DataLife Engine > yazarlar > POEZİYADA EMOSİONAL-EKSPRESSİV İFADƏ TƏRZİ VƏ SƏNƏTKARLIQ MƏDƏNİYYƏTİ

POEZİYADA EMOSİONAL-EKSPRESSİV İFADƏ TƏRZİ VƏ SƏNƏTKARLIQ MƏDƏNİYYƏTİ


20-02-2018, 14:12. Разместил: heqiqet POEZİYADA EMOSİONAL-EKSPRESSİV İFADƏ TƏRZİ  VƏ SƏNƏTKARLIQ MƏDƏNİYYƏTİ Müasir ədəbiyyat insanı düşündürən, həyəcanlandıran bütün problemləri, xüsusən onun sosial aləmini, gündəlik həyatını, mənəvi varlığını əks etdirir, gerçəklik haqqında həqiqətləri daha dolğun və təsirli, əhatəli miqyasda söyləmək vəzifəsini yerinə yetirir. Öz zəmanəsinin böyük hadisələrini, dünyamızın mühüm ümumbəşəri qayğı və düşüncələrini, müasirlərimizin fərdi aləmini əks etdirməklə əsl sənət əsərləri etibarlı poetik yaddaşa çevrilə bilir.
Mürəkkəbliyi və çoxcəhətliyi ilə seçilən müasir poetik proses zamanın tələblərinə uyğun olaraq zənginləşmədə, hərəkətdə və dəyişmədədir. O da maraq doğurur ki, poetik axtarışlarda zəngin poetik irsimiz də fəal iştirak edir, özünün qədim və yaxın keçmişi ilə daxili təmasda yaranır, poeziyamızın ənənələri, təcrübələri müasir şeir yaradıcılığının karına gəlir və ciddi əhəmiyyət kəsb edir. Fəal, nəcib tarixi yaddaş poeziyamızda gücləndikcə müasir şeir yaradıcılığının ayrılmaz parçasına çevrilir, hər bir söz sənətkarının fərqli təkamülü üçün uğurlu başlanğıc rolunu oynayır, poeziyanın sosial məzmununu daha da dolğunlaşdırır.
Müasir poeziyamızın tarixən formalaşan sağlam mənəvi-fikri istiqamətini qoruyub saxlaması, yeni keyfiyyətlərlə zənginləşməsi bu günkü bədii yaradıcılığın da ən səciyyəvi cəhətlərindən biri kimi səciyyələndirilməyə layiqdir. Şeirimizin son illərdə formalaşan nəsillərinin fəaliyyəti, onların qələm məhsullarından alınan təəssürat poeziyamızın poetik axarlarını, janr-üslub keyfiyyətlərini, sənətkarlıq xüsusiyyətlərini səciyyələndirmək baxımından dəyərlidir.
Poeziyanın ümumi cizgiləri və mənzərəsi, janr-üslub istiqamətləri, ən əsas da onun narahat dünyamızın ruhuna, məzmununa müvafiqliyi belə deməyə əsas verir ki, sözün zamanla səsləşməsini təmin etmək səyləri, sözün estetik təsir dairəsini genişləndirmək meyilləri aparıcıdır. Çətin və şərəfli yaradıcılıq amili olan poeziyanın üstünlüyü isə həmişə olduğu kimi, onun bədiilik meyarlarının gözlənilməsi, inkişaf səviyyəsi ilə müəyyənləşir. Sənətkarlıq amilləri, poetik mükəmməllik şeirlə aşılanan ruh və məna ilə uzlaşmadan poeziya ciddi yaradıcılıq səviyyəsinə yüksələ bilmir. Deməli, bədii forma, poetik vüsət o zaman siqlətli olur ki, ibrətamiz həyati qənaətinin ifadə vasitəsi rolunu oynasın. Buna görə də istənilən bədii mətn dil hadisəsi, sənət amili olmadan mükəmməl ədəbi nümunə səviyyəsi kəsb edə bilmir. Linqvopoetik mükəmməllik yüksək yazı mədəniyyətinin əsas göstəricisi olub bədii yaradıcılıq vasitələrinin və vərdişlərinin kamilliyində özünü büruzə verir. Bədii mətnin tərtibi geniş və dərin bir keyfiyyəti ifadə edir.
Mətanət Ulu Şirvanlının yaradıcılığında təcəssüm etdirilən bədii təsvir və ifadə vasitələri geniş estetik kateqoriya kimi həyatın rəngarəng təzahürləri olaraq meydana çıxır, özünügerçəkliyə sənətkarın fəal münasibətinin ifadəsi kimi büruzə verir. İlk baxışdan sezilir ki, M.U.Şirvanlının poetikasında özünəməxsusluq, üslubi təzələnmə uğurlu yaradıcılıq hadisəsi kimi şeirlərinin strukturunda yetkinlik səviyyəsinə meyl edir. Onun bədii düşüncəsində baş verən püxtələşmə şeirlərinin həm formasında, həm də mündəricəsində təzahür edir.
M.U.Şirvanlının şeirləri dillə təcəssüm etdirilən təfəkkürünün və mənəviyyatının obrazlı təcəssümü kimi dəyər qazanır və onun yaradıcılıq simasını təyin edir. Məhz buna görə də onun şeirləri gerçəkliyin sadəcə ifadəsi deyil, üslubi fiqurlarla zənginləşdirilmiş poetik ifadəsidir. Bütün bunlar poeziyanın daxili mahiyyətindən doğan keyfiyyətdir. M.U.Şirvanlı obrazlı sözün səviyyəsində həyat hadisələrini sənət hadisəsinə çevirə bilir, sözün nitq şəraitindəki məna çevikliyini, poetik enerjisini və daxili dinamikasını fəallaşdırır.
M.U.Şirvanlının qələmindən çıxan şeirlərin yığcam poetik strukturunda obrazlı dil faktları gerçəkliyin daha konkret, daha aydın və əyani təcəssümü kimi meydana çıxır. Onun poetik təxəyyülü sözü rəngdən-rəngə sala bilir. Təsvir və tərənnümlə sözlərin poetik təşkili, daxili məntiqi estetik zərurətin tələblərinə uyğun şəkildə emosional-ekspressiv dəyərlərlə zənginləşir. Uğurlu alınanda söz sanki öz sözlüyünü itirir, şeirin bitkin poetik tamın üslub, kompozisiya, ahəng və intonasiya ünsürünə çevrilir. Sözdən obraza keçid şeirin məna və struktur cəhətdən təşkili prinsiplərinə uyğun olaraq bütün linqvistik ünsürlərinin semantik birliyi daxilində həyata keçir. Sözə məcazi məna kəsb etdirilməsinin arxasında isə M.U.Şirvanlının obrazlı qavramaq konsepsiyası dayanır.

