Qarabağ tarixinin salnaməsi
11-06-2018, 13:45. Разместил: heqiqet (2016-cı il aprel şəhidlərinin müqəddəs ruhuna ithaf olunur)
Azərbaycanın cənub bölgəsinin dilbər guşələrindən biri olan Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açan Əsədulla Cəfərov bəşər tarixinin ən qədim və ilkin qatları olan, ibtidai icma cəmiyyətlərinin ilkin mərhələsi sayılan qədim daş dövrünün tədqiqatçılarından biridir. Alimin yurdumuzun cənub bölgəsi və Qarabağda apardığı uzunmüddətli tədqiqatlar bu gün hər bir azərbaycanlı üçün fəxredilən elmi nailiyyətlərdir. 2017-ci ilin yazında onun nəfis tərtibatda çap etdirdiyi “Qarabağın paleolit düşərgələri” adlı 368 səhifəlik əsəri Azərbaycan arxeologiya elmi üçün uğurlu bir nəticə hesab edilir. Əsədulla müəllim uzun illər idi ki, bu əsər üzərində yorulmadan çalışırdı və biz dəfələrlə onunla həmsöhbət olarkən bu əsərin elmi ictimaiyyətə təqdim olunmasını səbrsizliklə gözlədiyimizi bildirirdik. Tale elə gətirdi ki, 2016-cı ilin yazında torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən şiddətli “Aprel döyüşləri” başladı. Füzuli, Ağdam, Tərtər, Goranboy istiqamətində gedən döyüşlərdə Azərbaycanın igid oğlanları fədakarlıq və qəhrəmanlıq göstərdilər. Onların bu qəhrəmanlığı Azərbaycan tarixinin döyüş salnaməsinə qızıl hərflərlə yazılmış bir tarix oldu. Əsədulla müəllim məhz çap etdirdiyi bu əsəri “Aprel döyüşləri”ndə əsil şücaət göstərmiş şəhidlərimizin müqəddəs ruhuna ithaf etməsi elmi işin sanbalını qat-qat artırdı və şəhidlərimizin müqəddəs ruhuna bir hədiyyə oldu. Bu kitabda yazılanlar alimin mürəkkəbi ilə şəhidlərimizin qanı arasında bir vəhdət yaratmış və onların Uca Yaradan tərəfindən qiymətləndirilməsinə yol açmışdır. Sual oluna bilər - nə üçün Qarabağ? Nə üçün müqəddəs şəhidlərimiz? Nə üçün bu tarix? Cavabı sadədir - çünki ömrünün böyük bir hissəsini Qarabağın qədim dövr tarixinin araşdırılmasına həsr etmiş Ə.Cəfərov XX əsrin 70-80-ci illərində Şuşada, Fizulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında, Cəbrayılda, Zəngilanda, Naxçıvanda elmi tədqiqatlar aparmış, bu torpaqların çörəyini yeyib, suyunu içmiş və insanları ilə dost olmuşdur. Son illərdə mən Fizuli rayonunun işğal altından azad olunmuş hissəsinə tez-tez gedirəm. Tədqiqat apardığı torpaqlara bağlılığı əsl alim kimi mən Əsədulla muüəllimdə görürəm. İlk tapşırığı və xahişi bu olur ki, “...Fizulinin qədim diyarına, Quruçayın dərəsinə, Tuğ çökəkliyinə məndən mənəvi salam söylə! İnşallah torpaqlarımız düşmən işğalından tam azad olar və bu bölgədəki tədqiqatlarımızı davam etdirərik!...” Bu sözlərin hər bir sətirində dərin mənalar vardır. Axı o, bütün bu torpaqların hər qarışına bələddir, daşının, dağının, dərəsinin tarixini yaxşı bilir. Dünyanın ən nadir tapıntılarından biri olan və Cənubi Qafqazın incisi hesab edilən Azıx, Tağlar, Şuşa mağaralarında apardığı elmi tədqiqatlar onun paleolit elmi üçün əldə etdiyi nailiyyətlərin şah əsəridir. Ötən əsrin 70-80-ci illərində özünün elmi rəhbəri M.Hüseynovla yorulmadan çalışan Ə.Cəfərov qədim daş dövrü Qarabağının tarixinə işıq salacaq xeyli elmi və publisist əsərlər yazmışdır. “Qarabağın paleolit düşərgələri” adlı elmi əsərdə bütün bu tədqiqatlara aydınlıq gətirilmiş, elmi nəticələr təhlil olunmuş, erməni saxtakarlığı ifşa edilmiş və işğal altında olan abidələrimizin acı taleyi haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatları qeyd olunmuşdur.
