, o, mənsiz tənha deyil,
Onun məzarı üstə bir gül bitib özütək.
Mənim başdaşım haçan yonulacaq, bilmirəm,
Bəlkə kimsə qoruyur məni iki gözütək...
Arzular qatar kimi yük altında can verir,
İçimə atdığın köz külümə dustaqdı, qız.
Sən qəlbinin oduna həyat işığı tutdun,
Mənim ruhum söz adlı zülümə dustaqdı, qız.
Sözdən də əppək çıxmır, kül eşirəm eləcə,
Gözlərimin üst-başı yaş kimi olub artıq.
Ta elçi göndərmişəm ölüm adlı mələyə,
O da yazısı getmiş daş kimi olub artıq...
Bəlkə baş-başa verim mən bu yaşda ruhumla?!
Biz bu köhnə şəhərdə axtarırıq daha nə?
Həyat iki adamlıq maşın kimidi, düzü,
Minmək bir bəhanədi, düşmək ayrı bəhanə...
Вернуться назад