Həsrətin oduna yandım, alışdım,
Pirsaat çayında söndürün məni.
Bu gecə üzümü yaşla yümüşəm,
Nə olar, siz Allah, güldürün məni.
Atılıb qalmışam zindan küncünə,
Qaldırın mehraba – sevda kürsünə,
Sevdayla, sevgiylə alışan günə,
İzahat verəcəm, dindirin məni.

Göründüyü kimi, «Məni» rədiflibu şeirinaydınlığı və sadəliyimüəllifin şeirmədəniyyətianlayışınınbirkomponentidir. O da nəzərdən qaçmır ki, sadəlik və aydınlıq M.U.Şirvanlı yaradıcılığında məzmun gözəlliyini, dərin mənanı, qabaqcıl ideya problemini təcrid etmir, əksinə, dil sadəliyi, üslub aydınlığı ilə bədii mündəricə arasında harmonik birliyə nail olunur. Aydınlıq və sadəlik prinsipləri M.U.Şirvanlının istifadə etdiyi bədii vasitələri bir şəbəkədə elə qaynayıb-qarışır ki, onun şeirini bəsit, sönük və zəif ifadə tərzindən mühafizə edir, süni və qondarma ifadələrdən, qondarma pafosdan qoruyur. «Ağladı» şeirində olduğu kimi:

Bir baxışda yandırar,
Qəmli, pərişanlıdır.
Bir-bir, dən-dən oldular
Başımda telim ağlar.
Yaş gəlib gözə doldu,
Sevgi teli qırıldı,
Sevənlər yazıq oldu
Bağçada gülüm ağlar.
Ox idi, çarxa döndü,
Su idi, arxa döndü,
Üfürdüm, odum söndü
Ocaqda külüm ağlar.

M.U.Şirvanlının şeirdilininmusiqiliahəngində bədiiovqatınakustikrəngləri, danışıqsəslərininpoetikeffektləri, mətninstrukturbütövlüyününtəminatçısıdır. Xüsusi araşdırma prinsipi üzrə səslərin, sözlərin və söz birləşmələrinin simmetrik düzümü, qafiyələrin və eyni səs komplekslərinin akustik keyfiyyətləri, assonans, alliterasiya və s. canlı obrazlar aləmi ilə birlikdə möhtəşəm bədii monumentallıq əmələ gətirir. Onun sənət dilinin fonoloji imkanları daha canlı, estetik çalarları daha tutumlu olur. Səs sisteminin akustik keyfiyyətləri dilin fonetikasındakı ritm və ahəngdarlıq sirlərini aşkar edir. Şeirin başlıca ritmik-struktur əsası, üslubi-poetik ifadə vasitəsi kimi təkrarlar misraların xoş ahəng üzərində köklənməsinə, poetik mətləbin intensiv qavranılmasına rəvac verir.

Dağ döşünə çıxanda,
Dərd qəmini yıxanda,
Dönüb geri baxanda,
Gördüm ki, qocalmısan.
yaxud:
Sən ey həsrətimdən yanan, qovrulan,
Sən ey məhəbbətdən günahı olan,
Sevgisi küləklə itən, sovrulan
Dön bax gözlərinin daşan selinə.

Nümunələrdə eyni sözlərin – «d» və «s» samitlərinin ahəngi üslubi niyyətə xidmət edir. Burada söz düzümündəki səs ahəngi adi fonemlər kompleksi deyil, təsvir obyektinin daxili mahiyyətini oxucuya intensiv şəkildə çatdıran melodiyadır. Məzmunun daxili ritm və ahənginə uyğunlaşan, müəyyən sözlərin təkrarına imkan yaradan sözlərin işlənmə sərrastlığı istər-istəməz oxucuda xoş bədii ovqat formalaşdırır, ilıq hisslərlə onun qəlbini isidir. M.U.Şirvanlının poeziyasında çox zaman səslərin təsvir və təlqinetmə xarakteri öz əks-sədasını alliterasiyada tapır. Şairin daxili polifonikliyi, çevik ritmi və intonasiyası, nümunəvi forma naxışları oxucunu öz güclü təsiri altına almaq naminə, ideyanı novatorcasına çatdırmaq tələbinə cavab vermək məqsədi güdür.
M.U.Şirvanlının şeirlərinin musiqiyə yaxınlığı poetik-estetik ovqat ümumiliyindən irəli gəlir. Əbəs yerə deyilməmişdir ki, şeir musiqiyə bir çox cəhətdən yaxındır və obrazlı şəkildə desək, onların xəmiri birgə yoğrulmuşdur. M.U.Şirvanlının şeir dili sənət dili kimi, estetik zövq mənbəyi kimi dəyərlidir, ona görə də onun şeir mətnlərində ifadə faktları heç zaman linqvistik aspektdə götürülüb qiymətləndirilə bilmir. Bu zövq hər səsin, hər ritmik ünsürün ahəngdarlığından qaynaqlanır. Səs-söz təkrarları da məhz şeirin melodik qaynaqlarını üzə çıxarır. «Dedilər» adlı şeirin bir fraqmentinə nəzər yetirək:

Dedilər nə yaman qocalmısan sən,
Söyləyə bilmədim sevgi üzündən.
Dedim ki, sevincli-nəşəliyəm mən,
Dedilər qəm süzür axı gözündən.
Dedilər, elə bil yas içindəsən,
Dedim bəzənmişəm toya gedirəm,
Dedilər, ay yazıq, özün bilirsən,
İçin qəm kökləyir, sənsə süzürsən.

«Demək»feilinin yaratdığı melodiya işləndiyi nitq mühitinə xüsusi ritm əlvanlığı gətirir. Eyni sözün səs oyunu səviyyəsində təkrarı hesabına səslərin kompleksləşdirilməsi belə qənaət doğurur ki, bu üslubi əməliyyat sözə həssas münasibətin əks-sədasıdır. Təkrarlanan sözlərin təhlili ilə meydana çıxan intonasiya çalarları öz başlanğıcını, kökünü «Kitabi-Dədə Qorqud»dan, Füzuli, Vaqif, M.Ə.Sabir, S. Vurğun…nəfəsindən qidalanır.
Anaforik təkrarlar M.U.Şirvanlının şeirlərinin hər bir sətrində ritm və intonasiyanı qabartma və ümumi emosional təəssürat faktıdır. Diqqətəlayiq cəhət ondadır ki, anaforik təkrarlar M.İ.Şirvanlının əsərlərinin estetik təbiətindən irəli gələn prosesdir. Şeirin poetik potensialı, səslənmə zənginliyi bütövlükdə haqqında bəhs etdiyimiz təkrarlanan leksik vahidlərdən gəlir.

Sən ey qüruruna sığınan, qalan,
Sən ey qəlbi qara, qısqanclıq yoran,
Sən ey ayrılıqdan saralan, solan,
Əsiri-dustaqsan qəmə, zülümə.
Mənsə bu payız öz həyatımda.
İlahi, mənə təpər,
Mənə güc ver,
Adlayım qəmimi,
Qaytar mənə tükənən səbrimi,
Qaytar çiçəklər eşqinə,
Qaytar gerçəklər eşqinə,
Qaytar mələklər eşqinə.

M.U.Şirvanlının şeir nitqində, onun deyilişində elastiklik, mütəhərriklik çox güclüdür. Ondakı sözlər aydınlığı aydınlığa, misra quruluşu isə yığcamlığa meyillidir. Bu prosesdə təkrarlanan sözün fəallaşması poetik fikri oxucunun şüuruna daha tez çatdırır, təkrarlanan söz mətn mühitində poetikləşərək melodiya boyalarına çevrilir, onun üslubi çalarlar qamması misralardakı canlı insan nəfəsinin təzahürü kimi meydana çıxır.
Anaforik təkrarlar şeir mətninin xarici cəhətini – səslənməni zənginləşdirməklə ritm yeksənəkliyinə də əngəl olur. Aralarında estetik-semantik məsafənin uzaqlığına baxmayaraq, sözlər intonasiya-ahəng assosiasiyası hesabına vahid poetik bütövün hissəcikləri olur. Şeirin mövzusu, onun vəzni əslində intonasiya bəstələməyin özülündə dayanır. Bədii mətləb vəzni müəyyənləşdirdiyi kimi, vəzn də öz növbəsində texniki göstəricilərinə müvafiq melodiya kökləməyi tələb edir.
M.U.Şirvanlının şeirlərində epizodik təkrarlar da fikrin ifadə tərzinə çox uyğundur. Onlar ustalıqla işlənməklə bədii mətnə yüksək keyfiyyətli sənət dili olma hüququ qazandırır. Epoforik təkrarlar da müəllifin intonasiya qəliblərinə müvafiqdir ki, bu da fikir bitkinliyini forma kamilliyinə qovuşdurur, cazibəli təhkiyə melodiyasına gətirib çıxarır, misraları harmonik səhmanlama prosesinə qoşur:

İlahi, mən necə bir yaşa gəldim,
Qədərlə çarpışa-çarpışa gəldim,
Əzrayıla yoldaş olub tuş gəldim
Sinəmin üstünə çöküb aparır.
yaxud:
Tayını axtaran qara quş kimi,
Ürəyi buz tutan qarlı qış kimi,
Uçub köç eyləyən qaranquş kimi,
Ruhumu kökündən uçurdacaqsan.
Ah, ağlayan məhəbbət…
Çırpınan möhnət,
Məni bu günə salana
Lənət!
Lənət!
Lənət!