Əsər giriş, 8 fəsil, 7 yarımfəsil, nəticə, rus və ingilis dillərində geniş xülasə və zəngin ədəbiyyat siyahısından ibarətdir.
Əsərin giriş hissəsində kitabın yazılma məqsədi, Qarabağ ərazisində aparılmış ilk arxeoloji qazıntılar və ən əsası dünya şöhrətli Azıx mağarasının kəşf edilməsindən bəhs edilir. Qeyd olunur ki, Azıx mağarasında aparılmış kompleks elmi tədqiqatlar zamanı düşərgənin VII-X təbəqələrindən tapılmış əmək alətləri dünyanın heç bir paleolit abidəsində qeydə alınmadığına görə düşərgənin aşağı təbəqələrindən tapılmış maddi mədəniyyət qalıqlarına Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir (Ə.Cəfərov. Gös.əsəri, s.4).
Ə.Cəfərov Qarabağ ərazisində tədqiq olunmuş ikinci ən böyük paleolit düşərgəsi olan Tağlar mağarasının tədqiqatçılarından biri olmuşdur. Alimin bu düşərgədə apardığı kompleks elmi araşdırmalar nəticəsində 8000-dən artıq daş məmulatı və 500 000-dən çox ovlanmış heyvan sümükləri tapılmışdır.
2001-ci ildə yaradılmış İNTAS-2000 adlı elmi proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan Ə.Cəfərov Azərbaycan, Qafqaz və Avropa ölkələri ərazilərində qeydə alınmış paleolit düşərgələrinin maddi mədəniyyət nümunələrinin tədqiqində səmərəli fəaliyyət göstərmişdir. Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq son 50 ildə Azərbaycan, Fransa, İtaliya, İspaniya, Gürcüstan və Qafqaz ərazilərində olan paleolit düşərgələrindən tapılmış arxeoloji, paleontoloji, paleoantropoloji materiallar elmin müasir nailiyyətləri əsasında tədqiq olunmuş, paleolit dövründə yaşamış ibtidai insanların hazırladıqları əmək alətlərinin texniki-tipoloji xüsusiyyətləri, düşərgələrin xarakteri, abidələrin stratiqrafiyaları tədqiq edilmiş və neandertal tipli insanların inkişaf edib homo-sapiens - yəni kamil insanlara çevrilməsinin elmi xüsusiyyətləri araşdırılmışdır (Gös.əsər, s.6). Ə.Cəfərov 2001 və 2003-cü illərdə professor Anri de Lümleyin dəvəti əsasında Fransanın Paris, Nis, Perpinyan, Kənson və Totavel şəhərlərində olan elmi laboratoriya və muzeylərində saxlanılan müxtəlif dövrlərə aid maddi mədəniyyət qalıqları ilə tanış olmuş, arxeoloji qazıntılarda iştirak etmiş və elmi tədqiqat işləri aparmışdır.