Göründüyü kimi, epifora mövqeyində söz təkrarlandıqca quru səslənmə ilə yox, emosional işarələrlə bütövləşir. Əsas fikir nitqi təşkil edən kəlmələrdən ibarət olsa da, təkrarın məqsədə müvafiq ahəngi mətləbə bilavasitə bağlı olan emosiyaların yaranmasında həlledici rol oynayır.
Epiforalar deyim münasibliyinin, məzmunauyğun tələffüz biçimlərinin yaradılmasında iştirakçı olur, misralarla eyni bölgü və ölçülərin yaranmasına şərait formalaşdırır. Müəyyən sözlər bədiilikdən uzaq olsa da, epiforik təkrar hesabına mətndə xüsusi çəkisini artırır, sözə yeni ahəng gətirir, bədii təsir dolayı yolla – epiforanın yaratdığı intonasiya zənginlikləri ilə meydana çıxır. Bu da, məlumdur ki, poeziya üçün vacib həyat amili, dirilik suyudur və mətn onunla «nəfəs alır». Poetik fikrin çevikliyi bu cür üslubi fiqurlara istinad edir. Epifora obrazlar sistemini kəmiyyətdən keyfiyyət halına çatdırır.
M.U.Şirvanlının poetik üslubunda söz təkrarlarının yaratdığı sintaktik paralelizmlər də müstəsna əhəmiyyət kəsb edir. Müəllifin şeir arxitektonikasının mühüm tərkib hissəsi olan sintaktik müvazilik mükəmməl üslubi fiqurlar doğurur. Onlar qafiyə melodiyası, alliterasiya ritmi ilə qovuşanda mətni yüksək bədii keyfiyyətə malik şeirə çevirir. M.U.Şirvanlının əsərlərində sintaktik paralelizmlər istifadə üsulunda diqqət çəkən bir cəhət xüsusi seçilir ki, bu da orijinallığa meyldir. Öz deyim tərzini axtarmaq, sintaktik tərkib müvaziliyindən istifadə üzərində düşünüb, götür-qoy edib başqalarına oxşamamaq M.U.Şirvanlının poetik yazı təmayülünün əsasında durur. Aşağıdakı nümunə müəllifin «İnsaf» şeirindən bir fraqmentdir:

Bir az həsrət, bir az kədər, bir az qəm,
Bir az hicran, bir az vüsal, bir az dəm,
Bir az gödək, bir az uzun, bir az kəm,
Hər cür tale yazılıbdı bəxtimə.

M.U.Şirvanlının sintaktik paralelizmlərlə canlandırdığı təsvirdə sürət axarı, hərəkət güclü və davamlıdır. Bu tempi isə anaforik və epiforik təmin edir. Obrazdan-obraza, təsvirlərdən-təsvirə keçid üçün ən əlverişli deyim forması sintaktik konstruksiyalar üzərində qərarlaşır. Bir obrazdan yeni obraza keçmək üçün təkrarların söz biçimlərinə, ifadə qəliblərinə üz tutulur. Bu üsülün tətbiqi ilə fikirlərin əvəzlənməsi baş verdiyi kimi, tərənnüm də geniş vüsət alır. Təkrarlanan formalar dəyişdikcə ritm də yeni qəliblərə, yeni poetik ovqata istiqamətlənir.

Lalələr çiçəkləndi,
…gəlmədin.
Çiçəklər xal saldı, böçəkləndi,
…gəlmədin.
İydələr gül açdı, ətir saçdı,
…gəlmədin.
İydələr darıxıb çiçək açdı,
…gəlmədin.

M.U.Şirvanlının şair yaradıcılığında ifadə şablonluğu, söz birləşmələrinin quruluş eyniliyi zahirən dəbdəbəli olduğu kimi, daxilən də məzmunludur. Sintaktik vahidlərin paralelliyi bədii fikrin genişliyinə, poetik düşüncə dərinliyinin ifadəsinə rəvac verir. Sadalanma intonasiyası fikri ifadə prosesinə hakim kəsilir. Müvazilikdən faydalanma orijinallığı və onun sənət prinsiplərinə uyğunluğu şairin qarşısına qoyduğu estetik vəzifələri, yaradıcılıq tələblərini ödəyir. Şair misraları dilimizin daxili qanunlarına, ruhuna uyğun səsləndirir. İntonasiya təravəti düşüncə yeniliyindən doğur. Hiss olunur ki, tərkiblərin paralelliyi şairin üslubunda və ifadə tərzində təzələnmə əlamətlərini sıxlaşdırır.
Sintaktik konstruksiyaların mərhələli təkrarı onların bədii mahiyyət kəsb etməsinə mane olmur. Əksinə, poetik mündəricənin maksimum aydınlığına xidmət edir, koloritli danışıq üslubunun bədii mətnə ayaq açmasına zəmin yaradır. Məhz buna görə də biz M.U.Şirvanlının sintaktik paralelizmlərin sıxlığı ilə seçilən şeirlərində dil elementlərinin mürəkkəb və ayrılmaz birliyinin şahidi oluruq.
M.U.Şirvanlının yaradıcılığında emosional mühakimə tərzi, üslubi əlvanlığa malik dil vahidlərinin ahəngdar sistemi real həyati cizgilərə məcazi don geydirir. Oxucuda yüksək zövq sözə heyranlıq və pərəstiş hissləri doğurur. Şeirin yığcam və zəngin strukturuna, semantikasına uyğun məcazi söz rəngarəng məna qazanmağa qabil olur.Şairin poetik fantaziyası sözü rəngdən-rəngə salır, obrazlı mahiyyətini büruzə verir. M.U.Şirvanlı poeziyasını fərqləndirən xarakterik cəhətlərdən biri də məhz məcazlar sisteminin kəmiyyət və keyfiyyət etibarilə yüksədilməsi ilə poetik təravətin xüsusi nəzərə çarpmasıdır. «Əzabın məngənəsində» şeirində oxuyuruq:

Əzablar məngənəsində,
Səyahət edirəm qəm gəmisində,
Sevincləri, əzabları düşündükcə,
Süzülürəm dünyanın süzgəcində.