Əsərin I fəslində Azərbaycanın paleolit dövrünün öyrənilmə tarixindən bəhs olunur. Qeyd olunur ki, XX əsrin 50-ci illərindən başlanılan sistemli tədqiqatlar ardıcıl xarakter daşımış və 90-cı illərə qədər davam etdirilmişdir. II fəsildə daş dövründə Azərbaycanın təbii-coğrafi şəraitindən söhbət açılır. Ə.Cəfərov ibtidai icma quruluşu cəmiyyətlərinin yaşadığı dövrü, təbiəti pak, təmiz və şəffaf suya bənzətmiş və bu dövrü bəşər övladının bənzəri olmayan gözəlliklərdən faydalandığı zaman çarxı adlandırmışdır. Alim, qədim əcdadlarımızın həyat düşüncələrini, bu qədim dövrün tarixini vərəqləyərək suallar meydana gətirir və cavablarını da özünəməxsus şəkildə canlandırır. Əlbəttə o, doğru bir nəticəyə gəlmişdir ki, ulu sakinlərin çay daşlarından ilk əmək aləti hazırlaması və onların sonrakı inkişafı üçün milyon illər lazım olmuşdur. III fəsildə Qarabağın paleolit düşərgələrinin stratiqrafiyasından bəhs olunur. Azıx, Tağlar, Şuşa paleolit düşərgələrinin stratiqrafiyalarını mükəmməl ardıcıllıqla təhlil edən alim onların tədqiqinin Cənubi Qafqaz üçün mühüm əhəmiyyətə malik olduğunu göstərmişdir. IV fəsildə ovçuluq, yığıcılıq və heyvanat aləmi haqqında yazılmışdır. Azıx və Tağlar düşərgələrindən tapılmış zəngin flora və fauna qalıqlarının ətraflı təsnifatını verən müəllif uğurlu nəticələrə gəlmişdir. Azərbaycan, Qafqaz o cümlədən Yaxın Şərq ərazisində ən qədim arxeoloji mədəniyyət olan Quruçay mədəniyyəti zamanı da ibtidai insanların həyatında əsas yeri ovçuluq və yığıcılıq tutmuşdur. Ovçuluq qədim insanları nəinki yeməklə, eyni zamanda geyimlə təmin edərək ulu sakinlərə yaşayış yerləri tikililərini hazırlamağa da şərait yaratmışdır (Gös.əsər, s. 67).
Əsərin V fəslində Quruçay arxeoloji mədəniyyəti və onun texniki-tipoloji xüsusiyyətlərindən bəhs olunur. Burada Azıx paleolit düşərgəsinin ən qədim qatlarından tapılmış arxeoloji tapıntıların mühüm elmi əhəmiyyəti olduğu qeyd edilib. Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Quruçay vadisi ibtidai insanların məskunlaşmaları üçün zəruri olan bütün nemətlərə malik olmuşdur. Ona görə də ibtidai insanlar bu vadidə məskunlaşaraq çay daşlarından əmək alətləri hazırlamış, özlərinin iqtisadi tələbatlarını ödəmək üçün ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Azıx paleolit düşərgəsinin VII-X təbəqələrindən tapılmış zəngin daş məmulatının elmi tədqiqi ilə məşğul olmuş M.Hüseynov və Ə.Cəfərov apardıqları elmi araşdırmalar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi keçdiyini sübut etmişlər.
Ə.Cəfərov bu əsərində paleolit dövrünün ən qədim qatlarına aid olan Aşel mədəniyyəti dövrünün tarixini, maddi mədəniyyət qalıqlarını saxtalaşdırmağa cəhd edən bəzi üzdəniraq “müəlliflər”i sərt tənqid etmiş və onların “elmi araşdırmalar”ını öz tutarlı sübut faktları ilə darmadağın etmişdir. Alim, Azıx mağarasının ikinci ən böyük salonundakı nəhəng stalaqnat dirək qalıqlarının erməni “müəllifləri” tərəfindən saxtalaşdırılmasına tutarlı elmi əsaslarla cavab vermişdir. Ermənilər burada tarixi saxtakarlığa əl atmaqla guya həmin stalaqnat dirəyin erməni qadınının heykəli olması kimi uydurma fikirlər irəli sürmüşlər. Ə.Cəfərov bütün bu yanlış fikirlərə cavab vermişdir ki, belə dirəklərə Azıx düşərgəsinin ayrı-ayrı salonlarında çox rast gəlinir və bu dirəklər əhəngli suyun qarışığından təbii yolla təxminən 2-3 milyon il bundan əvvəl meydana gəlmiş stalaqnatlardır. Ə.Cəfərov Şaqen Mıkırtıçyanın bu əsassız fikirlərini heç bir elmi əsası olmayan cəfəngiyat olmaqla bərabər tarixin saxtalaşdırılmasına cəhd kimi qiymətləndirmişdir. Ə.Cəfərov elmi əsaslarla cavab vermişdir ki, Azıx qədim insan düşərgəsində qadına bənzər heykəl yoxdur və aşel dövründə heç bir yerdə müasir insanın əcdadı yaşamamışdır. Bu dövrdə ancaq pitikantrop, sinantrop tipli insanlar yaşamış, heç bir xalq və millət həmin dövrdə olmamışdır (Gös.əsəri, s.101).