Misralardakı sözlərin özündə poetiklik məzmunu olsa da, metaforalarla müəllif poetiklik keyfiyyətini qat-qat artırmağa müvəffəq olmuş, sözün daxili, gizli qüvvəsini ustalıqla kəşf etmişdir. M.U.Şirvanlının epitet, bənzətmə, metafora, perifrar və digər məcazi sözlərində bir obrazın zahiri cəhətlərinə aludəçilikdən daha çox daxili məzmununda üslubi zənginlik və rəngarənglik müşahidə edirik. Dərhal hiss olunur ki, həyatın bədii qavrayışı daha geniş miqyas aldığından məcazlarla yaranan obrazların miqyası orijinal bədii fikirdən, dərin həyati müşahidələrdən yoğrulub.

Yaş asılıb salxım tək,
Gilə-gilə yanağımda.
Get, əlvida kəlməsi
Çırpınır dodağımda.

Bu nümunələrdəki təşbeh və metaforda sözü mənalandırmaq məharəti dərhal sezilir. Reallığı estetik qavrayışın əsasında obrazlı təfəkkür hadisəsi dayanır. Təsvir obyektinin bədii-estetik dəyərləndirilməsi poetik təfəkkür prosesindən, varlığı estetik idrakın öz daxili qanunauyğunluğundan törəyir. Söz, ona sahib olan müəllifin qələmində heç kəsin işlətmədiyi tərzdə bədii cəhətdən yenidən icad olunur. Sözə verilən yeni mənalar hesabına şeirdə dilin məntiqi keyfiyyətləri bədii keyfiyyətlərinə güzəştə getməli olur.

Düşündü ruhum, incidi cismim,
Əsdi əllərim ruzigar kimi.
Düşünə bilmirəm
Beynim ağappaq qar kimi. («Özüm kimi»)

Göy üzündə qəmdən pərdə,
Dünya silkələnib qalıb.
Kölgələr sürünüb yerdə
Buludlar xəyala dalıb. («Gecənin halı»)

M.U.Şirvanlının poeziyasındakı hər bir məcazi söz, göründüyü kimi, ancaq konkret mətnin ümumi ruhu və məzmunu ilə əlaqədar meydana çıxır. Həmin sözlər reallığı əks etdirməyin poetik ekvivalentə, bədii kəşf kimi misralardan boy göstərir. Bədii təəssürata həssas münasibət təlqin edir, poetizmin üslubi istiqaməti bədii tərənnümün, emosiyaların orijinal şəkildə ifadə ehtiyaclarını ödəyir. M.U.Şirvanlının qələmində müqayisə, epitet və metaforadan istifadə vasitəsilə təzahür etdirmə sırf bədii ifadə funksiyası daşıyır. O, müəllifin üslubunda ancaq lirik təhkiyə forması deyil, şeir nitqinin elə ünsürü, elə komponentidir ki, poetik meyarlar baxımından həmişə özünü doğruldur, lirik əhvali-ruhiyyənin qüvvətli və universal ifadə forması olur.
Müqayisələrlə müəllif lirik «mən»in daxili aləmi, onun hiss və duyğuları fonunda poetik qayə təcəssüm etdirir. M.U.Şirvanlının misralarına yol tapan hər bir məcazi söz sənət meyarları hüdudunda bədiiliyi şərtləndirən faktorlar kimi çıxış edir. Deməli, məcazlar, poetik sözlər üçün M.U.Şirvanlının şeir mətnləri elə bir sınaq yeridir ki, üslubi istiqamətindən asılı olmayaraq, onlar poetik sənətin estetikasına uyğunluq dərəcəsinə müvafiq şeir mədəniyyəti kateqoriyasına daxil olur. Poetik duyğu və düşüncələri mütəhərrik hala gətirmək üçün M.U.Şirvanlının işlətdiyi məcazlar mətnin bədii bünövrəsində dayanır və özünün bütün potensial imkanlarını nümayiş etdirir.

Eşqim – Nilufər
Su üzündə zanbaq.
Eşqim – inci!
Eşqim sevdaların
İlki, birinci! («Nilufər eşqi»)

Söz mühitinə gətirdiyi ab-hava ilə məcazlar sistemi bədii situasiyanı intensivləşdirir. Onun bilavasitə iştirakı ilə şeir mətnində M.U.Şirvanlının düşüncələri poetikləşir. Müqayisə, metafora incə çalarları aşılayır, müəllifin nəzərdə tutduğu poetik niyyət orijinal ifadə qəliblərində təzahürünü tapır. Deməli, bədiiliyin müqayisələrlə verilməsi M.U.Şirvanlının şeir gözəlliklərində məxsusi bir məziyyətdir. Bununla bədii mənzərənin əsas cizgiləri əyaniləşdirilir.
M.U.Şirvanlının istifadə etdiyi məcazi sözlərin xüsusi çəkisini artıran onların üslubi yetkinliyidir. Onun əsərlərindəki mükəmməl bənzətmələr poetik sözə müəllif məsuliyyətinin məhsuludur. Bu vasitə şairi sənət dünyasına daha etibarlı tellərlə bağlayır.
Xalqın bədii təfəkkürünün məhsullarına, xüsusən onun zəngin frazeoloji materiallarına aludəçilik M.U.Şirvanlının şeirlərini xalq dilinin təbii ifadə üsulları ilə şəffaflaşdırır. Orijinal dəsti-xətti ilə seçilən M.U.Şirvanlının dilində folklor motivləri, deyim tərzi frazeologizmlərin vasitəsilə uğurla mənimsənilərək onun bədii yaradıcılıq üslubuna hopmuşdur. M.U.Şirvanlının poetik təsvirində frazeologizmlərin yaradıcılıq prosesindəki üslubi vəzifəsi bədii konkretlik və müəyyənlik yaratma vasitəsidir, aydın müəllif mövqeyinin ifadəçisi olmasıdır. Frazeoloji vahidlər istedadlı söz sənətkarının obrazlı düşüncəsində mücərrədlikdən daha çox, reallığın spesifik meyilləri canlı əlamətlərlə əks olunur. Həmin keyfiyyət bədiiliyin əsas məziyyətlərindən və şərtlərindən biri kimi öz ifadəsini frazeoloji birləşmələrdə tapır. Konkret bədii lövhə yaratmaq niyyətini rəhbər tutan M.U.Şirvanlı frazeologizmləri eyni anlayışlarla bağlı başqa söz və söz birləşmələri ilə – sinonimlərlə yanaşı işlətməklə məqsədinə nail olur:

Mən hansı günaha bağışla deyim,
Sən hansı qarğışı edirsən mənə.
Qovursan, əzizim, haraya gedim
De, kimin yanına üz tutum belə. («Neyləyəcəksən»)

Nisgilli gözümün baxışı şimşək,
Həsrəti könlümü dağlayır, Allah!
O elə kədərli, o elə kövrək,
Hər gecə mənimçün ağlayır, Allah! («Anam»)

Ata, bağrım yanıqdı,
Yandı imanım, dinim!
O qədər ağladım ki,
Dilim-dilimdir dilim. («Ata»)

M.U.Şirvanlının poetikasında obraz bolluğu yaratmaq üçün frazeologiya olduqca fəaldır, onda hissi təsvir imkanı çox güclüdür. Çünki onlarda poetik düşüncədən gələn xəlqilik, xalq ruhu hakimdir. M.U.Şirvanlı üçün duyğu və mühakimələri frazeoloji qəliblərdə canlandırmaq poetik mədəniyyət hissindən qidalanır, bunun üçün müəyyən hədd, dar çərçivələr mövcud deyildir. Onun təsvirli misraları, emosional sətirləri frazeologizmlərin poetik cizgilərindən törəyir. Müfəssəl lirik formanın başlıca, mühüm amil kimi şairin poetik mətnə cəlb etdiyi frazeologiyası şeirdə incə müşahidələri, səmimi hissləri ifadə etmək vasitəsinə çevrilir. Bu sahədə M.U.Şirvanlının professional vərdişləri poetik detalları üslubi cəhətdən mənalı vahidlər səviyyəsinə qaldırır, varlığın metaforik obrazını cızır.

Duzammış, necə də əridim, Allah!
Əridim həsrətdən, qəmdən əridim.
Dərdimin ilməsi acı bağırsaq!
Çözüldü, çözüldü…mən də əridim! («Yoxdu xəbəri»)

Dan üzündə qan göründü,
Səhər açdı, dan söküldü.
Tanrım mələyi qorudu,
İblisin gözü töküldü. («Mələklər»)

M.U.Şirvanlının qələmində şeirin poetik prinsipləri frazeologizmlərin zəngin bədii ab-havası, sənətkarlıq yetkinliyi, poetik əks-səda yaratma keyfiyyətlərinin yaranmasına münbit zəmin hazırlayır. Fikri və hissi təsvirin mahiyyətinə varmaq, bədii tamlıqla fikri ayrılığın sintezi frazeoloji birləşmələrin mayasındadır, onda təcəssüm tapan mühakimə siqlətinin, müdrikliyinin bətnindədir. Odur ki, M.U.Şirvanlı müfəssəl poetik qayəni dərinləşdirdikcə, bu cür elementlərin üslubi-semantik potensialını da artırır.
M.U.Şirvanlı öz poetik düşüncələrini, hiss-həyəcanlarını sözün müqəddəs işığına tutduqca dilimizin möcüzə yaratma qüdrətini də nümayiş etdirir. Deməli, folklordan və canlı nitqdən qaynaqlanan xəlqi ruh M.U.Şirvanlının üslubunda, onun şeir yaradıcılığının bütün komponentlərində, xüsusilə də frazeologizmlərdən istifadə qabiliyyətində büruzə verir. Çünki frazeoloji materiallar xalqın bədii söz yaradıcılığının mənalı qəlpələridir, buna görə də qondarmaçılıqdan uzaqdır.
Aşağıdakı şeir nümunələrində – «Qadamı alginən» şeirindən bir bənd, çox güman ki, şeirin sərlövhəsinin – ümummilli frazeoloji vahidin işığından, nəfəsindən güc-qüvvət alır.

Qollarını gərdənimə salginən,
Mən get desəm, sən yanımda qalginən,
Nə durmusan, dur qadamı alginən və s.