Kitabın VI fəslində paleolit dövrü insanlarının mənəvi aləmindən bəhs olunur. Alim qeyd edir ki, hər bir yeni mərhələdə mənəvi aləmi zənginləşdirən qədim dünya sakinləri paleolit dövrü ərzində təbiəti öz məqsədlərinə xidmət etməyə vadar edir və tədricən təbiət üzərində hökmranlıq etməyi öyrənirdilər. Son 10 ildə Avropa alimləri ilə birlikdə Ə.Cəfərovun apardığı Beynəlxalq İNTAS-2000 proqramının elmi tədqiqi göstərmişdir ki, daş dövrü sakinlərinin mənəvi aləmində planetimizin ilk sakinlərinin oxşar xüsusiyyətləri çox olmuşdur. İlk insan yarandığı gündən yaşamaq üçün təbiətlə mübarizə aparmışdır. O, çay daşından əmək aləti hazırlamaqla gələcək həyat fəaliyyətinin uğurlarının təminatını yaratmışdır. Zaman-zaman ərzində həmin alət təkmilləşmiş və ulu sakinlərin həyatını, təsərrüfatını və mənəvi aləmini zənginləşdirmişdir (Gös.əsəri, s.140). VII fəsildə Azıx paleolit düşərgəsinin dünya arxeologiyasındakı və VIII fəsildə isə Qarabağın arxeoloji və tarixi mənbələrdəki yerindən söhbət açılır.
Kitabda ermənilərin Azıx mağarasında qanunsuz olaraq apardıqları qazıntılara cavab olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 29 sentyabr 2003-cü il tarixli Bəyanatı öz əksini tapmışdır. Tutarlı elmi dəlillərlə verilmiş Bəyanatda erməni saxtakarlığının iç üzü açılmış, sərt tənqid olunmuş və aparılan bu qanunsuz qazıntıların Beynəlxalq konvensiyalara zidd olduğu bildirilmişdir.
Ə.Q.Cəfərov “Qarabağın paleolit düşərgələri” adlı əsərində bölgənin tarixini arxeoloji və tarixi mənbələr əsasında tədqiq etmişdir. Ona görə də əsəri Qarabağ tarixinin salnaməsi adlandırmaq olar.
Ə.Cəfərov bu gün də Azərbaycan arxeologiya elminin ən qədim qatlarının araşdırılması ilə əzmlə çalışır. Onun nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqaz elminə verdiyi töhfələr əvəzedilməzdir. Alim, erməni yalanlarını ifşa etmək üçün yorulmadan tədqiqatlarını davam etdirir. O, qarşısına çıxan hər bir maneəni, ona atılan xəyanət daşlarını öz elmi, biliyi ilə dəf etməyə çalışır və ona bu gücü verən Uca Yaradandan daima qüvvət diləyir. Ə.Q.Cəfərovun keçdiyi mənalı yaradıcılıq yolu, həyatı, gənclərə təmənnasız kömək etməsi hamıya örnək olmalıdır.
Qələminiz iti, elminiz kamil, mükəmməl və canınız sağlam olsun Əsədulla müəllim! Müqəddəs Qarabağ torpaqlarının həm alimlərə, həm də igid vətənpərvər oğullara böyük ehtiyacı vardır. Ümid edirik ki, haqq-ədalət qalib gələcək və torpaqlarımız düşmən tapdağından azad olunacaq, üç rəngli, ay-ulduzlu bayrağımız Azıx mağarasında, Xankəndində, Şuşada dalğalanacaqdır. Bunun üçün hər birimiz Uca Allahdan qəhrəman igidlərimizə qüvvətli qol və əsil vətənpərvər alimlərimizə iti qələm, nurlu göz arzu edirik!
Anar Ağalarzadə
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
Вернуться назад