M.U.Şirvanlının poeziyası folklorla, xəlqi deyim tərzi ilə daim təmasdadır, həmişə milli qaynaqlara, kökümüzə, ulularımızın müdrikliyinə söykənir və əlamətdardır ki, bu, davamlı səciyyə daşıyır. Bu məziyyət M.U.Şirvanlının poeziyası üçün səmimi və ilıq nəfəsin, ilhamlı söz sənətinin mənbəyidir. Onun şeir sənətinin dadı-tamı köklərin dərinliklərindən gələn yaradıcılıq idealına, ənənələrə sədaqətindədir.
M.U.Şirvanlının poetikasında xəlqilik onun misralarına hopmuş elə bir cövhərdir ki, o, müəllifin dəsti-xəttində dərhal sezilir, təbii şəkildə poetik fikrə çevrilir, yeni yazdığı əsərlərinin ifadə üsullarına qida verir.
M.U.Şirvanlının poetikasında lakoniklə müşaiyət olunan fikir sərrastlığı diqqətçəkən məziyyətdir. O, şeirdən tələb olunan maksimum yığcamlıqla tutumlu fikir söyləmək prinsipinə xüsusi həssaslıq göstərir. Onun şeir üzərində gərgin işi əslində bir tərəfdən yüksək həssaslıqla söz seçimi, bu seçimdə göstərilən maksimum dəqiqlik və obrazlılıq, digər tərəfdən isə sərrast söz tapıntısının bədii mətnin ümumi ruhuna, estetik istiqamətinə uyuşması arasındakı mürəkkəb vəhdətdən ibarətdir. Müəllif hər bir sözün qazandığı estetik dəyəri və üslubi əhəmiyyətini qarşılıqlı məna və qrammatik əlaqədə olduğu sözlər kontekstində açır.
M.U.Şirvanlının şeirlərinin məzmunundan, təfərrüatın xarakterindən, ideya istiqamətindən asılı olaraq söz fikri bəzən birbaşa ifadə edirsə də, yeri gəldikcə işlənmə mühiti onu elə üslubi məcraya yönəldir ki, həmin söz bədii mətləbi cəmləşdirir, poetik qayə dolayı yolla, gizli şəkildə deyilir, lazım gəlsə, eyhamların yaranması üçün istifadə olunur. Odur ki, sinonimlər M.U.Şirvanlının şeir üslubuna xas olan incə estetik əlamətləri daha mükəmməl əks etdirmə qabiliyyətinə malikdir. Onda həssas üslubi çalarlar əks edilən bədii motivlərin məzmununa müvafiq boyaların əlvanlığı, sənətkar müşahidələrinin sərrastlığı öz əksini tapa bilir.

Bağçamda çiçəklər ağlayır mənə,
Həsrətdən qovrulum, yanım, alışım.
Yadlar da şadlanıb sevinəcəklər
Bəxtə boyun əyim, necə barışım.

Göründüyü kimi, konkret üslubi məqamda bədii mətndə işlənmə tezliyi qazanan məna təkrarları (qovrulmaq, alışmaq, yanmaq; boyun əymək, barışmaq) istər poetik düşüncənin vüsətini artırmaqla, istərsə də şairə düşüncə axınını fikri dərinliyə sövq etdirməklə xüsusi üslubi mövqeyə malikdir. Bu üsulda müəllif hər şeydən öncə şeir mətninin etik tələbini ödəyir, onun bilavasitə köməyi ilə poetik məna zəncirvari şəkildə təsvir obyekti barədə qəribə assosiasiyalar doğurur. Siqlətli məzmunun estetik təəssüratı şairin poetik sistemində özünün orijinallığını tapır.
M.U.Şirvanlının üslubunda məna təkrarları, əsasən iki formada daha çox işlədilir və bu, təkrarlanan sinonim sözlərin eyni, yaxud da qonşu misralarla gəlməsindən asılı olur. Bütün hallarda oynaqlıq, dinamizm və bədii tamlıq məna təkrarlarının əmələ gətirdiyi əsas estetik məziyyətlərdən sayılır. Şairin obrazlı təfəkkürünün yetkinliyindən qaynaqlandığı zaman məna təkrarları bədii mühakimələrin, ştrix və detalların eyni mətləb ətrafında uyuşmasından doğan obrazın bədii təsir qüvvəsini dərinləşdirir, üslubi rəngləri tündləşdirir.

Susuzdan bürüşən, quruyan güləm,
Bulaq tək qaynayıb çağla, əzizim.
Mən sənin əsirin, qulun, kölənəm,
Sev məni, yanında saxla, əzizim. («Əsir»)

Bu uşaq mənəmmi, yoxsa yaddımı,
Bəxtim mürgülədi, yoxsa yatdımı?
Görən bəxtim yel qanadlı atdımı?
Məni yəhərinə çəkib aparır. («Aparır»)

Ümumiyyətlə, M.U.Şirvanlının şeirlərindən dərhal sezilir ki, sözlərin sadalanmasında üslubi məna istiqamətinə yad olan heç bir detal yoxdur. Danışıq dilinin sintaktik çevikliyi, enerjisi şeirdə məhz bu məna təkrarlarının, söz sadalanmasının sadəliyində əks olunur. Onların eyni misra daxilində işlənməsi ilə sinonimlərin, ayrı-ayrı dil vahidlərinin kommunikativ imkanları da böyüyür, müəyyən müddəa, fikir və duyğu ətrafında mərkəzləşmə poetik anlayışla bağlı emosionallıq və ekspressivliyə də təkan verir:

Dünya Allahın əsəri, Yer, Göy abad,
İnsi, cinsi, mələyi səmanı yaradan
Uca yaradan! («Əsər»)

Söz sadalanması ilə ritmik təkrarın qovuşması, nümunədən göründüyü kimi, təsvir obyektinin mahiyyətini bədii təhlil predmetinə çevirmək gücündədir. Mənəvi-psixoloji duyum və mühakimələrin sadalanan sözlərin fəal iştirakı ilə ifadəsi şeirin ideya-estetik təsirini artırır və bununla da şeirin mühüm estetik komponentlərindən biri olan intonasiyanın çalarlarını əyaniləşdirir.

Dörd divar üstümə qurd tək,
Şəkləndi, uladı, yeridi Allah!
Səslənsəm hay verənin kim?
Bura ruhlar yeridirmi, Allah! («Əmanət»)

Deməli, bədii təcəssümün mahiyyəti, müəllif niyyəti sadalanmanın doğur¬du¬ğu halın şərhinə daha çox yönəldildiyindən təsvir obyektinin poetik məğzini açmaq, ona diqqət yetirmək üçün münasib vasitəyə çevrilə bilir.
Azərbaycan dilinin təbiətində, ritmində, fonetik-qrammatik xüsusiyyətlərin¬də mövcud olan intensiv poetik imkanların tükənməzliyi M.U.Şirvanlının yaradıcılığındakı qafiyə sisteminin zənginliyində də dolğunluğu ilə təcəssüm olunur. M.U.Şirvanlının poeziyasında qafiyə öz poetik təşkilinə və tərkibinə görə olduqca zəngin sistemə malikdir. Şairin qafiyələrini onun şeirlərinin mühüm zahiri göstəricilərindən biri kimi götürməklə məhdudlaşmır; o həm də müstəsna yaradıcılıq aktı, sənətkarlıq amili, şeir sənətinin özünəməxsusluğu, müqayisəli dil vahidlərinin estetik səciyyəsi kimi də dəyərləndirilməyə layiqdir. M.U.Şirvanlının qafiyələrinin struktur və semantik keyfiyyətləri bütövlükdə mətnin asan anlaşılmasına, misradakı uğurlu və xoş ahəng üzərində köklənməsinə və beləliklə də, poetik fikrin formalaşmasına rəvac verir. Onun şeir mətnlərinin həqiqi bədiiliyinin, poetik məzmununun mayasını qafiyələnən dil vahidlərinin formal-səslənmə keyfiyyətləri təşkil edir.
Qafiyə M.U.Şirvanlının şeirlərindəki sözlərin yalnız formaca uyğunlaşmasından ibarət deyil, bəlkə də həmin cazibəli formada təzahür edən nominal mənadan əlavə məzmun, həm də üslubi çalarlarla zəngin məzmun ifadə etmək qabiliyyətidir. Mükəmməl qafiyələr şairin əsərlərinə xüsusi oynaqlıq və həzinlik gətirdiyi kimi, üslubi zərurətin tələbinə uyğun təmkinli və ləngərli ahəng də formalaşdıra bilir.

Hərdən ayaqlarım çəkib aparır
Məni o istəyə alışan oda.
Təkcə mən deyiləm ümidə dolan
Bəlkə bir salamçün darıxır o da.

M.U.Şirvanlının şeirlərində qafiyə rəngarəngliyi və qafiyə yaratma zənginliyi göstərir ki, onun başlıca estetik istiqamətini təşkil edən yaradıcılıq aktı mühüm sənətkarlıq amilləri ilə bağlıdır. Qafiyə gözəlliyi onun mətndə işlənmə sıxlığında, əmələgəlmə prinsiplərində deyil, onların yeniliyində, gözlənilməzliyində, bədii qayə ilə vəhdətindədir:

Səcdəndə durmuşam, lalam, Şamaxı!
Salam, Şamaxı! («Salam, doğma diyarım»)

Dünyanın bişməyən aşına,
Qərinələrdə yaşına
Yonulmayan baş daşına,
Pəncərəmdən
Baxa-baxa qalmışam. («Səbr»)

Hasara alınmış qəbir…
İlahi, səbir, səbir…(«Həyan»)

M.U.Şirvanlı qafiyələnən sözlərin tam akustik oxşarlığına daha çox üstünlük verən söz sənətkarıdır. Bunlar güclü estetik birlik forması kimi xüsusilə diqqətəlayiqdirlər. Belə qafiyələrin işlənməsinə güclü meyil milli şeir ənənələrinə doğma münasibətdən irəli gəlir, ənənəvi poetik fiqurları yeni çalarlarla səsləndirməkdən və beləliklə də sənətkarlıq cəsarətini təsdiq etmək niyyətindən doğur:

Səndən ayrı qaldığım illər…
Yox, yox, qəlbim daim səninlədir.
Külək ətrafı sərinlədir,
Sənsizlik ruhumu inlədir. («Ümid işığı»)

M.U.Şirvanlının yaradıcılığı onun dillə təcəssüm etdirilən mənəviyyatının və təfəkkürünün parlaq və obrazlı təzahürüdür. Şairin söz duyğusu, söz fəhmi dilin bütün laylarına nüfuz edə bilir. Bunu onun orijinal yaradıcılıq təcrübəsi açıq-aşkar təcəssüm etdirir. Odur ki, onun həqiqi sənət ölçülərinə cavab verən poetikasının özünəməxsus keyfiyyətlərindən danışarkən bədii dil sisteminin bütün detallarına istisnasız diqqət yetirməsi, onun hər bir ünsürünə ciddi əhəmiyyət verilməsi ilə şərtlənir.
M.U.Şirvanlının yaradıcılığında ifadə vasitələrinin hamısı sistem daxilindədir. Ona görə də şairin poetikası bu anlayışla bağlı olan bütün motivləri özündə ehtiva edir. Şeirlərində sözün poetik funksiyası onun digər vəzifələrindən təcrid olunmuş şəkildə götürülmür. Ondakı ifadə vasitələrinin biri digərini doğurur, biri digərinin yaranmasına zəmin hazırlayır.
Mətndə poetik tamlıq, ritmik ləngər, deyim ekspressiyası, avaz və vurğu fikri gərginliyin maqnit sahəsində bədii çəki, estetik enerji kəsb edir. Sözlə yeni məna imkanları potensial zirvə və dərinlik ehtiyatları üzə çıxır. Belə demək olar ki, M.U.Şirvanlının istifadə etdiyi sözlərin cismi, hərfi mənası lüğətlərdə, emosional və poetik-fəlsəfi dərinliyi bənzərsiz şairin mükəmməl mətnlərində yaşayır.

Məhərrəm Hüseynov,
filologiya üzrə elmlər doktoru, professor.
Pəri Paşayeva,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent.


Вернуться назад